Birincilərin musiqi çələngi

 

   Martın 4-də R.Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Musiqi və İncəsənət Məktəbləri Direktorlar Şurasının təşkilatçılığı ilə “Böyük səhnəyə ilk addım” adlı konsert proqramı təşkil edildi. Gecədə paytaxtın musiqi və incəsənət məktəblərinin 1-ci sinif şagirdləri çıxış etdilər.

  

   Konsertin təşkilatçılarından olan G.Şaroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəbinin direktoru Yusif Vəliyev bildirdi ki, ənənəvi olaraq hər il Bakı şəhər musiqi məktəbləri şagirdlərinin konsert proqramı təşkil edilir: “Bu konserti 8 Mart bayramı ərəfəsində bütün xanımlara və şagirdlərin valideynlərinə həsr etmişik. Konsertin adından məlum olduğu kimi bu gün şagirdlərin səhnədə ilk çıxışları olacaq. Bu tədbiri keçirməkdə məqsədimiz odur ki, ölkəmizin yeni nəsil musiqiçilərində səhnə mədəniyyətini formalaşdıraq, uşaqların ifaçılıq sənəti pillələrində ilk addımlarına kömək olaq. Budəfəki konsert proqramına təkcə musiqi ifaçılığı ilə məşğul olan şagirdlərin deyil, incəsənətin digər növləri, məsələn, rəqslə məşğul olan şagirdlərin çıxışlarını da daxil etmişik. Bu uşaqlar cəmisi 6 aydır ki, musiqi aləmi ilə tanışdırlar. Buna baxmayaraq öz bacarıq və istedadlarını yetərincə nümayiş etdirə bilirlər. Sözsüz ki, bu işdə onların müəllimlərinin və valideynlərinin əməyi danılmazdır”.

   Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin direktoru Natiq Vəliyev ilk konsert münasibətilə bütün iştirakçıları təbrik etdi. O, Bakı Şəhər Musiqi Məktəbləri Direktorlar Şurasının gördüyü işlər haqqında qısa məlumat verdikdən sonra səhnə birincilərə verildi.

   Bir-birindən maraqlı nömrələrlə çıxış edən uşaqların sevinci və həyəcanı zalda əyləşən valideynlərlə yanaşı, müəllimlərinin çöhrəsində də hiss olunurdu. Həm dünya, həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa edən şagirdlər öz ürəklərinin hərarətini də bu ifalara qatıb xoş ovqat yarada bildilər.

   İlk olaraq səhnəyə çıxan G.Şaroyev adına 35 saylı musiqi məktəbinin “Şən uşaqlar” qrupu uşaqlardakı həyəcana şən rəqsləri ilə bir az su çiləmiş oldular. 3 saylı uşaq incəsənət məktəbinin şagirdi Xədicə Şərifovanın fleytada (T.Lak, “Tarantella”), Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbinin şagirdi Nihad Qədirlinin tarda (T.Quliyev, “Sevgi valsı”), 26 saylı musiqi məktəbinin şagirdi Sara Əlizadənin fortepianoda (Komarovski, “Ötüşdə”) ifaları alqışlarla qarşılandı. Konsert proqramında ümumilikdə 33 məktəbin birinciləri ifaçılıq bacarıqlarını nümayiş etdirdilər.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 6 mart.- S. 4.