“Gözəllik
sirləri”
Martın 7-də
Muzey Mərkəzində Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə 8
Mart - Beynəlxalq Qadınlar Gününə həsr
olunmuş “Gözəllik sirləri” adlı müasir incəsənət
sərgisi açıldı.
Açılışda nazirliyin İncəsənət şöbəsinin Dekorativ-tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov çıxış edərək qarşıdan gələn bayram münasibətilə xanımları təbrik etdi. Qeyd olundu ki, bu bayrama həsr olunan sərgi mütəmadi olaraq hər il nazirlik tərəfindən keçirilir. Sektor müdiri hər bir azərbaycanlı xanıma xoşbəxtlik arzuladı.
Xalq rəssamı Arif Hüseynov bildirdi ki, təsviri sənət hər zaman qadın gözəlliyini vəsf edir. Qadının vizual vəsfi uzun tarixi dövrlər keçməsinə baxmayaraq yenə də aktuallığını saxlayır. Qadın hər zaman seviləndir, ilham mənbəyidir.
Muzey Mərkəzinin direktoru Liana Vəzirova bildirdi ki, sərgidə qadınlarla bağlı maraqlı əsərlər nümayiş olunur: “Hər il olduğu kimi, bu il də çalışmışıq fərqli formalara müraciət edək ki, sərgi rəngarəngliyi ilə seçilsin”.
Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov da xanımları təbrik etdi. Onlara hər zaman gözəl qalmalarını, ətrafa gözəllik bəxş etmələrini arzuladı.
Sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada Arif Hüseynovun “Göyçək Fatma”, Cəmilə Mustafayevanın “Gözəllik ilahəsi”, “Sarı gəlin”, Sara Manafovanın “Qadın”, Zakir Əhmədin “Gimnast qız”, Sənan Səmədovun “Skripka ilə qız”, Samirə Cavadovanın “Qadın portreti” və s. maraqlı əsərlər yer alıb.
Sərgi martın 9-dək davam edəcək.
Reyhan
Mədəniyyət.- 2013.- 8 mart.-
S. 3.