Yel çərşənbəsi “Yanar dağ”da qeyd edildi
Azərbaycan
xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin
qorunması və təbliğində Novruz bayramının
böyük əhəmiyyətini nəzərə alaraq,
artıq beşinci ildir ki, “Yanar dağ” Dövlət tarix-mədəniyyət
və təbiət qoruğunda təntənəli bayram şənlikləri
keçirilir.
Martın 12-də Yel çərşənbəsi
münasibətilə “Yanar dağ”da gerçəkləşən
“Yurduma bahar gəlir” adlı tədbir də rəngli
görüntülərlə yadda qaldı.
Xalq arasında bu çərşənbəyə
Yel çərşənbəsi, Yelli çərşənbə,
Küləkli çərşənbə, Hava çərşənbəsi,
Külək oyadan çərşənbə deyirlər. Yel
çərşənbəsi yelin təzəcə
çıxmış otları oyadaraq Novruzun gəlişi barədə
xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində
əsən soyuq və isti küləklər yazın gəlişindən
xəbər verir.
Tədbirdə aparıcılar tərəfindən
Novruz bayramı, çərşənbələrə aid
bayatılar, şeirlər səsləndi. Fikrət Əmirov
adına Dövlət Mahnı və Rəqs Ansamblının
ifasında “Cəngi” rəqsi ifa olundu. Səbuhi İbayev, Məmməd
Nəcəfov, Aytən Məhərrəmova və digərləri
maraqlı musiqi nömrələri ilə
çıxış etdilər.
Novruz personajları Kosa və
Keçəlin mərasimə gəlməsi isə bayram tədbirini
daha da rövnəqləndirdi. Onların ənənəvi
deyişməsini isə uşaqdan böyüyə hər kəs
əzbər bilir. Keçəl və Kosa
çıxışlarının sonunda Bahar
qızını mərasimə dəvət etdilər.
Allı-güllü Bahar qızı tədbirə yaz təravəti
gətirdi. Xonça, səməni, şəkərbura, paxlava
kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Mərasim
yumurta döyüşdürmə və digər maraqlı
oyunlarla yadda qaldı.
Reyhan
Mədəniyyət.-
2013.- 13 mart.- S. 2.