Əlahəzrət teatr!

 

  Azərbaycan teatrı – 140

 

 Əsrlər bir-birini əvəzləyir, arzular, istəklər dəyişir, amma teatra olan sevgi sevgi olaraq qalır...

 

Zaman-zaman sənət adamları teatra olan sevgisini “Mədəniyyət” qəzeti ilə bölüşüb. Azərbaycan teatrının 140 illik yubileyi ərəfəsində o anları təkrar yaşamağa dəyər...

 

“Əgər sizlərdən biri aktyor olmaq istəyirsə, ilk növbədə, əsəblərinin gərginliyini yoxlasın. Görsün ki, yelçəkənlərə, kağız qırıntılarını yeməyə, nimdaş trikonu təzə kimi geyməyə, taxtabiti iyi verən lakı üzünə yaxmağa gücü çatırsa, onda gəlsin. Səhnə onu gözləyir”.

Çex dramaturqu Karel Çapek

 

 

Xalq artisti Səyavuş Aslan:

- Necə ki, məscidə səcdə etməyə gedərsən, teatr da elə bir yerdir. Orada başqalarının taleyini oynamaq, başqalarının taleyini yaratmaq əsl sənətkarlara nəsib olub. Mənim üçün səhnə həmişə ən əziz yer olub, olacaq da. Həmişə! Çünki mən bu sənətə uşaqlıqdan bağlı olmuşam, gənc vaxtımdan rəhmətlik Ağadadaş Qurbanovun - biz ona Mirzəqədeş deyərdik - tələbəsi olmuşam, ondan sənətin ilk sirlərini öyrənmişəm. Səhnə həmişə mənim üçün böyük məbədgah olub. Gərək səhnənin, sənətin dəlisi olasan. Mən bu sənəti sevib, vurğunu olub, gəlmişəm. Təkrar-təkrar neçə ömrüm olsaydı, yenə bu sənətə gələrdim.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov:

- Mən teatrı çox sevirəm. İlk dəfə teatra gedəndə səhnənin spesifik qoxusu ürəyimi fəth eləmişdi. İndiçox xoşlayıram, səhnədə, zalda heç kim olmasın, qaranlıqda oturub o qoxu ilə nəfəs alım. Burada rənglərin, parçaların, döşəmənin, divarların qoxusu elədir ki, onu heç yerdə hiss edə bilməzsən.

Eyni zamanda aktyor sənətini çox sevmişəm, indi də sevirəm. Hərçənd ki, aktyorlar deyirlər, biz rejissordan asılıyıq, mən hesab edirəm ki, aktyorluqdan azad sənət yoxdur. Çünki aktyor sonda səhnədə tamaşaçı ilə təkbətək qalır, tam azaddır. Tamaşaçını ardınca aparır. Rejissor zalda oturub baxır, heç nə edə bilmir. Tamaşa başlayanda sükan artıq aktyorun əlində olur. Hesab edirəm ki, yaxşı rejissor aktyorla işləməyi bacarmalıdır.

 

Xalq artisti Hacı İsmayılov:

- İlk dəfə pərdə açılanda səhnədən qəribə qoxu gəldi. Çox xoşagələn, heç bir ətirlə müqayisə olunmayan qoxu idi. Bu qoxu məni məftun elədi, sanki sehrli aləmə düşdüm. Elə o anda qərara gəldim ki, özümü teatra həsr eləyim. “Kino, yoxsa teatrseçimi qarşısında qalsaydım, sözsüz ki, teatrı seçərdim. Mən teatr aktyoru olmaq istəmişəm. Düzdür, tamaşaçı sevgisini mənə kino qazandırıb, amma teatrı çox sevirəm. Teatr tale sənətimdir.

 

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu:

- 1980-ci ildə Musiqili Komediya Teatrında Vaqif İbrahimoğlu ilə birlikdə Ruhəngiz Qasımovanın “Məzəli əhvalat” əsərini tamaşaya qoymuşuq. Üstündən 23 il keçəndən sonra Akademik Milli Dram Teatrında “Brüsseldən məktublar” əsərini tamaşaya qoydum. Çünki teatrda böyümüşəm, teatrı sevirəm. Şərait elə gətirib ki, uzun müddət televiziya üçün çalışmışam və çalışıram. Amma teatra məhəbbətim heç vaxt tükənməyib.

 

Xalq artisti, professor Ağakişi Kazımov:

- Teatr mənim ömrümdür, həyatımdır, əgər öləndə “həyatda bir az yaşamışam” deyərəmsə, o da teatra aiddir. Hər dəfə tamaşa hazır olub başlayanda çox narahat olmuşam ki, görəsən, necə qarşılanacaq, necə qəbul olunacaq. Amma tamaşanı təhvil verəndən sonra heç kim görməyib, mən evə ağlaya-ağlaya getmişəm. Hər tamaşadan sonra...

 

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov:

- “Teatr məbəddirfikri orda işləyən insanlara aid deyil. Tarixin səhifələrinə daha çox kilsə, məscid teatr tikən memarlar düşüblər. Teatr yeganə sənət növüdür ki, tamaşaçılar könüllü olaraq məscidə, kilsəyə, ibadətxanalara getdikləri kimi, evlərindən çıxıb bu sənətə tamaşa etməyə gəlirlər.

 

Opera Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev:

- Rejissorun mütləq dünyagörüşü, zövqü, elmi, savadı bundan da əvvəl fitri istedadı olmalıdır. Üstəlik, rejissor işləməli, tər tökməlidir. Çalışıram ki, işin öhdəsindən gəlim. Bu sənətdə müşahidə fantaziya da əsas şərtlərdəndir. Rejissor istəyir ki, fantaziyasını hər yerdə nümayiş etdirə bilsin. Amma opera teatrında belə bir spesifik xüsusiyyət var ki, fantaziyanı bəstəkarın yazdığı musiqi taktlarına sığışdırmağa məcbursan. İkinci çətinlik isə o taktların içində fantaziyanı göstərə bilmək bacarığıdır. Əsl sənət qarşısında isə tamaşaçılar mütləq heyrətlənir. Bu anları görmək, tamaşaçı alqışlarını eşitmək hər bir sənətkar üçün ən böyük xoşbəxtlikdir.

 

Yuğ teatrının aktyoru, Əməkdar artist Məmməd Səfa:

- Yuğ teatrı elə bir məkandır ki, o məkansız mən özümü heç cür təsəvvür edə bilmirəm. Hesab edirəm ki, bu teatr ömrümün bir hissəsidir. Mənə elə gəlir ki, Yuğ teatrı həm kinodur, iri plandır. Kinoda iri planda işləmək zərgər dəqiqliyi istəyir. Bu teatr da iri plandır. İri planda hara dönürsən dön, tamaşaçıdan qaçmaq mümkün deyil. Üz-üzə, göz-gözə tamaşaçı ilə işləmək həm çətindir, həm məsuliyyətlidir. Çünki teatr səni yalan danışmağa qoymur, imkan vermir ki, sən bir aktyor kimi özünü yalan üstündə formalaşdırasan, səndən həssaslıq istəyir, həqiqəti tələb edir. Bu mənim üçün çox qiymətlidir. Aktyorun inkişafında, özünü tapmasında, təsdiq etməsində, nələrisə əldə etməsində belə bir məkanın özü qiymətlidir.

 

Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev:

- Səhnə aynadır. Tamaşaçı orada özünü görməlidir. Tamaşaçı orada özünü görmürsə, deməli, sənin aynanda ləkə var, yaxşı təmizləməmisən. Bir çox zaman deyirlər, teatr əyləncədir, istirahət yeridir, əslində teatr insanların düşüncələrini formalaşdıran bir məkandır. Çox zaman insanlar cəmiyyətdə görüb deyə bilmədiklərini gəlib tamaşada aktyorun dilindən eşidəndə təskinlik tapır. Bu mənada teatr məktəbdir. Bütün sənət növləri özündə zamanın ruhunu daşıyır. Yaşadığımız zamanın ruhu da bugünkü sənət əsərlərimizə hopub. Özündə bugünkü zamanın yükünü daşıyır. Əgər bu gün tamaşaya qoyulan hər hansı bir sənət nümunəsi cəmiyyətin həyatındakı ziddiyyətləri, anlaşılmazlıqları, çatışmazlıqları özündə əks etdirə bilmirsə, heç olmasa onun çıxış yolunu göstərə bilmirsə, əslində o sənət, o sənət adamı heç kimə lazım deyil. Sənətin gücündən qorxanlar deyirlər, sənət əyləncədir. Sənət əyləncə deyil. Hər bir xalqı kənarda onun mədəniyyəti ilə tanıyırlar. Mədəniyyət böyük anlayışdır.

Dünyada peşələr çox olsa da, sənət azdır. Tarixdə isə milləti yaşadan peşə yox, sənətdir. Peşələr insanlara maddi sərvət, sənət insanlara mənəvi sərvət qazandırır. Bir sənətdə son nöqtə yoxdur, bu yol əbədidir...

 

Xalq artisti Rafiq Əzimov:

- 50 ildə saysız-hesabsız rollar oynamışam. Bunların içərisində baş rollar da olub, epizodik rollar da. Professor İlham Rəhimli bir yazısında mənizərgər aktyoradlandırıb, mənim yaradıcılığımı İsmayıl Osmanlının yaradıcılığına bənzədib. Bu mənim üçün çox böyük şərəfdir. Mənim üçün heç vaxt rolun böyüyü-kiçiyi olmayıb. Müxtəlif janrı əsərlərdə müxtəlif obrazları oynamışam. Bu illər ərzində sənətə olan sevgimizin qarşısını heç kəsə bilməyib. Ömrü boyu səhnəyə həyəcanla, əsə-əsə çıxmışam. O həyəcan haqqında sizə bir xatirə danışım. Mənim, toyumSəadət sarayı”nda olub. Xətrini çox istədiyim böyük sənətkarlardan da bir neçəsini dəvət etmişdim. Barat Şəkinskaya, Əliağa Ağayev, Lütfi Məmmədbəyov, bir tələbə yoldaşlarım. Toyda Əliağa Ağayev söz istədi. Dedi ki, Əzimov Rafiq səhnəyə çıxanda əsim-əsim əsir. Mən səhnəyə çıxanda əsim-əsim əsmişəm. O sənətkar ki, səhnəyə çıxanda əsim-əsim əsmir, ondan sənətkar olmaz. Arzu edirəm ki, Əzimov Rafiq ömrünün axırına qədər səhnəyə çıxanda əsim-əsim əssin.

O vaxtdan illər keçib, amma mən bu gün hər dəfə səhnəyə çıxanda bu hissi keçirirəm, elə bilirəm ki, ilk dəfədir, səhnəyə çıxıram. Çünki tamaşaçı gözü tərəzidir.

 

 

Təranə Vahid

 

Mədəniyyət.- 2013.- 8 mart.- S. 5.