“Nizaminin
aforizmləri” rumın dilində
Martın 6-da Azərbaycanın
Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə
Qurban Səidin “Əli və Nino” kitabının və “Nizaminin
aforizmləri” miniatür nəşrinin təqdimat mərasimi
keçirilib.
“Əli və Nino” romanı rumın dilinə Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor Antonneta Olteanu tərəfindən tərcümə edilib və “All” nəşriyyatında çapdan çıxıb. “Nizaminin aforizmləri” miniatür kitabı isə Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə Moldovanın tanınmış yazıçısı İon Xadırke tərəfindən tərcümə olunaraq “Prut” nəşriyyatında işıq üzü görüb.
Tədbiri Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov açaraq ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə sürətlə inkişaf etdiyini, ənənəvi dostluq və tərəfdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini bildirib. Səfir siyasi, iqtisadi, humanitar əlaqələrlə yanaşı, xalqlarımızın mədəni sahədə əməkdaşlığının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, rumın dilində çap olunan yeni nəşrlər Rumıniya ictimaiyyətinin Azərbaycan tarix və mədəniyyəti barədə dolğun informasiya almasına kömək edəcək.
Mərasim Azərbaycanın milli
mətbəxinin nümunələrindən təşkil edilmiş ziyafətlə başa
çatıb.
Mədəniyyət.- 2013.- 8 mart.-
S. 4.