Adın da Yaqut, səsin də...

 

Muğam və xalq mahnılarımızın məlahətli ifaçısı, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Yaqut Abdullayeva ilə tanışlığımızın, dostluğumuzun 40 ili tamamlanır. Bu illər ərzində dostluğun duz yükünü sulardan salamat keçirməyi bacaran Yaqut Abdullayeva dərdlərimin şərikinə, sevincimə fərəhlənən qəlb həmdəmimə çevrildi. Oğlumun toyunda onun ayaqyalın oynaması, necə ürəklə oxuması gözlərimdən çəkilmir. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə həmişə doğmalarımı - anamı, bacımı, rəfiqələrimi təbrik etməyi çox sevirəm. İndi anamın da, bacımın da can yanğısını öz üzərinə götürən sədaqətli dostuma bu əlamətdar gündə söz çələngi göndərmək istədim.

 

İlk dəfə səsinə vurulmuşdum. Onun ifasında eşitdiyim «Ay bülbüllər» xalq mahnısının yanıqlı avazı ruhumu dara çəkmişdi. İllər boyu bu mahnının ahəngində kədərimi, qəmimi axtarmışdım. Əlbəttə, Yaqut Abdullayeva hamı üçün oxuyur. Amma onun mahnıları ilə baş-başa qalanda elə sanıram ki, bu səs yalnız mənə ünvanlanıb. 40 il öncə eşitdiyim nəğməsinə bu gün başqa ovqatda qulaq kəsilirəm:

 

Oba keçdi oymaqdan, ay bülbüllər,

Su yorulmaz axmaqdan, ay bülbüllər,

Yar yardan necə doysun, ay bülbüllər,

Pəncərədən baxmaqdan, ay bülbüllər?!

 

Əslində bu, məhəbbət şərqisidir. Gəncliyimdə də onu bu mənasına görə sevmişdim. Amma indi Yaqutun səsi vətən bağından ayrı düşüb yad diyarda qızılgülün tikanlarında dəlmə-deşik olmuş bülbül harayıdır! Bu mahnını çoxu oxuyub. Bu qüdrət hər kəsin səsində yoxdur. Yalnız son vaxtlarda Bəyim xanım Vəliyevanın ifasında səslənən «Ay bülbüllər» mənə xoş gəldi.

Hər dəfə Yaqut xanıma qulaq asanda xiffətli duyğuların qanadları məni hara aparmır? Ana yurdu Cəbrayılın adi qara daşı üçün əsim-əsim əsən, göz yaşları leysana dönən Yaqut Abdullayevanın səsində adamın ruhuna bir od ələnir. Hər dəfə ona qulaq asanda Vətənlə görüşürəm. Anam yadıma düşür, uşaqlığımı xatırlayıram. Qəribə deyilmi? Yaqutun səsi səni ancaq paklığa aparır, mənəvi təmizliyə çağırır. Hərdən bu səsin içində əriyib buxarlanmaq, buludlara çəkilmək istəyirsən, yağış kimi sinəsi dağlanmış çölünə-çəməninə ələnəsən.

İnsanın kədərə, qəmə can atmasını mən ilk dəfə rəhmətlik Rübabə Muradovanın səsinin ahəngində, qüdrətində duymuşdum. Bu səsin mənə gətirdiyi tənhalıqda bir könül rahatlığı tapırdım. Rübabə Muradovadan sonra bu məftunluğumu, vurğunluğumu məhz Yaqut Abdullayevanın ifasında duydum. Hər ikisinin səsində qəribə oxşarlıq var, onlara qulaq asdıqca insan özünə qayıdır, hissinə, duyğusuna bələdçi tapır bu avazda. Araz çayı Rübabə xanımın da, Yaqut Abdullayevanın da göz yaşları deməkdir. Biri Təbrizin həsrətini çəkdi, ikincisi də Cəbrayılın adı gələndə titrəyərək ruhu bədəndə oynayır.

Yaqut Abdullayeva ilə necə tanış olduğum günü indi də xatırlayıram. Bu barədə bir neçə dəfə yazmışam, hətta onun barəsində kitab da qələmə almışam. Amma bir doyumsuzluq tapmışam. Yaxşı yadımdadır. Anası Bahar xala ilə ali məktəbə qəbul imtahanı verməyə gəlmişdi. Biz də - jurnalistika fakültəsinin tələbələri həmin il Bakıda qəzetdə təcrübə keçirdik. Yataqxanada bizimlə qalmalı oldu. Bir axşam Bahar xala mənə dedi: «Qızım, buralarda televizor olmaz? Yaqut oxuyacaq. Balamı ilk dəfədir ki, televizorda göstərəcəklər». Ananı yataqxananın «Qırmızı guşə»sinə apardım. Televiziyada Cəbrayıl rayon mədəniyyət evi özfəaliyyət dərnəyinin konserti verilirdi. Diktor elan etdi:

- Xalq mahnısı «Ay bülbüllər». Oxuyur Yaqut Abdullayeva.

Baxışlarım ekranda yox, ananın sifətində dolaşırdı. Allah, necə bəxtiyar görünürdü. Üz-gözündən süzülən fərəh hərdənbir dodağından qopan «can bala» sözlərinə qarışaraq mənə də sirayət edirdi. Açığı, mən də kövrəlmişdim. Hər gün gördüyüm, heç əhəmiyyət vermədiyim bu sadə qızın nə xoş nəfəsi, nə ruh oxşayan səsi varmış?! Oxuyub qurtarandan sonra özünəməxsus təmkinlə, utancaqlıqla başını aşağı saldı. Biz isə bir xeyli yerimizdə tərpənməz qaldıq. Səs bizi elə ovsunlamışdı ki, tərpənməyə ehtiyatlanırdıq. O səsin ovsunundan ayrılmaq istəmirdik.

İndi o günlərdən illər keçib. Yaqut Abdullayeva sənətdə özünü təsdiqləyən, sevilən, seçilən bir müğənni kimi minlərlə musiqisevərin qəlbində yurd salıb. Yaqut Abdullayeva 1978-ci ildən - Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil ocağının (indiki Mədəniyyət və İncəsənət Universitetinin) vokal kafedrasında çalışır. Tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Televiziyadakı ilk çıxışından sonra Opera və Balet Teatrı dəfələrlə onu bu ocağa dəvət edib. 1982-ci ildə Yaqut xanım Opera və Balet Teatrına gəlib.

«Oxuya bildiyim gündən arzum olan Leyli obrazını bir neçə dəfə səhnədə oynadım. Qəlbimin bütün fərağını arzuları, istəkləri külə dönmüş Leylinin qəminə qataraq muğamlarla əritdim. Nə göz yaşlarım sözə baxırdı, nə də səsim. İkisi də bir-birinə qarışaraq axırdı. Niyə o zaman nə mən, nə o səhnə od tutmadı, bilmirəm. Bu qədər alışasan, yanasan, yenə də salamat qalasan! Amma bircə onu hiss etdim ki, mən Leyli dərdinə çox dözə bilmirəm. Ölüb-dirilməyin bir həddi var. Ürək daş deyil ki?

Yaqut Abdullayeva Opera və Balet Teatrında uğurlu fəaliyyət göstərmişdir. Doğrudur, bu teatrda çalışması elə uzun çəkmədi. «Leyli və Məcnun»da Leyli obrazını yaratmış, «Şah İsmayıl»da Ərəbzənginin, «Gəlin qayası»nda Sənəmin partiyalarını böyük məharətlə ifa etmişdir. Televiziyamızın «Qızıl fondu»nda bir neçə solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq mahnısının, təsnif və muğamın lent yazıları var. O, pedaqoji fəaliyyətlə yanaşı, xalq mahnılarımızın da mahir təbliğatçısıdır. Vaxtilə Yaqut xanımın səsi bir sıra xarici ölkələrdə - Almaniyada, Polşada, Macarıstanda, Bolqarıstanda, Türkiyədə və s. dövlətlərdə eşidilib. İndi də gözümdən çəkilmir ki, Yaqut xanım televiziyanın bir sıra ədəbi verilişlərində milli libasda məclisin ruhuna uyğun mahnılar oxuyardı. İndi isə onu ayda-ildə bir dəfə teleekranda görə bilirik. Onun sinəsindən gələn adi səs deyil. Klassikadır, muğamlarımızın, xalq mahnılarımızın ləyaqətli sədasıdır. Bir var, hamı kimi oxuyasan, neçə səsin, nəfəsin xallarını yada salasan, bir də var ki, özün olasan, təkrarsız, əvəzsiz, bənzərsiz!

İstər şəxsiyyəti, sənəti, istərsə də səsinə görə Yaqut Abdullayeva xalqın ruhuna, qəlbinə çox yaxındır. Elə xalq mahnılarımız kimi millətin köksündən çıxan bir çırpıntıdır. Bu çırpıntının yaratdığı xoş duyğulardır ki, o oxuyanda həmişə xiffət keçiririk. Əlimiz-ünümüz yetməyən doğmalarımızı xatırlayırıq. Həmişə də ovqatımın pərişan çağında sığındığım onun səsi olur. Yaqut Abdullayevanın yanıqlı səsi dərdlərimə sığal çəkir. Yaqut xanımın Almas İldırımdan oxuduğu bir mahnısı var:

 

Toxunma, toxunma, dərdlidir başım,

Burax, öz dərdimə dərman edim mən.

Uzaqda qalıbdır torpağım, daşım,

Cənnət olsa bu dünyanı nedəm mən.

 

Mənim ümmanım bir, eşqim, özüm bir,

Bir çeşmədən axan közüm bir.

Türk oğlu türkəm mən, mərdəm, sözüm bir.

Yol ver, yol ver, öz yurduma gedəm mən.

 

Gözlərim önündə ana torpağın min bir mənzərəsi açılır. Yaqut oxuduqca uşaqlığıma qayıdıram, saçımda anamın əllərini, qulağımda nəfəsini hiss edirəm, laylasını duyuram.

Bir dəfə televiziyada Yaqut Abdullayevanın konsertinə baxırdım. «Şur» muğamını oxuyurdu. «Segah»a keçəndə elə bil məni odun içinə atdılar. Müğənninin yanıqlı ahəngində qovurulan sözlərim məni atəş kimi pörşələdi. Anamın xatirəsinə həsr etdiyim misralar Yaqutun qəlb evindən süzülərək aləmə yayılırdı:

 

Orda bir evimiz bizlərə həsrət,

Yurddan didərginik, qonağıq dedin.

Yönümüz dağlara, düzlərə həsrət,

Getməsək ölərik, qınağıq dedin...

 

Bir anda mənə elə gəldi ki, bu dərdli harayı çəkən Yaqutun simasında görünən anamın ruhudur. Gözlərimi yumdum, özümü səsin ixtiyarına verdim. Yaqut məni yandırırdı. Öz sözümlə yaxamdan tutub silkələyirdi: «Yollar açılsa bir ovuc torpaq gətir». Bu, nə ittiham idi, Allah! Başımı qollarıma söykəyib hönkürdüm. Yaqut oxuyurdu. Elə bil öz səsi ilə ötən günlərimin bəxtəvərliyini yada salmaq istəyirdi:

 

Sevgilim, seyrə çıxaq burda ilk baharın,

Dil açsın qəlbimizin ən şirin arzuları.

Anadır arzulara hər zaman Qarabağ,

Danışan dil, dodağım, tar, kaman Qarabağ,

Qarabağ, can Qarabağ, ana yurdum!

 

Yaqutu tanıyandan bilirdim ki, ən çox sevdiyi nəğmələrdən biri Şəhriyarın «Heydərbabaya salam» şeiridir. Muğam ustadı Rübabə Muradovanın şahanə ifasından sonra Yaqut Abdullayeva dərdindən öldüyü mahnıya yaxın gəlməyə çəkinirdi. Öz sözüdür: «Bu nəğməyə Rübabə xanım möhürünü vurub. Mən də çox sevirəm o ifanı. Ürəyimdən keçir ki, oxuyum, amma...» Görünür, elə nəğmələr var ki, sən həqiqətən onu möhtəşəm ifa etməkdən ötrü həmin mətnin ahəngindən gələn qəmin ağırlığında əzilməlisən. Həsrətdən özün üzülməlisən ki, çəkdiyin ahlar da, amanlar da təbii alınsın və ürəklərdə əks-səda tapsın. Yaqut Abdullayeva nə oxuyubsa, yaddaqalan və təsirli alınıb. Bir məsələ də maraqlıdır ki, insanlar yaşlaşdıqca illər səsə təsir edir. Bilmirəm, bu, taleyin yazısıdır, Allahın vergisidir, yoxsa Yaqut xanımın öz naxışıdır ki, onun səsi ildən-ilə gözəlləşir, təravətlənir, daha da məlahətli olur.

Yaqut sənətə gələndən özünəməxsus və fərqli tərzdə oxuyub. Səsinin qəribəliyi həmişə diqqət çəkib. Bununla bərabər, 20-30 il əvvəlki səslə indiki səs arasında çox fərq var. Bu, kiçik işartı ilə nəhəng bir tonqal arasındakı fərqlə müqayisəyə gələ bilər. Gənclik illərində ona qulaq asanda səsindəki lətafətə, oxumaq qabiliyyətinə, ifaçılıq məharətinə, səhnə mədəniyyətinə valeh olmuşdum. İndi isə... Vallah, Yaquta sakit ürəklə qulaq asmaq mümkün deyil. Səsi sənin bütün hiss-duyğularını əlindən alaraq Vətən adlı dərdin sacında qovurur. Belə xiffətli günlərin birində Yaqut Abdullayeva illər boyu yaxınlaşmağa çəkindiyi «Heydərbabaya salam»ı oxudu: «Bilməz idim döngələr var, dönüm var». Bu, nə haray idi, Allahım? Rübabə Muradovadan sonra inana bilməzdim ki, kimsə bu mahnını belə yana-yana, yandıra-yandıra oxuya bilər. Demək, bu nəfəsə çatmaq üçün təkcə insanlar arasındakı məhəbbət, ünsiyyət az imiş. Gərək səni təpədən-dırnağa alışdırıb-yandıran, hissində-duyğunda əbədilik ocaq çatan Vətən həsrəti ola! Yaqut yana-yana əriyirdi. Kim bilir, özünü Cəbrayılın hansı guşəsində hiss edirdi? Bəlkə də başını anası Baharın dizləri üstünə qoyaraq onun əllərinin sığalını istəyirdi? Yaqut sadəcə oxumurdu, özü boyda yurd ağısına dönmüşdü:

 

Heydərbaba, yolum səndən kəc oldu,

Ömrüm keçdi, gələmmədim, gec oldu.

Heç bilmədim gözəllərin nec oldu,

Bilməz idim, döngələr var, dönüm var,

İtkinlik var, ayrılıq var, ölüm var.

 

Xalq şairi Xəlil Rza Ulutürk Yaqut xanımın səsini çox sevərdi. 1981-ci ildə müğənniyə bağışladığı kitabında belə yazmışdı: «Gözəl müğənnimiz Yaqutun səsində, nəfəsində, zənguləsində Azərbaycan yanğıları alovlanır. Mən bu pak, ülvi, hər iki mənada ucaboy müğənni gözəlimizi dinləyəndə kövrəlirəm. Bəzən göz yaşımı güclə saxlayıram. Məncə, yalnız dərdli, qüdrətli sənətkar bu cür yanıqlı, bunca təsirli oxuya bilər».

Bakı Dövlət Universitetinin professoru Tofiq Hacıyev Yaqut Abdullayevanın sənəti ilə əlaqədar çox maraqlı fikir söyləyir: «Yaqut xanımın «Qaragilə»sini dinlədikcə mən bir tərəfdən Təbrizi, böyük Şəhriyarı xatırıma gətirirəm, Təbrizin dolanbac küçələrini yadıma salıram, bir tərəfdən də sovet dövründə Araz boyu uzanıb bizi cənubumuzdan ayıran tikanlı məftillər, bu gün cəhənnəm uçurumuna düşmüş Xudafərin yadıma düşür. Axı Cəbrayıldan Təbrizə gedən yol Xudafərindən, Diridağından, Aşıq Qurbaninin məzarına baxa-baxa keçir».

Yaqut Abdullayeva mənim üçün əlimyetməz, ünümçatmaz Vətənimdən bir nişanə deməkdir. Mən onun səsinin ahəngində də, dolu gözlərinin dərinliyində də həmişə itirilmiş yurd yerlərimizin əksini görürəm. Buna görə də sözü hansı tərəfdən çəkmək istəsəm də, özümü bu ovqatdan xilas edə bilmədim. Məni Vətən dərdi üstündə kökləndirən öz həsrətim olsa da, Yaqut xanımın mahnıları bütün varlığıma od salan, alovlandıran bir tonqaldır. Ən böyük arzularından biri qələbə xəbərinin müjdə kimi ellərimizə yayıldığı günü görməkdir. Deyir ki, onda mən nəinki Cəbrayılı, Qarabağın bütün kəndlərini ayaqyalın gəzərəm. Daşını, qayasını oxşayaraq «Heyratı» çəkərəm. Arazın sularında qoşa ovucla su götürüb üzümə çırparam. O yollara iz düşəcək, Yaqutun səsindəki qəm yükü çəkiləcək. Arzuladığı «Heyratı»nın sədaları Ağdamdan başlayaraq, Şuşadan keçərək Laçın qayalıqlarında, Cəbrayılın ormanlarında, Arazın sularında, Zəngəzurun dağlarında əks-səda verəcək! O tək balası Nəzrinin də tez-tez anasına təsəlli kimi söylədiyi «biz Cəbrayıla qayıdacağıq, ana» kəlmələri də gerçəkləşəcək!

Yaqutun səsi gəlirdi: «Vətən bağı al-əlvandı, yox içində Xarıbülbül!»

 

 

 Flora Xəlilzadə,

 Əməkdar jurnalist

 

Mədəniyyət.- 2013.- 8 mart.- S. 13.