“İnsan Vətənində böyükdür
ancaq!”
Şair sadəcə
təbiəti təsvir etmir, onun ecazkarlığını və müqəddəsliyini
göstərir, insanlara gerçəkliyə
inam hissi
aşılayır. Real gözəlliyi mənəvi
sərvət kimi vəsf edir.
Məhəbbəti, dostluğu, mehri və ülfəti müqəddəsləşdirir...
Cabir Novruzun coşqun, duyğulu və
narahat şeirlərində oxucu uşaqlığın, sevgi
və mehrin ilkin mənasına
qayıdır...
Cabir Mirzəbəy oğlu Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əvvəl M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumuna, 1952-ci ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək məqsədilə Moskvaya - Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir. 1957-ci ildə təhsilini başa vurub vətənə dönür. 1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi fəaliyyətə başlayır. 1967-1970-ci illərdə “Azərbaycan” jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışır. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olur...
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edib, oxucuların dərin məhəbbətini qazanıb.
İtiləyin sevgiləri, ilhamları,
Ey dünyanın adamları!
Tək yaşamaq istəmirəm özüm üçün,
Anam üçün, oğlum üçün, qızım üçün.
İstəmirəm, tək elimdə kömək olum,
İstəyirəm, milyonlara gərək olum,
Ölkələrə gərək olum!
Əsl vətəndaş olmaq, insan kimi yaşamaq-şairliyin əzəli və əbədi keyfiyyətidir. Elə buna görə də Cabir Novruz həmişə narahat görünüb. Ürəyindən “bütün sevgilərin meridianları” keçib, dünyəvilik qazanıb:
Dünyada nə olsa ürəyimdədir,
Bir insan sevinsə, bir gül açılsa.
Bir ömür məhv olsa, bir ev uçulsa,
Bir güllə atılsa
ürəyimdədir.
Cabir Novruzun ilk şeirlər
kitabı “Mənim muğamatım” adlanır.
Bu kitab Cabirin
sənət yolunda ilk
uğurlu addımı
olur. Balaca bir kitabda “Vətən”,
“Zamanın səsi”, “Anam Qızılgül”, “Gecə qatarlar keçər”, “Mənim muğamatım” kimi saf şeirlər - büllur çeşmələr
qaynayıb. Məhəmməd
Füzulinin yubiley günlərində maraqla
qarşılanan “Füzuli”
şeirində Cabir qətiyyətlə deyir:
Uçdu Kərbəlaya xəyal atımız,
Keçdi ocağımız, söndü odumuz.
Yanıb nalə çəkdi muğamatımız,
Tellərin sədası düşdü
hər yana:
Gətirin şairi Azərbaycana!
O, bir müddət sonra respublikanın mədəniyyət
və incəsənət
nümayəndələri ilə
bərabər Kərbəla
şəhərində olur.
Füzulinin hüzurunda baş
əyir, “Salam, Füzuli
babam!” - deyir.
Uzaq-uzaq ölkələrə
səfərlər, səyahətlər
Cabir Novruzu Vətənə daha möhkəm tellərlə
bağlayıb:
İnsan Vətənində böyükdür
ancaq!
Bu həm adi, həm də
ali həqiqətdir!
Müxtəlif
illərdə “İnsan
məhəbbəti”, “İllərin
ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat,
sən nə qəribəsən”, “Bir dünyam var”, “Nə qədər ki, sağam” kitabları çap olunub. Bu şeirlər,
poemalar onun yuxusuz gecələrinin, ağır zəhmətinin
şirin bəhrələri
olub. Doğrudan da, bu görkəmli şairin şeir və nəğmələrindən könüllərdə
yaxşılıq cücərib,
nəciblik boy atıb,
ucalıb. Bəşəri
ideyalar, qayğılar
özünə yer edib:
Tökün silahları yerə, ağalar,
Kəsin alovları, kəsin
odları.
Əzib tüfəngləri, pulemyotları,
Verin saman kimi yelə,
ağalar!
Oxucular, dinləyicilər qarşısında o, həmişə
gur səslə, inamla çıxış
edib. Ondan tez-tez “İnsan
məhəbbəti”, “Sağlığında
qiymət verin insanlara”, “Maralgöl sükutu” şeirlərini
oxumasını xahiş
ediblər. Doğrudan
da, “Sağlığında
qiymət verin insanlara” şeiri Cabir Novruzun humanist fikir və düşüncələri
baxımından çox
ibrətamizdir:
Bu sözlərim
düz olmasa töhmət edin,
Sizdən rica eyləyirəm milyon kərə:
Şairlərə
sağlığında hörmət
edin,
Sağlığında heykəl qoyun
ölməzlərə.
Onun poetik yolu “müqəddəs tufanlardan”
keçə-keçə, “misralardan qanad taxıb uçaraq” irəliləyib, təsdiq
və etiraf olunub. Məhz buna görə də Cabir Novruz
poeziyası doğmadır
və qəlbəyatımlıdır...
Onun sözlərinə bəstələnmiş
çoxsaylı mahnılar
musiqisevərlər tərəfindən
həmişə böyük
rəğbət və
sevinclə qarşılanıb.
Cabir Novruz yaradıcılığı
xalqa vətənpərvərlik
və mübarizlik ruhunun aşılanmasına
mühüm xidmətlər
göstərib. Poetik təfəkkürü
lirikasının tarixiliyini
qüvvətləndirib və
bu poeziyanı daha rəvan edib. Əsərləri dünyanın müxtəlif
xalqlarının dillərinə
tərcümə edilib.
Bədii tərcümələri
sayəsində isə
Azərbaycan oxucusu dünya poeziyasının
bir sıra qiymətli nümunələri
ilə tanış
olmaq imkanı qazanıb.
O həm də ictimai xadim kimi tanınıb.
Ölkəmizdə gedən ictimai-siyasi
proseslərin fəal iştirakçısı olub.
Xalqımızın həyatında baş
verən taleyüklü
hadisələrə düzgün
qiymət verilməsində
əsl vətəndaşlıq
mövqeyi nümayiş
etdirib. Məhz buna görə
də şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib,
Əməkdar incəsənət
xadimi, Xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.
1995-2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. Xalq şairi ömrünün
müdrik çağında,
2002-ci il dekabrın 12-də vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 13 mart.- S. 11.