Paytaxtlardan paytaxtlara yollar görünür

 

   2013-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində nələr gözlənilir?

  

   Artıq dördüncü ildir uğurla icra olunan Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı regionların mədəni irsinin, zəngin el sənətkarlığı və incəsənətinin, turizm imkanlarının daha geniş təbliğinə xidmət edir. 2010-2014-cü illəri əhatə edən proqram çərçivəsində ölkənin folklor, sənətkarlıq, əfsanələr paytaxtları elan olunan bölgələrdə (2010-cu ildə Qazax, Şəki, Gəncə, 2011-ci il üzrə Lənkəran, İsmayıllı, Şabran, 2012-ci ildə Masallı, Quba, Gədəbəy) çoxsaylı tədbirlər, layihələr həyata keçirilib.

     

   2013-cü il üçün Xaçmaz şəhəri "Əfsanələr paytaxtı", Zaqatala "Folklor paytaxtı", Göygöl şəhəri isə "Sənətkarlıq paytaxtı" seçilib. Bu il “paytaxt” şəhərlərin mədəni həyatında hansı tədbirlərlə yadda qalacaq?

  

   Xaçmazda “Məhsul bayramı” ənənəsi bərpa olunacaq

  

   Xaçmaz bu ilin "Əfsanələr paytaxtı" seçilərkən bölgənin tarixi İpək Yolu üzərində yerləşməsi, geniş turizm potensialı, buradakı çoxsaylı abidələr və onlarla bağlı əfsanələr mühüm amillər kimi nəzərə alınıb. Rayonda mədəniyyət obyektlərinin geniş şəbəkəsi də fəaliyyət göstərir. 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və s. əhaliyə xidmət edir. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevin bildirdiyinə görə, bu il rayonda bir sıra layihələr icra olunacaq: “Xaçmazda “Məhsul bayramı” ənənəsini bərpa etmək istəyirik. Bilirsiniz ki, bölgələrdə alma, nars. bayramlar keçirilir. Xaçmaz rayonu meyvəçilik rayonu kimi tanınır. Bu tədbirləri keçirməklə mədəni mühitin daha da canlanmasına çalışacağıq”.

   Xaçmaz həmçinin müxtəlif xalqların nümayəndələrinin mehriban yaşadığı bölgədir. "Əfsanələr paytaxtı" ili ərzində “Dost xalqların folklor yaradıcılığı” mövzusunda ədəbi-bədii gecə, “Açıq muzeylər” gecəsi, “Mənim Xaçmazım” adlı rəsm sərgisi, gənc istedadların əl işlərindən ibarət sərgi, dekorativ-tətbiqi sənət festivalı, “Uşaqların sehrli aləmi” sərgisi və s. təşkil olunacaq. Bundan əlavə, bölgəyə gələn qonaqlarrayon ictimaiyyəti qarşısında Ahısxa türklərinin “Yeni həyat” rəqs qrupu, “Satira” gənclər teatrı, nağaraçılar və zurnaçılardan ibarət kollektivlər, pəhləvanlar, rəssamlar maraqlı proqram, sərgi və ədəbi-musiqili kompozisiyalarla çıxış edəcəklər. Habelə rayondaSağlam həyat keçirək” adlı mədəni aksiyanın, atçılıq yürüşününatüstü oyunların keçirilməsi, “Şəxsiyyətlər muzeyi”ndə kitab bayramının və bir sıra turizm tədbirlərinin təşkili nəzərdə tutulur.

  

   Göygöldə sənətkarlığın təşviqi diqqətdə saxlanılacaq

  

   "Sənətkarlıq paytaxtı" Göygöldə xalçaçılıq, çəllək düzəltmə, səbət toxuma, tikmə, dəmirçilik və digər sənətkarlıq növlərinin tarixi ənənəsi var. İl ərzində bölgədə sənətkarlığın inkişafına xüsusi diqqət yetiriləcək.

   Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova deyir ki, layihə çərçivəsində tədbirlər planı hazırlanıb: “May ayında rayon mədəniyyət evində dekorativ-tətbiqi sənət ustaları ilə görüş olacaq. Onları geniş ictimaiyyətə tanıdacağıq. Heydər Əliyev Mərkəzində “Göygöl rayonunda sənətkarlığın inkişafı” adlı dəyirmi masa keçiriləcək, bu sahədə mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə ediləcək. İyun-sentyabr aylarında isə sənətkarların əl işlərindən ibarət yarmarkaların keçirilməsini planlaşdırırıq. Ümumiyyətlə, il boyu dekorativ-tətbiqi sənət əsərləri sərgilərinin mütəmadi təşkili nəzərdə tutulur. Göygöl Tarix-Diyarşünaslıq Muzeyində, Mərkəzi Kitabxanada “Qədim el sənətkarları” adlı sərgilər açılacaq”.

   Şöbə müdiri onu da əlavə etdi ki, rayona gələn qonaqların Göygölün mədəni irsi ilə tanışlığına şərait yaradılacaq: “Rayon ərazisində olan tarix və mədəniyyət abidələrinə səyahət, çəllək və səbət düzəldənlərin emalatxanalarına ekskursiyaların təşkili planlaşdırılır. Paralel olaraq mədəniyyət evləri və klublarda təsviri sənət üzrə dərnəklərin yaradılmasını da düşünürük. Rayon ərazisində yaşayan və çalışan xalçaçılarla məktəblilərin görüşünün təşkili, şəhər stadionunda milli çövkən oyunları və digər tədbirlər il ərzində rayonun mədəni həyatının daha da canlanmasına səbəb olacaq”.

  

   Zaqatalada beynəlxalq folklor festivalı keçiriləcək

  

   Folklor paytaxtı” elan edilən Zaqatalada artıq təntənəli təqdimat mərasimi keçirilib. Mədəniyyət evinin foyesində folklor nümunələri və el sənətkarlarının əl işlərindən ibarət sərgi də təqdim olunub. Uşaq incəsənət məktəbinin və mədəniyyət müəssisələrinin folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

   Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva deyir ki, tədbirlərin il boyu mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur: Rayonda 28 mədəniyyət evi və 30 klub, 67 kitabxana, 2 muzeydaxil olmaqla, 240 mədəniyyət müəssisəsi fəaliyyət göstərir ki, onların hər birində müsabiqələrin, sərgilərin, milli musiqi alətlərindən ibarət konsertlərin keçirilməsi planlaşdırılır. Bu il mədəniyyət evlərindəki dərnəklərin sayı artırılacaq. Bilirsiniz ki, milli mətbəximiz çox zəngindir. Rayonumuz çoxçeşidli xəmir xörəkləri ilə seçilir, onların tanıtımı istiqamətində aparılacaq. Keçirəcəyimiz tədbirlərə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, rayon İcra Hakimiyyəti də dəstək göstərəcək”.

   İlin yadda qalacaq əsas tədbirlərindən biri avqust ayına planlaşdırılan beynəlxalq folklor festivalı olacaq. Bu tədbirə qədər zona üzrə folklor kollektivlərinin (Balakən, Qax, Şəki, Oğuz, Qəbələ) baxış-müsabiqəsinin təşkili və qaliblərin yekun konserti, Əliabad qəsəbəsində “Yurdun adət və ənənələri, milli mətbəxi və folklorumövzusunda tədbir, “Layla gecəsi”, Xalq teatrının ifasında azsaylı xalqların toy adət-ənənələrinin təşviqi məqsədilə layihələr, “Xalq sənəti, el təranələri”, “Ümumrespublika xalq yaradıcılığı bayramı”, “Şifahi xalq yaradıcılığı nümunələrinin ən gözəl ifaçıları” rayon baxış-müsabiqələrinin keçirilməsi nəzərdə tutulur.

   Zaqatala həm qədimiliyi, həm də müasirliyi ilə seçilən bölgədir. Tolerantlıq, mədəniyyətlərin qovuşması bu yerlərin özəlliyidir. “Folklor paytaxtı” ilində rayonun avar, saxur, ingiloylar yaşayan kəndlərində geniş tədbirlər nəzərdə tutulub. Bundan əlavə, Zaqatala alimlərinin və yazarlarının folklorşünaslığın təbliğində roluna həsr olunmuş elmi konfrans keçiriləcək.

   İl ərzində rayon Mədəniyyət evində qədim el havaları-xalq musiqisinin və rəqslərinin öyrədilməsi üçün dərnəklərin, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərginin təşkili, rayonun qocaman el sənətkarları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur: “Şifahi xalq yaradıcılığının, oyun və tamaşalarının qorunması məqsədilə mövcud nümunələri toplayıb disklər hazırlamağı planlaşdırırıq. “Bayatı gecələri” folklor axşamlarının təşkili, “Hudulki” və “Ceyranım” rəqs kollektivi, yeni yaradılmış folklor rəqs kollektivi, uşaq incəsənət məktəbində rəqs kollektivlərinin və el sənətkarlarının konsertləri, qədim musiqi alətləri sərgisi və s. tədbirlər rayonun mədəni həyatında uzun müddət yadda qalacaq”.

  

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2013.- 15 mart.- S. 12.