Sənətdə
gözəllik axtaranlar
Xəbər verdiyimiz kimi, bu günlərdə Parisdə Azərbaycanın
ənənəvi və müasir incəsənət
sərgisi keçirilib. Fevralın 20-dən
martın 1-dək davam edən sərgidə
Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət
bölməsi də təmsil olunub.
Sərgidə xalçaçılıq, qurama, batika, taxta üzərində oyma, tikmə, zərgərlik və s. nümunələr, o cümlədən qadın sənətkarlarımızın - Mələkxanım Hacıyeva və Xalidə Nəsirovanın əl işləri nümayiş olunub. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində onlarla görüşdük.
Əməkdar mədəniyyət işçisi Mələkxanım Hacıyeva ixisasca kitabxanaçı-biblioqrafdır, Rəssamlar İttifaqının üzvüdür. 70-80-ci illərdən şəbəkəbəndlə məşğuldur, zərif milli tikmələri ilə dəfələrlə ölkə və beynəlxalq sərgilərin, festivalların iştirakçısı olub.
Özünün dediyinə görə sənətə marağı yaşadığı mühitlə əlaqəli olub: “İçərişəhərdəki məhəlləmizdə çoxlu sənətkarlar, rəssamlar, musiqiçilər yaşayırdılar. Ailəmizdə də hamı sənətlə məşğul idi. Nənəm toxuyurdu, bacım tikirdi, atam nəfəsli alətlərdə, qardaşım isə zərb alətlərində ifa edirdi. Belə bir mühitdə sənətlə məşğul olmamaq qeyri-mümkündür. İxtisasım mənim üçün birincidir, mən özümü həmişə kitabxanaçı kimi hiss edirəm. Amma boş vaxtlarımda şəbəkəbənd sənəti mənim ən yaxın həmsöhbətimdir”.
Müsahibim sənət nümunələrində milli ornamentlərə xüsusi önəm verdiyini deyir: “Xalçalarımızda əks olunan nəbati və həndəsi naxışları öz işimdə tətbiq etməyə üstünlük vermişəm. Bunların içərisində butanı ilk dəfə şəbəkəyə köçürdüm, deyilənə görə, pis də alınmayıb. Şəbəkəbənd üsulu ilə hazırladığım əl işlərini corab milləri üzərində ərsəyə gətirirəm. Bildiyimiz kimi, Azərbaycanda şəbəkələr əsasən milçələrlə toxunur. Millər və taxtalar üzərində də toxumaq mümkündür. Ruslar buna “krujeva” deyirlər. Sözsüz ki, milçə ilə toxunan şəbəkədən fərqli olaraq beş mil üzərində toxunan şəbəkə daha incə və zərif olur. Toxuduğum hər bir iş daxili aləmimin, hiss və duyğularımın təcəssümüdür. Elə əl işlərim var ki, onları dinlədiyim hansısa gözəl bir musiqinin təsirindən yaratmışam. Bunların içərisində bir şəbəkəbənd nümunəsi - süfrə var ki, hər dəfə ona baxanda Akif İslamzadənin “Bura vətəndir” mahnısı qulaqlarımda səslənir”.
Mələkxanım Hacıyeva söhbətimizin
sonunda 8 Mart Beynəlxalq
Qadınlar Günü münasibətilə
xanımlarımızı təbrik etməyi də unutmadı
və onlara firavan,
xoşbəxt həyat arzuladı.
* * *
Digər
müsahibim Xalidə Nəsirova isə kimya elmləri namizədidir.
Milli Elmlər Akademiyasının Radiasiya Problemləri
İnstitutunun əməkdaşıdır. Belə ciddi sahənin
mütəxəssisi olmasına baxmayaraq Rəssamlar İttifaqının
da üzvüdür. 23 ildir qurama sənəti ilə məşğuldur.
Onun sənətə başlamasının maraqlı
tarixçəsi var. Dediyinə görə, 1990-cı ilin 20
Yanvarından sonra birdən-birə qəlbindən qurama ilə
məşğul olmaq keçib, qeyri-iradi olaraq əlinə
parçaları alaraq qurama nümunələri yaratmağa
başlayıb: “Yaratdığım quramaların ətrafdakıların
xoşuna gəldiyini gördüm, fikirləşdim ki,
onları sənət nümunələri kimi təqdim edim.
Quramaların əsasını rəngarəng
parçaların birləşməsindən yaranan yastıq
nümunələri, örtüklər və s. təşkil
edir. Özümü tərifləmək olmasın, əl
işlərim başqalarından xüsusilə seçilir.
Çünki ən xırda parça hissəsini də
istifadə edə bilirəm. İşimin fərqli tərəflərindən
biri də budur ki, mən eskizsiz işləyirəm. Buta və
göz elementlərindən geniş istifadə edirəm”.
Xalidə
xanım qurama sənətinin özünəməxsus cəhətlərindən
də danışdı: “Maraqlı cəhətlərindən
biri işin tən ortadan başlamasıdır. Yəni
nümunənin mərkəzi nöqtəsindən ətraflara
doğru. Mən parçaların hissələrini
gördüyüm zaman artıq nə yaradacağım
gözlərim önündə canlanır. Hər bir kvadrat mənim
üçün bir simvol, bir elementdir. İstədiyimi
parçada görməsəm, işi başlaya bilmərəm.
Rəssamlığı oxumadığıma görə rənglərin
kompozisiyasından bir az xəbərsizəm. Rənglərin bəziləri
parlaq, bəziləri isə solğun olur. Onlar yanaşı təzad
yaradır. Mən bunları bilmədən, öz
zövqümə uyğun rənglərdən istifadə edirəm.
Çox vaxt rəssamlar mənə deyirlər ki, sən
qaydaları pozmağına baxmayaraq bu işin öhdəsindən
bacarıqla gəlirsən. Xalq rəssamımız Tahir Salahov
isə mənim əl işlərimlə bağlı fikirlərinin
birində söylədi ki, insanın qəlbindən keçəni,
ürəyindən gələni yaratması daha düzgün
yoldur. Hətta rənglər kompozisiyasını pozmuş olsa
belə. Onu da deyim ki, quramalarımda əlvan rənglərdən
istifadə etməyə daha çox üstünlük verirəm.
Bu da mənim əhval-ruhiyyəmin yaratdığım sənət
nümunələrində əksini tapmasıdır. Hansı
notlarla işə köklənirəmsə, o notları da
qurama nümunələrimdə əks etdirməyə
çalışıram. Sonda mən də bütün
xanımlarımızı bayram münasibətilə təbrik
edir, firavan həyat və əmin-amanlıq arzu edirəm”.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 8
mart.- S. 12.