Dünya klassik musiqi irsi

 

   Böyük öndərin 90 illik yubileyi ilə əlaqədar layihənin ilk konserti

  

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında aparıcı musiqi kollektivlərinin və solistlərin iştirakı ilə “Dünya klassik musiqi irsi” adlı layihə başlanıb.

 

   Martın 4-də layihə çərçivəsində ilk konsert proqramı təqdim edildi. Proqramda Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi nömrələri yer almışdı. Konsertdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış etdilər.

   Musiqi gecəsi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlandı. Gecədə Soltan Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cüzeppe Verdi, Georg Hendel, Karl Orfun əsərləri ifa olundu.

   “Dünya klassik musiqi irsi” layihəsi iyun ayınadək davam edəcək.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2013.- 6 mart.- S. 4.