Ölkəmiz turizm sahəsində daha beş pillə irəliləyib

 

   Aydın İsmiyev: “Bu sahədə imkanlarımız çox yüksəkdir”

  

   Azərbaycan turizm sahəsində nailiyyətlərə görə daha 5 pillə irəliləyib. Turizm üzrə Dünya İqtisadi Forumunun ötən ilin yekunlarına dair hesabatında göstərilir ki, ölkəmiz turizm və səyahətlər sahəsində rəqabət qabiliyyətlilik indeksinə görə 140 ölkə arasında 78-ci yeri tutur. 2011-ci ildə Azərbaycan reytinq pilləsində 83-cü yerdə idi.

  

   Turizm və səyahətlər üçün ən yaxşı imkanların olduğu ilk üç ölkə isə İsveçrə, Almaniya və Avstriyadır. Hesabat sənədinə əsasən, Azərbaycan turizm və səyahətlərin normativ-hüquqi bazasının təşkili göstəricilərinə görə 140 ölkə arasında 46-cı, biznes mühitiinfrastruktur sahəsində 87-ci, insan resursları, mədəniyyət və təbii resurslara görə 96-cı yerdədir.

   2012-ci ildə turizmin inkişafı ilə əlaqədar bir sıra islahatların aparılması, müvafiq dövlət proqramının icrası, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu sahənin inkişafına imkan yaradıb. Bu barədə isə Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı Milli Məclisə təqdim olunan hesabatında bildirilir. Sənəddə qeyd edilir ki, respublika üzrə mehmanxanamehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 506-ya çatıb. Göstərilən dövrdə ölkə üzrə ÜDM-də turizmin xüsusi çəkisi 2 dəfə artıb.

  

   Turizm sənayesi yeni mərhələdə

  

   Turizm iqtisadiyyatın ən vacib istiqamətindən biri kimi əhatə dairəsinə, maliyyə imkanlarına görə dünyanın bir çox ölkələrində aparıcı sənaye sahələri ilə rəqabətə girir. Bu sahənin inkişafı üçün ölkənin əlverişli təbii imkanları ilə yanaşı, ümumi iqtisadi göstəriciləri də mühüm şərtdir. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, iqtisadiyyatın digər sahələri ilə müqayisədə turizm sahəsində dünya bazarında rəqabət aparmaq üçün Azərbaycanın imkanları çox yüksəkdir: «Zəngin mədəniyyətimiz, çoxəsrlik tariximiz, təbii sərvətlərimiz, rəngarəng iqlimimiz bizə imkan verir ki, ölkəmizi yaxın zamanlarda dünyanın ən cazibədar turizm mərkəzlərindən birinə çevirək. Bunun üçün bir şansımız Azərbaycan dövlətinin bu sahəyə böyük diqqət ayırması, turizmi iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsidir. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir».

   Nazirlik rəsmisi bildirir ki, «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi ilə əlaqədar geniş tədbirlərin həyata keçirilməsi ölkəmizdə turizm sənayesinin yeni inkişaf mərhələsinə keçdiyini deməyə əsas verir.

  

   Şahdağturizm kompleksi inkişafın real göstəricisidir

  

   «Turizm xidmətlərinin müxtəlifliyinin formalaşdırılması da bizim üçün çox önəmlidir» - deyən A.İsmiyev qeyd etdi ki, artıq ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm mövsümü üçün lazımi infrastruktur formalaşdırılır: «Bu yaxınlarda Qusar rayonundaŞahdağQış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə infrastruktur obyektlərinin açılışı oldu. Bu kompleks 2015-ci ilədək tam həcmdə işə düşəcək, Azərbaycana gələn qonaqlar üçün çox cəlbedici bir istirahət məkanı olacaq. «Şahdağ» kompleksi Azərbaycanda ilk dağ-xizək turizm mərkəzidir. Kompleksin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Hazırda burada çalışacaq personalın hazırlanması ilə bağlı işlər davam edir. Bu məqsədlə təşkil edilmiş kurslara 160 yerli mütəxəssis cəlb olunub».

  

   Mehmanxana biznesində yeniliklər olacaq

  

   Şöbə müdirinin sözlərinə görə, 2013-cü ildə mehmanxana biznesində bir çox yeniliklər olacaq: «Hazırda respublikada 50-dək yeni mehmanxananın inşası davam edir. Son 2 ildə ölkəmizdə 5 beynəlxalq brendli beşulduzlu hotel istifadəyə verilib. Daha bir brend hotelin - «Fairmont Baku»nun açılışı bu ilin mayında nəzərdə tutulur. Ölkənin müxtəlif şəhərlərində, bütün turizm regionlarında xarici qonaqları qəbul edə bilən müasir mehmanxanalar var. Hazırda Bakıda 3-4 ulduz standartlarına cavab verən kiçik orta həcmli mehmanxanalar fəaliyyət göstərir, eləcə bu tipli hotellərin tikintisi davam etdirilir. Bu ildən başlayaraq, üçulduzlu hotellərin inşasına diqqət yetiriləcək. Çünki beş dörd ulduzlu hotellərin sayı kifayət qədərdir. Bundan sonra daha aşağı ulduz kateqoriyalı hotellərin inşasına başlanılacaq. Bundan başqa, bu ildən artıq beynəlxalq standartlara uyğunlaşmış Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş mehmanxanaların yeni ulduz alma qaydaları tətbiq olunacaq. Qaydalar kifayət qədər sərtləşib, bu da zamanın tələbidir. Çünki istəyirik ki, bizim mehmanxanalar turizm şirkətləri tərəfindən təqdim olunan xidmətlər dünya standartlarına uyğun olsun. Yeni mehmanxanaların ulduz kateqoriyalarının müəyyənləşdirilməsi bu qiymətlərin daha sivil şəkildə tənzimlənməsinə imkan verəcək. Bu istiqamətdə işlər aparılır. Mehmanxanaların sayının artması qiymətlərə müəyyən mənada təsir göstərir. Ötən iki il müddətində Azərbaycan mehmanxanalarında qiymətlər 15-20 faiz enib. Mədəniyyət Turizm Nazirliyi qanunvericiliyə uyğun olaraq, qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən işlər görür”.

   A.İsmiyev bildirdi ki, görülən işlərin nəticəsi olaraq, Azərbaycana gələn turistlərin sayı da getdikcə artır. Belə ki, ötən il ərzində ölkəmizə 2 milyon 484 min xarici ölkə vətəndaşı gəlib. Təxmini hesablamalara əsasən, bunun 2 milyonu turistdir.

 

 

    Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 13 mart.- S. 10.