Paytaxtda yeni kitab layihəsi

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Hədəf Nəşrləri MMC” arasında bağlanmış müqaviləyə əsasən, paytaxt ərazisində yerləşən 40-dan çox mədəniyyət müəssisəsinin qarşısında səyyar kitab sərgiləri təşkil olunacaq.

 

İdarənin mətbuat xidmətinin rəhbəri Samid Rzayev bildirib ki, “Səyyar kitab” layihəsi çərçivəsində sərgilərin təşkilinə martın 10-da başlanılacaq: “Məqsədimiz Bakının müxtəlif kənd və qəsəbələrinin sakinlərini kitabçılıq sahəsində yeniliklər barədə məlumatlandırmaq və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir. Layihə hər həftəsonu bir mədəniyyət müəssisəsinin qarşısında keçiriləcək. Tələbatın yüksək olduğu yerlərdə sərginin müəyyən vaxtdan sonra təkrar keçirilməsi nəzərdə tutulub”.

Sərgilərdə Bakı sakinləri müxtəlif yerlixarici nəşriyyatların kitab məhsulları ilə tanış olmaq, onları ucuz qiymətə əldə etmək imkanı qazanacaqlar. Hər həftəsonu keçiriləcək sərgilər şəhərin 40-dan çox yaşayış məntəqəsini əhatə edəcək.

Mindən çox adda müxtəlif nəşrin yer alacağı sərgidə öz məhsulları ilə iştirak etmək istəyən şəxslər və ya təşkilatlar “kitabevim.az” saytı ilə əlaqə saxlaya bilərlər.

 

 

Ceyhun

 

Mədəniyyət.- 2013.- 8 mart.- S. 10.