Azərbaycan Berlin sərgisinin tərəfdaşıdır
Mədəniyyət
və turizm naziri Almaniya paytaxtında bir
sıra görüşlər keçirib
Martın 6-da Almaniya paytaxtında «İTB Berlin
- 2013» Beynəlxalq turizm sərgisi
açılıb. Azərbaycan builki Berlin sərgisinin «Mədəniyyət və konqres» tərəfdaşıdır. Tədbirdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin
rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Sərgidə iştirak edən nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədovdan aldığımız məlumata görə, açılışdan sonra Türkiyə baş nazirinin müavini Bülənd Arınc Azərbaycanın stendini ziyarət edib, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Həmin gün Əbülfəs Qarayevin Azərbaycan pavilyonunda Almaniyanın federal iqtisadiyyat və texnologiyalar nazirinin müavini, federal hökumətin turizm məsələləri üzrə komissarı Ernst Burqbaxerlə də görüşü olub. Söhbət zamanı iki ölkə arasında turizm əməkdaşlığı müzakirə olunub.
Martın 7-də «İTB Berlin - 2013» sərgisi çərçivəsində Azərbaycan Turizm Forumu keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri ilə bərabər, futbol üzrə milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts da tədbir iştirakçıları ilə ölkəmiz haqqında təəssüratlarını bölüşüb.
Azərbaycanın mədəniyyət və turizm nazirinin görüşləri martın 7-də də davam edib. Əbülfəs Qarayev Almaniyanın xarici işlər nazirinin mədəniyyət məsələləri üzrə müavini xanım Kornelia Pieper, «İTB Berlin» sərgisinin direktoru Devit Ruetlə görüşüb.
Həmin gün BMT-nin Dünya Turizm Təşkilatının “İpək Yolu” layihəsində təmsil olunan ölkələrin turizm nazirlərinin toplantısı keçirilib. İclası Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ölkəmizdə turizmin inkişafı, bu sahədə dövlət səviyyəsində həyata keçirilən layihələr, son illər əldə edilən nailiyyətlər, paytaxt Bakıda və regionlarda qurulan turizm infrastrukturu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
«İTB Berlin - 2013» sərgisi martın 10-dək davam edəcək. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə
nazirliyin Turizm şöbəsinin əməkdaşları,
Bakı və Şəki turizm informasiya mərkəzlərinin
direktorları, “Şahdağ”
Qış-Yay Turizm Kompleksi, “Ekostil - Azərbaycan” Təbiəti
Mühafizə İctimai
Birliyi, “Azerbaijan review” jurnalının
təmsilçiləri, muğam
ifaçıları, Dövlət
Rəqs Ansamblının
üzvləri, KİV mənsubları
daxildir.
Həmçinin sərgidə “SW travel”, “Millennium
Tourism and Congress”, “The tour”, “İmprotex
travel”, “Gilan tourism”, “ENC Tours”, “AL travel”,
“Geo travel”, “Regea travel”, “Victory tour”,
“Volcano travel”, “Xəzər travel”, “Pasha
travel” turizm şirkətlərinin
və “Divan Express hotel”, “Kempinski
hotel Badamdar”, “Four Seasons hotel Baku”, “Atlant”, “Jumeirah Bilgah Beach hotel”, “Fairmont Baku” mehmanxanaları
təmsil olunur.
Sərgidə respublikamızın turizm
imkanları 104 kvadratmetr
sahədə qurulan əsas stenddə nümayiş olunur. Burada “Azərbaycan Hava Yolları” şirkəti üçün
xüsusi yer ayrılıb. Bundan əlavə, sərgidə
ölkəmizin «Ekologiya»
(30 kv m) və «Mədəniyyət» (21 kv
m) stendləri təşkil
olunub. Stendlərimizdə
əl sənətkarlığı
nümunələri, mis
qablar, musiqi alətləri, ingilis və alman dillərində
müxtəlif növ
reklam-çap məhsulları
yer alıb. Qeyd edək ki, Azərbaycan artıq onuncu dəfədir ki, «İTB
Berlin» beynəlxalq turizm
sərgisində təmsil
olunur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 8 mart.-
S. 9.