İki
böyük Olum
Biri 1812, o biri
1873 tarixçələrində
Biri Şəkidə, o biri Bakıda.
Biri Adəmdən bəri növbəti canlı kimi, o biri - bəşəri
mədəniyyətdən üzübəri Azərbaycan hadisəsi
olaraq. Biri kasıb bir həyət komasında, o biri - o günədək
görünməmiş həyat məkanında - səhnədə.
Demək olmaz ki - əgər birinci Olum olmasaydı, ikinci
olmayacaqdı. Yox, - bir az geciksə də -
olacaqdı. Amma, ən azı, yadlardan olacaqdı...
Deməli,
Mirzə Fətəli Axundzadə və Azərbaycan Teatrı!
Hər il doğum gününü
qutlayıb, ölüm gününü andığımız
milli Müəllifimiz və hər il yaranış
gününü bayramlayıb, əbədiyaşarlığına
inandığımız milli Teatrımız...
Öncə,
qısaca da olsa, -
İkinci Olum haqda
Bu
günlər 140 yaşını qeyd etdiyimiz bu “uşaq”
(dünya teatr təşəkkülünə nisbətdə),
bu “qoca” (Yaxın Şərq teatrlarıyla müqayisədə)
1873-ə qədər də xalqımızın əsas
işləri, əməlləri daxilində fellənir, “qaravəlli”,
“kos-kosa”, “şəbih” və s. adlarla
böyür-başında fırlanırdı. Lakin bu xalq
artıq nəzəri cəhətdən (məlum 6 mükəmməl
komediya ilə səhnəyə çıxmağa hazır
olsa da), dünyanın siyasi rejissurası onu yalnız həyət-baca,
çöl-bayır səhnələrində “əməkçi
insan surəti” rolunda çıxış etməyə məhkum
etdiyindən, bir qurşaqlıq hündürlüyə - teatr
səhnəsinə qalxa bilmirdi. Bununla da, təklikdə -
“dörd divar” içərilərində böyük hikmət,
mədəniyyət fəlsəfələri, söz sənəti
yaradan bu millət kollegial-teatral akta gecikir, onunla vur-tut bir-iki
addımlıqda olub, dərd-sərini, hal-əhvalını
birbaşa üzünə söyləyəsi, beş
güldürüb-üç anladası, hərdənbir də
bir göz ağladası sənətkarlarla üzbəüz
ola bilmirdi.
Nəhayət,
birinci Olumun çox yazıb-pozmasından, milli-mədəni
inkişaf yolunda çox atəşlərə
yanıb-yaxılmasından sonra elə onun öz əsərilə
ikinci Olum da baş verdi. Birincini valideyn,
ikincini övlad hesab etsək, bu olumlar arasındakı 61 il uzun da görünür, qısa da.
“Valideyn”in hələ ilk gənclik illərindən
arzuladığı və bu arzunu həyata keçirməkçün
əməli işə qol qoyub gənclik
çağlarından yazmağa başladığı əsərlərdən
biri - “Lənkəran xanının vəziri” onun
qocalığı astanasında - 1873-cü il
martın 10-da səhnə kamına yetdi.
Həmin
gündən başlanan Səhnəmiz sonralar az
qala ildırım sürətli inkişaf yolu keçdi,
böyük kütlələrin, neçə-neçə nəsillərin
alqışlarına, heyrətlərinə səbəb oldu,
“partiya və hökumət” təltiflərilə qiymətləndirildi.
Günlər də gəldi ki, “futbol Şekspiri
üstələdi” (Ə.Kürçaylı), teleekranlar onu
kölgədə qoydu. Lakin teatr ana sənət,
canlı ünsiyyət məkan-məqamı olaraq qaldı və
qalacaq!..
Və bu əzəli-əbədi
sənətin ilk Azərbaycan Müəllifindən -
Birinci Olumdan...
Azərbaycan
dramaturgiyasının bu aldanmamış kəvakibi Kəmalüddövlə
yazdığı fəlsəfəsi ilə bizi “şanlı
məktub”lar primitivizmindən xilas etdi.
Altı böyük sənət pərdəsilə “Məşdibad-Sərvər”
dialoqluğumuz arasındakı put daş hasarları
götürdü. İmperiya hərbindəki
qılınc-qalxan, top-tüfəng fərasətimizə dəftər-qələm,
intellekt fəhmi də əlavə etdi.
Ölməz
əsərləri onun sənətkarlığı haqda necə
fikir və qənaətlər doğurursa, məktubları da
şəxsiyyəti - ali milliliyi, fədakar
ziyalılığı, iman və inam
sağlamlığı barədə eləcə rəy
yaradır. Nəzərə alaq ki, canlı nitq,
dil-ifadə hadisəsi kimi də çıxış edən
məktub - yazı-pozu nümunələri içərisində
real, bilavasitə ünsiyyətə, həyati-şühudi
söyləntiyə ən yaxınıdır.
İş (əslində, sovet “iş”i) elə gətirdi
ki, Mirzə Fətəli sadə xalqa uzun illər yalnız “Kəmalüddövlə
məktubları” ilə tanındı. Və “tərslikdən”
bu ədəbi-bədii sənət məktubu o qədər
qüdrətlidir ki, ümummilli Mirzəmizin digər sənəd-məktubları
uzun illər kölgədə qaldı. Böyük
filosof-ədib öz dövrünə qədərki aləmi
yetərincə bilənlərdəndi və əski Türk
düşüncəsindəki “Allah var, bəndə var -
araçı yox” inancından da xəbərdar idi.
Qeyri-müsəlman bir müdrikin “Əgər Allah olmasaydı
da, onu uydurmaq lazım idi” deyimindən də xəbərdar
olan filosof-ədib bunu da gözəl bilirdi ki, şagirdin
elm-bilik öyrənməsi, şəyirdin sənət-peşəyə
yiyələnməsi müəllimsiz, ustadsız mümkün
olmadığı kimi, kütlələrin də Tanrıya
tapınması araçısız - peyğəmbər və
imamlarsız hasilə gələn iş deyil. Bəs
nədən bu böyük biləndər dövri olaraq (hətta
ölümayağı vəsiyyətində belə)
“bütün dinləri puç və əfsanə hesab edirəm”
iddiasından əl götürmədi? Bəlkə
həm də onun bildiklərilə gördükləri
arasındakı yer-göy fərqlərə, o dünya-bu
dünya təfavütlərə görə? Bu qəribə
məntiqi hökmü onda bəzi müsəlman vaizlərinin
islam təbliğatındakı bəzi
moizələri - xüsusən də dünənə
bağlaşıb-ağlaşma, sabaha göz yumub uzaşma “fərman”ları
yaratmışdı. Məncə, bunların da məsələyə
az dəxli yox idi. Axı, o,
bütün Qafqazın ən əxlaqlı, səviyyəli,
milli məfkurəli şeyxləri, axundları, müftilərilə
çox aydın anlaşmada, yaxın ünsiyyətdə, mədəni-mənəvi
münasibətlərdə idi, aralarında tamamilə
qarşılıqlı hörmət-izzət vardı.
Ölümündən
az əvvəl, “Əkinçi” qəzetində
şiə təəssübkeşliyi və şəbihçiliyinin
qızğın müdafiəçisi kimi
çıxış edən bir kapitana yazdığı bir məktubda
Mirzə Fətəli İmam Hüseyndən ehtiramla söz
açır: “...Biz gərək öylə cavana afərin
oxuyaq və mərdanəliyindən fəxr edək!”
Hə, bu
sözlər dini (-teatral) “şəbihgərdənlik” mərasimlərində
zəncir vurub baş yarmaqlardan, “Necə qan ağlamasın
daş bu gün, kəsilib yetmiş iki baş bu gün!” - deyə qışqır-bağırmaqlardan
aşağı dərəcəli biətdirmi?
“Yad”lar
haqqında elə deyən bu bəşəri Mirzə həmin
məktubunda “dilkeş” doğmalarımızçün də
əməl fəlsəfəsi söyləyirdi: “Əgər
biz istəyirik ki, bir gunə əməllərlə İmam
Hüseyni özümüzdən razı və xoşnud edək
və öz iradətimizi ona nisbət sübuta yetirək, onda
gərək onun təziyədarlığından əl
çəkib, bu şəbihlərə sərf olunan pullar ilə
hər şəhərdə o həzrətin şiələrinin
övladlarına təlim-tərbiyə vermək
üçün məktəbxanalar açaq və hər məktəbxananın
qapısında yazıb yapışdıraq ki, İmam
Hüseyn Əleyhissəlamın eşqinə bu məktəbxana
bərpa olunubdur”.
Bu
cümlədəki “məktəbxanalar açaq” ifadələrini
“teatrlar açaq” kimi də almaq olmazmı?..
M.F.A. obrazını yaradan məktublardan
Bəhs açacağım məktubların,
toxunacağım məqamların, sətirlərin M.F.Axundzadənin
şəxsiyyət portretini mənəvi boyalar kimi
canlandıracağı gümanındayam. Doğrudur,
onun “Kəmalüddövlə məktubları”ndakı daha
çox rasional, bəzən irrasional fikirləri,
düşüncələri (“...əgər hər hansı
bir günaha görə insan o dünyada qıl körpüdən
keçirilib qır qazanına düşürülürsə,
Allah ən böyük despot deyilmi?!” kimi sual və
nidaları) ədəbiyyatşünas alimlərin,
publisistikanın əbədi tədqiqat mövzusu olaraq qalacaq.
Lakin onun digər məktubları qələmə
alındıqları gündən bütün gələcəklərədək
tam aydın və birmənalıdırlar.
Özü də bu məktubların çoxusu milli hədəfləri
axtarıb-arayan, ümumxalq işığını
yandırmağa çalışan əsərlər dəyərindədir. Böyük
islahatçı-ədib əlifba dəyişiminə dair
fikirlərini başqalarıyla bölüşmə cəhdlərilə
bağlı məktublarında da məqsəd-məramının
daha geniş arealda yayımı üçün ciddi və
orijinal metodlara səy edirdi. O, iranlı Mirzə Yusif xana
yazırdı: “Ruhulqüdsün əlifbanı dəyişdirməyin
lazım olmasına dair yazdığı
kitabçasını münasib gördüyünüz və
mümkün saydığınız hər kəsə verin,
oxusun. Kitabçanın məzmunu və əqidəsi
haqda oxucuların fikrini zəhmət çəkib bizim
üçün yazın ki, mənim və cənab
Şeyxülislamın arasında müzakirə vasitəsi
olsun”.
Elə həmin
il (1870) Mirzə Melkum xana yazdığı məktub,
müasir dövrümüzün elm-təhsil təsisatları
baxımından yanaşsaq, bəlkə də bir “akademiya
işi” müqabilindədir: “Cənab Şeyxülislamla birgə
xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni sait və
samit hərflərin şəkillərini - çap nüsxəsi
olarsa, çap olunmuş halda, olmazsa, qələmlə
yazılmış halda - çox zəhmətə səbəb
olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb
bizə göndərəsiniz ki, nəzərdən keçirə
bilək”.
Hələ
bu da var ki, Həsən bəy Zərdabi başda olmaqla,
bütün xalqımızın milli-mənəvi
övladı kimi doğulmaqda olan “Əkinçi”nin dünyaya gəlimində Şeyxülislam və
Müftinin dəstəyinə də Mirzə Fətəli nail
olmuşdu.
Elm-bilim
aləmindən başqa heç bir istinadgahı olmayan “hərbçi”-ədibin
öz oğlu Rəşidlə bağlı yazdığı
bir məktub isə həm də ünvanlandığı
şəxsin - İranın Parisdəki səfiri Mirzə Yusif
xan Müstəşarüddövlənin kimliyinə, onun
dostluq sədaqətinə, ədəb-irfan adamları
üçün bir məhrəmlik, ərk yeri olmasına dəlalət
edir. Məktubda öz doğma oğlunun belə dini
inancına müdaxilə etməyən bu atanı birmənalı
olaraq “puç və əfsanə” devizli müəllif, filosof,
ədib, ictimai xadim, qısası - dinsiz kimi qəbul etmək,
ən azı, Allahsızlıq olardı...
Uzun illər
Qafqaz canişinliyinin hərbi-inzibati aparatının əvəzsiz
tərcüməçilərindən olmuş, ərəb,
fars, türk, erməni dillərini mükəmməl bilən
Mirzə Mustafa rəhbərliyə ünvanladığı məlumatlardan
birində yazırdı: “Baş idarə dəftərxanasının
mərhum tərcüməçisi M.F.Axundov kiçik
yaşlarımdan etibarən Şərq dillərini öyrənməyimi
nəzarətdə saxlamış, türk, ərəb, tatar və
fars dillərinə mükəmməl yiyələnməyim
üçün bilikli və təcrübəli müəllimlər
tutmuşdu”.
Vəsiyyət-“məktub”...
Son
günlər... Ölüm yatağı...
Dini aləm...
Ətrafın bu “dinsiz”ə - bütün ömrü uzunu
milli olumlar saçmışın ölümünə, dəfn-kəfn
ritualına məlum münasibəti...
Və nəhayət,
başına yığılmış “böyük,
yaxın, uzaq əşxaslar”dan general Yadigarov: “- Mirzə, Siz nə
sayaq dəfn olunmaq istərdiniz?
-
Bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətlərindən dirilərin
nə cür, nə sayaq xilas olmalarının mənimçün
elə bir əhəmiyyəti yoxdur. İstədiyiniz
kimi dəfn edə bilərsiniz...”
...Və
vaxtilə universitet (ADU-BDU) auditoriyasında bir müəllimimizdən
eşitdiyim: «Həyatda elə qanunsuzluqlar, cinayətlər,
qüsurlar var ki, onların islahı, cəzalandırılması
üçün hüquq-mühafizə orqanlarına, məhkəməyə
müraciət etmək olmur. Məsələn, öz xəsisliyi
ilə arvad-uşağına, qohum-əqrəbasına
olmazın əziyyətlər verən Hacı Qaranı ancaq və
ancaq öz istedad və sənətkarlıq
«qılıncı» ilə Mirzə Fətəli Axundzadələr
islah edə bilər. Yusif Sərraca, Hacı Qaraya, Molla
İbrahim Xəlilə, Müsyö Jordana, Məstəli şaha,
Lənkəran xanının vəzirinə və başqa «bədii
insanlar»a əbədi ömür bəxş etmiş canlı
sənətkar heç vaxt ölməz...»
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 8 mart.-
S. 6.