“Mənim
tanıdığım Füzuli”
Tədqiqatçı-şair
Hacı Ələmdar Mahirin kitabları təqdim
olundu
Martın 6-da Azərbaycan
Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış tədqiqatçı,
şair Hacı Ələmdar Mahirin “Mənim tanıdığım Füzuli” və “Füzulinin
qəzəllərinin şərhi” adlı kitablarının “İmza günü” keçirildi.
AYB-nin tərcümə bölməsinin rəhbəri, “Ulduz” jurnalının şöbə müdiri İlqar Fəhmi tədbiri açaraq şairin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Hacı Ələmdar Mahir Bakının Nardaran kəndində dünyaya göz açıb, ağlı kəsəndən İslam dini ehkamlarını, klassik Şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləyib, hikmət incilərini yaddaşına həkk edib.
Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas Arif Əmrahoğlu şairin əsərlərinin bədii xüsusiyyətlərindən, müəllifin yaradıcılıq üslubundan söhbət açdı.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli çıxışında qeyd etdi ki, Hacı Ələmdar Mahir bu kitabları ərsəyə gətirməklə Füzuliyə illər boyu içində bəslədiyi məhəbbəti ifadə etmişdir. “Bu kitabları tədqiqat əsəri də saymaq olar, çünki burada dahi şairin yaradıcılığının poetik xüsusiyyətləri şərh olunur, onun şeirlərində istifadə etdiyi məcazlar sistemi nəzərdən keçirilir”. Füzuli haqqında çox yazılıb və yazılacaq da. Amma Füzulini dərk etmədən, onun poetik dünyasına bələd olmadan ciddi bir söz demək çox çətindir. Hacı Ələmdar Füzuli heyranı olmaqdan Füzulini dərk etməyə qədər böyük bir yol keçib.
Kitabın redaktoru Hacı Mustafa, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli, ədəbiyyatşünas alim Tərlan Quliyev, tarzən Zamiq Əliyev, şair Paşa Qəlbinur, etnoqraf Təvəkkül Səlimov və digərləri öz çıxışlarında qeyd etdilər ki, Ələmdar Mahirin öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi var ki, bu da onun iti hafizəyə, güclü yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, o, istər din və şəriət məsələlərində, istərsə də klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır. Onun "Mənim tanıdığım Füzuli" kitabı həm də Füzuli sənətinə yaxşı bələd olan bir söz adamının orijinal düşüncələri kimi maraqlıdır. Hacı Ələmdar klassik şeir poetikasına yaxşı bələd olan az sayda tədqiqatçılarımızdandır.
Çıxış edənlər üç cilddə nəşr olunmuş “Füzuli qəzəllərinin şərhi” kitabını da yüksək qiymətləndirdilər.
Sonda Hacı Ələmdar Mahir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, kitablarını öz imzası ilə oxuculara təqdim etdi.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 8 mart.-
S. 10.