İstanbulda Universitetlər Forumu
Tədbirdə
ölkəmiz də təmsil olunub
Fevralın 18-dən
21-dək İstanbulda Universitetlər Forumu keçirilib. 16
ölkədən 50-dən çox universitetin dekan, prorektor və rektorlarının iştirak etdiyi tədbirdə
Azərbaycan da nümayəndə heyəti
ilə təmsil olunub.
Forumda Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov, Bakı Dövlət Universitetinin xarici əlaqələr üzrə prorektoru, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, ingilis dili kafedrasının dekanı, Xəzər Universitetinin inkişaf departamentinin rəhbəri, Slavyan Universitetinin xarici tələbələr üzrə dekanı iştirak edib.
Eldar Aslanov bildirdi ki, Britaniya Şurası (British Couincl) tərəfindən təşkil edilən forum XXI əsrdə universitetlərin rəqabətə davamlılığı, ali məktəblərdə ingilis dilinin tədrisi məsələlərinə həsr olunmuşdu: «Çox maraqlı müzakirələr oldu. İlk növbədə ali məktəblərdə akademik ingiliscənin inkişaf etdirilməsi, bütün postsovet ölkələrində ingilisdilli, beynəlxalq nüfuza malik olan akademik jurnallarda çap olunma problemi araşdırıldı. Bu məsələ bizi də çox narahat edir. Azərbaycanlı elm adamlarının əsərlərinin beynəlxalq reytinqli akademik jurnallarda çap səviyyəsi çox aşağıdır. İngilis dilində məqalə yazan əməkdaşların sayı azdır. Bəs necə edək ki, bunu inkişaf etdirək? Tədbirdə postsovet ölkələri, Şərqi Avropa universitetləri, Türkiyənin bir neçə universitetinin təmsilçiləri vardı. Gəlinən qənaət o oldu ki, bu bütün ölkələrdə ümumi problemdir. Təklif olundu ki, ingilisdilli elmi əsərlər yazan müəllimlərin az olduğu ali məktəblərdə akademik ingilis dili mərkəzləri yaradılsın və ali məktəblər öz müəllimlərinə yazdıqları məqalələri ingilis dilinə çevirib müvafiq elmi mənbələrə göndərməsinə kömək etsin».
Forum zamanı ali məktəblərdə ingilis
dilinin tədrisi ilə bağlı
müzakirələrdə azərbaycanlı
iştirakçılar da öz
problemlərini qeyd ediblər: «Bildirdik ki, məsələn,
bizim institutda 1100 tələbəyə
ingilis dilində dərs verilir.
Amma tələbələrin hamısı
bu fəndən uğur
əldə edə bilmir. Ən
yaxşı halda 50-60 faiz
tələbə ingiliscəni yaxşı mənimsəyir, bu dildən sərbəst istifadə edir və buna görə
də məzun olduqdan sonra
özünə uyğun iş
tapır. Bütün postsovet
ölkələrində analoji problem var. Tələbələrin
əksəriyyəti qrammatikanı bilir, amma danışığa gələndə zəiflik
var. Türkiyə, Almaniya,
Macarıstan, Rumıniya, Bolqarıstan nümayəndələrinin
dediyinə görə isə, onlarda tələbələrin
danışığı, kommunikasiyası
yaxşıdır, amma qrammatikaları zəifdir.
Bu məsələnin müzakirəsində
maraqlı fikirlər səsləndi. Ali məktəblərin
hansı pedaqoji üsullarla
ingilis dilini tədris
etməsi açıqlandı. Biz sovet təcrübəsindən gəldiyimizə
görə daha çox
qrammatikaya üstünlük
veririk, nəinki tələbələrin dialoquna, mövzular ətrafında
diskussiyalar təşkil etməyə.
Yuxarıda adını çəkdiyim ölkələrdə
isə əksinədir. Tövsiyə olundu
ki, Britaniya
Şurası bu iki məqamda
balans saxlanmaqla tədris
planları hazırlamaqda ali məktəblərə
köməklik etsin. Ən vacibi, qərara gəlindi ki, bu tip konfranslar
davamlı olsun. Britaniya Şurasının
Bakı ofisinə də təklif etdik ki, gələcəkdə
konfransa Azərbaycan da ev sahibliyi
edə bilər».
Eldar Aslanov tədbirin faydasından danışaraq
qeyd etdi ki, müzakirə olunan məsələlər
ətrafında digər
ölkələrin təcrübəsi
ilə tanış olublar. Ayrı-ayrı ali məktəblərlə
əməkdaşlıq, müxtəlif
layihələrdə iştirakla
bağlı razılıq
əldə ediblər:
«Ukraynanın Kiyev Beynəlxalq Turizm Universitetinin prorektoru ilə turizm təhsili sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə
bağlı razılıq
əldə etdik. Onu yaxın günlərdə keçirəcəyimiz
beynəlxalq konfransa dəvət etdim».
Abdullayeva Fəxriyyə
Mədəniyyət.-
2013.- 8 mart.- S. 9.