Aşıq sənətinin ustad İslamı

 

   Martın 3-də Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, ustad aşıq İslam Yusifovun 120 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirildi.

  

   Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub açaraq 120 il bundan əvvəl Göyçə mahalının Nərimanlı kəndində dünyaya gələn, 1920-ci illərdə Göyçədən Gəncəyə köçən, 40 il ürəyinin başında saz gəzdirən, qədim Gəncədə gözəl aşıq mühiti yaradan İslam Yusifovun şəxsiyyətindən, zəngin yaradıcılığından söz açdı. Bildirdi ki, 1918-ci ildə xilaskar türk ordusunun komandanı Nuru Paşa Gəncəyə gələrkən ünlü aşıq onun məclisində iştirak etmiş, saz-söz sənətini ən yüksək səviyyədə təmsil etmişdir.

   Aşıq sənətində ilk dəfə aşıq xorunun yaradılması Aşıq İslamın bu sənətdə ən böyük xidmətlərindən biridir. Ustad aşığın sənətdəki novatorluğunu Üzeyir Hacıbəyli yüksək qiymətləndirmişdir. Zəlimxan Yaqub çıxışını bu sözlərə bitirdi: “Aşıq İslamın şəxsiyyəti, ruhu, böyüklüyü qarşısında, aşıq sənətində göstərdiyi xidmət qarşısında baş əyirəm!”

   Gecənin aparıcısı, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı çıxışında Aşıq İslamı mahir saz ifaçısı və yüksək musiqi duyumu olan sənətkar kimi dəyərləndirdi: “Onun daha böyük qüdrəti onda idi ki, Aşıq İslam təşkilatçı aşıq idi. O, aşıqları xor çevrəsində sistemli olaraq qruplaşdıra bilirdi. Aşıq xorunda sazla yanaşı, tütəkdən, qavaldan, nağaradan istifadə etməklə vahid harmoniya yaradırdı. Bunu ancaq Aşıq İslam kimi güclü musiqi duyumu olan sənətkar edə bilərdi. Üzeyir Hacıbəyli bunu yüksək qiymətləndirirdi və onun təşəbbüsü ilə ilk dəfə “Əməkdar incəsənət xadimi” adı məhz Aşıq İslama verilmişdir”.

   Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, şair Abbas Mazanov çıxış edərək görkəmli aşığın həyat və yaradıcılığından danışdılar, ustadla bağlı xatirələrini söylədilər, İslam Yusifovu dastançı aşıq kimi yüksək dəyərləndirdilər.

   Gecədə Prezident təqaüdçüsü, ustad sənətkar Mahmud Məmmədov, Fətulla Əliyev, Qələndər Zeynalov, Altay Məmmədov, Fəzail Miskinli, Əli Tapdıqoğlu, Bəhmən Göyçəli, Xanlar Xəlilov, Firudin İsgəndərov, Əşrəf Qəriboğlu, Qalib Babaxanovun ifasında saz havaları dinlənildi, Elnarə Abdullayeva, “Buta” sazçı qızlar qrupu və “Misri” aşıqlar ansamblının ifasında aşığın sözlərinə yazılmış mahnılar səsləndirildi.

   Tədbirdə görkəmli sənətkarın videoyazıları nümayiş olundu. Sonda aşığın nəvələri Arzu Həsənov və Natiq Yusifov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.

 

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 6 mart.- S. 4.