Hər zaman qonaq-qaralı

 

   Xalq Yaradıcılığı Paytaxtları - 2012

 

   Folklor paytaxtı” - Masallı

  

   Masallı əhalisinin sayına görə Azərbaycanın ən böyük rayonlarından biridir. Gözəl və səfalı təbiəti, mineral suları, zəngin mədəni irsi bölgənin geniş turizm imkanlarından xəbər verir. Mədəniyyət və Turizm NazirliyininXalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Masallının 2012-ci il üzrə ölkəmizin “Folklor paytaxtı” elan edilməsi bölgəmizin şöhrətinə yeni ilmələr qazandırdı.

  

   Folklor paytaxtı” dünyanın sənət adamlarını bir araya gətirdi

  

   Masallının 2012-ci ildə Azərbaycanın “Folklor paytaxtı” elan edilməsi ilə əlaqədar rayonda təşkilat komitəsi yaradıldı, illik tədbirlər planı tərtib edildi. Aprelin 14-də “Folklor paytaxtı”nın təntənəli açılışı oldu. İl ərzində «Xalq sənəti - el təranələri» xalq yaradıcılığı bayramı, «Azərbaycan folkloru mədəni sərvətimizdir» elmi-praktik konfrans, turizm sərgisi, Azərbaycanın folklorşünas alimləri və el sənətkarları ilə dəyirmi masa və s. tədbirlər rayonun folklor potensialını ölkə ictimaiyyətinə təqdim etdi.

   Mayın 1-dən 4-dək rayonumuzda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənc muğam ifaçılarının VI Respublika müsabiqəsinin yekun mərhələsi gerçəkləşdi. 1200-dən çox tamaşaçının izlədiyi müsabiqə “Folklor paytaxı”na əlamətdar sənət hədiyyəsi oldu.

   İl ərzində Masallıda keçirilən ən böyük tədbir isə, sözsüz ki, Mədəniyyət və Turizm Nazirliyirayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi Beynəlxalq Folklor Festivalı (7-10 sentyabr) oldu. Rayonumuzun ilk dəfə ev sahibliyi etdiyi festivala Türkiyə, İran, Latviya, Rusiya Federasiyasından Kabardin-Balkar və Dağıstan respublikalarının sənətçiləri, ölkəmizdən isə Naxçıvanın «Şərur» folklor kollektivi, rayonumuzun «Halay» mahnı və rəqs ansamblı, Şərəfə kənd mədəniyyət evinin «Həcər» folklor, rayon mədəniyyət evinin «Masallı», uşaq incəsənət məktəbinin «Sara» rəqs qrupları qatıldı.

   Heydər Əliyev parkında keçirilən açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin şöbə müdiri Fikrət Babayev, millət vəkilləri Elmira Axundova, Sabir Rüstəmxanlı, Nəriman Əliyev, Latviya və Qırğızıstanın ölkəmizdəki səfirləri, bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri, Azərbaycanın folklorşünas alimləri, ziyalılar iştirak edirdilər.

   Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun açılış nitqindən sonra iştirakçı ölkələrin folklor kollektivləri Nizami parkına doğru küçə və meydanlar boyunca hərəkət edərək milli mahnı və rəqs nümunələrini nümayiş etdirdilər. Folklor paytaxtı”nın bəzədilmiş küçə və meydanlarında sakinlər iştirakçıları müşayiət etməklə onların çıxışını alqışlayır, gül dəstələri təqdim edirdilər. Öz növbəsində sənətçilər də sakinləri rəqsə dəvət edirdilər.

   Beləcə, folklor festivalı əsl xalq bayramına çevrildi. Nizami parkında Azərbaycan folkloruna aid müxtəlif nümunələr, el sənətkarlarının əl işlərindən ibarət sərgi də böyük maraqla qarşılandı. Qonaqlar və tədbir iştirakçıları bölgəmizin mətbəxinin ləziz təamlarından daddılar. Azərbaycanın zəngin folklorunun dünyaya tanıdılmasına töhfə olan tədbirin sonunda festival iştirakçılarına xatirə nişanı, hədiyyə, fəxri fərman və diplomlar, rayonumuz və Azərbaycan haqqında məlumatları əks etdirən xüsusi bukletlər təqdim olundu.

   Dekabrın 15-də «Folklor paytaxtı» çərçivəsində yekun tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti və media işçilərinin iştirakı ilə baş tutan tədbirdə rayonun bütün folklor kollektivləri, həmçinin muğam ifaçıları çıxış etdilər.

  

   Bu il bizi daha böyük uğurlar gözləyir

  

   2013-cü ildə ölkənin bütün mədəniyyət işçilərini daha mühüm vəzifələr gözləyir. Bu il ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi Masallıda da geniş tədbirlərlə qeyd olunacaq. Bununla bağlı hazırlanan tədbirlər planına uyğun olaraq rayonun gənc istedadlarına baxış keçiriləcək. Aprelin 2-dən mayın 10-dək üç mərhələdə keçiriləcək baxışda iştirakçılar incəsənətin müxtəlif növlərində bacarıqlarını göstərəcəklər. Mayın 10-da Heydər Əliyev parkında keçiriləcək yekun konsertdə qaliblərə hədiyyələr və fəxri fərmanlar təqdim olunacaq. Bu yarışmanın keçirilməsində məqsəd istedadlı gənclərin aşkara çıxarılması, onların mədəniyyət sahəsinə cəlb olunması və yeni kollektivlərin təşkil edilməsidir.

   İyunun 10-15-də isə rayonumuzda II Beynəlxalq folklor festivalı keçiriləcək. Gələcəkdə isə festivalın ənənəvi olaraq hər il Masallıda keçirilməsini düşünürük.

  

   Turistlərin bölgəyə marağı ilbəil artır

  

   Qeyd etdiyimiz kimi, Masallı rayonunun əlverişli təbii şəraiti turizmin inkişafı üçün gözəl zəmin yaradır. Hələ yüz illər əvvəl ətraf və uzaq yerlərdən insanlar müalicə məqsədilə bu yerlərə gələrək şəfalı isti sudan istifadə ediblər. Rayon beynəlxalq standartlara cavab verən turist xidməti infrastrukturuna malikdir. Rayonda hazırda 1000-dən çox yerləşdirmə yeri olan 31 turist obyekti mövcuddur. Onlardan 26-sı Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. Ötən il Masallıya 17 mindən çox turist gəlib ki, onların 700 nəfəri xarici ölkə vətəndaşlarıdır. 2011-ci ildə isə rayonumuza turist kimi gələnlərin sayı 16 min 400 nəfər olmuşdu.

  

 

   Lətifə Mövsümova,

   Masallı Rayon Mədəniyyət və

    Turizm Şöbəsinin müdiri

 

  Mədəniyyət.- 2013.- 15 mart.-  S. 11.