Milli İncəsənət Muzeyinin
Danimarka muzeyləri ilə əməkdaşlığı
Azərbaycan Milli
İncəsənət Muzeyinin İnnovasiya və xarici əlaqələr
şöbəsinin müdiri Əminə
Məlikova martın 1-dən 4-dək Danimarka
paytaxtı Kopenhagendə səfərdə olub.
“MAERSK” şirkətinin dəstəyi ilə gerçəkləşən səfər zamanı şöbə müdiri Danimarka Milli Muzeyinin baş direktoru Per Kristian Metsen və “Luiziana” muzeyinin nümayəndəsi Anders Kouldla görüşüb.
Danimarka Milli Muzeyi ölkənin ən böyük tarixi-mədəni sərvətidir. Onun tərkibində bir neçə muzey, o cümlədən açıq səma altında muzey fəaliyyət göstərir. Burada turistlər vikinqlərin gəmisində orta əsr qəsrinə səyahət edə bilərlər.
Baş direktor P.K.Metsen Azərbaycan Milli İncəsənət Muzeyi və ölkəmizin mədəni irsi ilə tanışlıq məqsədilə Bakıya dəvət olunub. Görüş zamanı təcrübə mübadiləsi və Bakıda vikinq incəsənəti sərgisinin təşkili təklif olunub.
Kopenhagen
yaxınlığındakı Humleben
şəhərində qeyri-adi “Luiziana” muzeyi yerləşir.
Təbiətlə həmahəng dəniz
görünüşünə malik muzey nadir heykəllərlə
əhatə olunub. Burada
3000-dən artıq müasir incəsənət
nümunəsi olan ən böyük
kolleksiya toplanıb. Azərbaycan tərəfinin
dəvəti ilə muzeyin nümayəndəsi
Anders Kould bu il 18 may
- Muzeylər Günü münasibətilə
Bakıya səfər edəcək. Səfər zamanı qonaq “Bugünkü muzeylər
müvəffəqiyyətin açarıdır” mövzusunda seminarın keçirilməsini
planlaşdırır. Seminar çərçivəsində
XXI əsrin muzey innovasiya
layihələrinin təqdimatı, diskussiya
və treninqlər təşkil olunacaq. Tədbirdə
hər iki ölkənin muzey
əməkdaşları iştirak edəcəklər.
Beləliklə, iki qədim mədəniyyətlərin
dialoqunda, o cümlədən
muzeylərin əməkdaşlığında yeni səhifə açılır.
Mədəniyyət.-
2013.- 6 mart.- S. 3.