Üç xalqın muğam
sənəti bir arada
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm
Nazirliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilatçılığı
ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq
Muğam Festivalı çərçivəsində konsertlər
davam edir.
Martın 11-də Beynəlxalq
Muğam Mərkəzində Çinin Sincan-Uyğur Muxtar
Rayonunun “Özhal mukamı” milli orkestrinin “Gözəl
qızlar” (“Beautiful girls”) və İraqın “İraqi maqam”
musiqi kollektivlərinin ifasında milli musiqilər, eləcə
də Azərbaycan xanəndələrinin “Ustaddan şagirdə”
muğam məclisi təqdim olundu.
Konsertdən əvvəl İraq və
Çindən gəlmiş qonaqlar öz təəssüratlarını
jurnalistlərlə bölüşdülər. “İraqi
maqam” qrupunun rəhbəri Hüseyn Əl-Ədhəmi ölkəmizin
artıq üçüncü dəfə ev sahibliyi etdiyi
festivalın muğam ifaçılarının, bu sənəti
tədqiq edənlərin bir araya gəlməsinə
böyük imkan yaratdığını bildirdi. Qonaq
Bakıya növbəti səfərindən məmnunluğunu
bildirdi: “Artıq üçüncü dəfədir, Azərbaycana
gəlirəm. Hər gəlişimdə paytaxtınızda
baş verən müsbət dəyişikliklər insanı
valeh edir”.
Çinin “Gözəl qızlar”
musiqi qrupunun üzvü Goharguli Vuşer isə Bakıya ilk dəfə
gəldiklərini dedi. Qeyd etdi ki, kollektiv ölkəmizdə
olacağımız beş gün ərzində silsilə
konsertlər verəcək.
Gecənin son musiqi nömrəsi isə
Xalq artisti Mələkxanım Əyyubova, xanəndələr
Aqil Məlikov, Kamilə Nəbiyeva, Arif Hüseynov,
Qızılgül Babayeva, Gülnar Qüdrətli, Məftun Səfərli,
Ağaniftulla Məmmədli, Mirpaşa Şükürov, Əli
Hacıyev, Günay İmamverdiyevanın ifasında 7 əsas
muğamımız əsasında hazırlanmış
kompozisiya oldu. Xanəndələri xalq artistləri Möhlət
Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança), Əməkdar
artist Nizami Abdullayev (balaban) və Ramin Abdullayev (nağara)
müşayiət edirdi.
Konsertdə hər üç xalqa
məxsus musiqi nömrələri böyük maraq və
alqışlarla qarşılandı.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 13 mart.- S. 3.