Xalçaçılıqda həndəsi ornamentlər

 

Xalça sənətində simvolik işarələr dedikdə ilk növbədə həndəsi ornamentlər yada düşür. Çünki bu ornamentlər xalqın ideya və təsəvvürlərini özündə təcəssüm etdirən ən qədim naxışlardır. Türkdilli xalqların xalça sənəti bu baxımdan olduqca zəngindir.

 

Xalçaçı mütəxəssislər apardığı araşdırmalarda bu xalqların sənətkarlıq nümunələrində yaxınlıq, həndəsi ornamentlərin məzmun və bədii işləmə üslubunun yayılması ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Belə qənaətə gəlinib ki, ilk dövrlər magik, sonralar dekorativ əhəmiyyət kəsb edən üçbucaq, romb, xaç, dolanbac, səkkizbucaqlı kimi həndəsi naxışlar nəsildən-nəslə keçərək möhür kimi də yayılıb. Bu, indi də dünyanın ən qədim, çoxsaylı və geniş coğrafi ərazilərə yayılan türk xalqlarının əl sənətində müşahidə olunur.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova araşdırmalarında göstərir ki, Rusiyada yaşayan çuvaşlar, xakaslar, tatarlar, başqırdlar, bulqarlar, eləcə də Ukraynada karaimlər, Moldovada qaqauzlar, habelə qazax, qırğız, türkmən və s. eyni əfsanələri söyləyir, eyni inancları sirli naxışları ilə tikmə və xalçalarda yaşadırlar. Gül təsvirlərinin həndəsiləşdirilərək buynuzu xatırladan qarmaqvari xaçabənzər üslubda təsvirinə çuvaş, qaraqalpaq tikmələrində rast gəlindiyi kimi, qazax, qırğız xalılarında da təsadüf olunur.

Məlumdur ki, ornamentlərin təkmilləşməsi prosesi öyrənilərkən əsasən xalqların özünü ifadəsinə çevrilən xalı naxışlarına daha çox diqqət yönəldilir. Hər bir naxış tarixdir, hər bir motiv keçmişin şahididir. Məhz buna görə də ornamentlər tiplərə, kompozisiya quruluşlarında tutduqları yerə, bədii işləmə üslubuna görə bir neçə yerə bölünüb.

Bu gün, xüsusilə də Sibirdə yaşayan müxtəlif xalqların toxuculuq sənətində əsas aparıcı naxış həndəsi formalı ornamentlərdir. Tədqiqatçı E.R.Şneyder əsərlərində göstərir ki, əsas həndəsi motivlər Sibirdə yaşayan xalqların incəsənətinə “başqa köçəri xalqların mədəniyyət çərçivəsindən” daxil olub. Bununla da müəllif bu çevrə ifadəsi altında türkdilli xalqların yüksək həyat səviyyəsinin təsirini vurğulayır.

Onu da deyək ki, türkdilli xalqların sənətində bu gün də yaşayan ən qədim motivbərabər ölçülü çıxıntıları olan xaçdır. Yaratdıqları ilk xaç təsvirlərinin izlərini Sibirin cənubunda qoyan türklər bu ornamentin Avropaya ayaq açmasına da səbəb olublar. Bu gün mansi, çuvaş tikmələrində olduğu kimi, Azərbaycan xalçalarında da mürəkkəb quruluşlu xaç təsviri yaşamaqdadır. Bu təsvirlər Azərbaycan xalçalarının bəzəyinə çevrilən, hazırda Şirvan toxuculuq məktəbinə aid olan “Salyan”, Bakı toxuculuq məktəbinə aid “Fatmayi” xalçası və “Qobu” kilimlərini bəzəməkdədir. Svastika nişanı isə bu gün də öz bədii əhəmiyyətini qoruyub saxlayaraq Qarabağ toxuculuq məktəbinin “Malıbəyli” xalçasının mərkəz gölündə, “Sumax” və s. xalçalarında toxunulur.

Mənbələrdə göstərilir ki, insanlara həyat verən gümüş simvolu olan xaç bolluq rəmzi sayılan romblarla eyni mənşədən meydana gəlib. Romb Təbriz, Şirvan, Qarabağ toxuculuq məktəblərində əsas aparıcı element - “göl” şəklində təsvir edilir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova qeyd edir ki, türkmən xalçalarında “göl” mahiyyətcə tayfaların özünəməxsusluğunu əks etdirən damğalara çevrilib. Azərbaycan xalçalarında isə bu “göl”lər müxtəlif formalarda olur.

Qazax toxuculuq məktəbinə daxil olan “Qaçağan”, “Kəmərli”, Qarabağın “Muğan” xovlu və “Zili” xovsuz xalçalarında, Təbriz və Şirvanın “Gəzməli” adlı kilimlərində, Türkmənistanın “Sarı qulak” yomut çuvallarında ətrafı qarmaqlarla bəzədilən romb formalı “göl”lər oğuz tayfalarının totemi kimi təsnif edilib. Bu qarmaqlar xalq arasında - “dırnaq” adlanaraq ov quşlarının rəmzi obrazını xatırladır. Bu gün də Avropa və Orta Asiya xalqlarının ən çox sevilən motivləri ətrafları qarmaqlı romb, xaç, səkkizguşəli və s. naxışlardır.

Sənət nümunələrində istifadə edilən ornamentlər araşdırılıb təhlil edilərkən məlum olub ki, bu baxımdan Sibirdə yaşayan mansi və xanti xalqlarına ən yaxın türkdilli xalqlar çuvaş, başqırd və qırğızlardır. Haşiyə zolaqlarında istifadə edilən üçbucaqlar üzərində romb təsviri elementləri çuvaş, türkmən və qaraqalpaqlar arasında sıx yayılıb, eyni zamanda ukrayna, belarus tikmələrində də istifadə edildiyi müşahidə olunub. Bu təsvir Türkiyənin “Uşak” xovlu xalçalarında, Qaşqay “kilim”lərində, Bakının “Suraxanı”, Şirvanın ”Bico”, Qarabağın “Vərni” və “Talış”, Qazaxın “Qaraçöp” və s. xalçalarında da toxunur. Rast gəlinən bu haşiyə elementi işlənmə üslubu, semantikası və tipinə görə bütün türkdilli xalqların incəsənətində stilizə edilib. Müxtəlif variantlarda yayılıb və onlara qonşu olan xalqların əl sənətlərinə-əsasən tikmə və geyimlərinə təsir edib.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 8 mart.- S. 12.