"Küləkli
boyaların çərşənbəsi"
Muzey Mərkəzində
bayram sərgisi
Dünən Novruz
bayramından öncə keçirilən dörd
çərşənbədən üçüncüsü
- Yel çərşənbəsi idi. Xalq inancına görə
bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə
gətirir, Novruzun müjdəsini verir.
Martın 12-də Muzey Mərkəzində açılan "Küləkli boyaların çərşənbəsi" adlı sərgi də Novruz bayramının bir müjdəçisidir. Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi sərgidə sənət adamları, rəssamlar, mədəniyyət işçiləri iştirak edirdilər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Novruzun dostluq, qardaşlıq, bərəkət bayramı olduğunu vurğuladı. Bildirdi ki, hər il mart ayında Bahar bayramı münasibətilə rəssamların sərgisinin təşkili ənənə halını alıb: “Novruz xalqımızın uzun illər boyu sevə-sevə qeyd etdiyi bayramlardan biridir. Hər il bayram ərəfəsində müxtəlif yaş qruplarında olan rəssamların yeni əsərlərindən ibarət bahar sərgiləri təşkil edirik. Əgər 15 il öncə biz sərgilərə Novruzla bağlı 10-12 rəssamın 20-25 əsərini çıxara bilirdiksə, bu sərgiyə təqdim olunan işlərin sayı 300-dən artıqdır. Onların 100-dən çoxu sərgidə nümayiş üçün seçilib. Novruz mövzusunda hər il yeni-yeni əsərlər yaranır. Budəfəki sərgidə nümayiş olunan əsərlər bir-birindən fərqliliyi, orijinallığı, üslub rəngarəngliyi ilə diqqət çəkir, eyni zamanda, Novruz adət-ənənələrinin, Novruz dəyərlərinin tərənnümü, milli əhval-ruhiyyəli sənət əsərlərinin təbliği kimi məsələlər üzərində düşünməyə imkan verir”.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən söz açdı. Qeyd olundu ki, Novruzla bağlı ənənəvi sərginin təşkilində əsas məqsəd rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərmək, Azərbaycan rəssamlarının yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini nümayiş etdirməkdir: “Siz burada Novruz bayramına həsr olunmuş yeni yaradılmış sənət incilərini görəcəksiniz. Bu bayram yaradıcı insanlar tərəfindən də çox sevilir. Təbiətin oyanışı, bayram mərasimləri Azərbaycan rəssamlarının bir çoxunun yaradıcılığında əksini tapıb. Belə tədbirlər rəssamların yaradıcılığının dəstəklənməsinə töhfədir”.
Sonra sərgiyə baxış keçirildi. 70-dən artıq rəssamın rəngkarlıq, batika, qrafika, heykəltəraşlıq janrlarında 120-dən çox əsərinin nümayiş olunduğu sərgi martın 16-dək davam edəcək.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 13 mart.- S. 2.