Gözəl
Gədəbəyin özəllikləri
Xalq
Yaradıcılığı Paytaxtları - 2012
Ötən ilin
“Əfsanələr paytaxtı”
Gədəbəy Azərbaycanın
turizm üçün
əlverişli bölgələrindən biri
olmaqla yanaşı, qədim tarixi, füsunkar təbiəti,
rəngarəng flora və faunası,
çoxsaylı maddi-mədəni irs
nümunələri ilə zəngin bir rayondur. Təsadüfi deyil
ki, bu rayona
çox vaxt cənnət
diyarı deyirlər.
Ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Əfsanələr paytaxtı” elan edilən Gədəbəydə görülən işlər, həyata keçirilən tədbirlər rayonun maddi-mədəni irsinin, folklorunun, geniş turizm potensialının üzə çıxmasına xidmət etdi. Rayona gələn qonaqlar bölgənin tarixi, mədəniyyəti, turizm imkanları ilə tanış oldular.
Maraqlı görüşlərdən
zəngin təəssürat
«Əfsanələr paytaxtı» çərçivəsində keçirilən tədbirlərə 2012-ci ilin martında start verilmişdi. Aprelin 5-də «Əfsanələr paytaxtı»nın rəsmi təqdimatı oldu. «Arxeoloji əfsanələr», «Memarlıq əfsanələri», «Turizm əfsanələri», «Siemens əfsanələri», «Saz - söz əfsanələri», «Əfsanə həmyerlilər» və «Qəhrəmanlıq əfsanələri» bölmələrində rayonun tarixi, mədəniyyətini əks etdirən fotogörüntülər, eləcə də müxtəlif KİV-lərdə müxtəlif illərdə çıxmış yazılar və müvafiq kitablar nümayiş etdirildi. Sonrakı aylarda tarixi abidələrlə bağlı sərgilər, infoturlar, konfranslar, konsertlər, görüşlər bir-birini əvəz etdi.
«Əfsanələr paytaxtı» çərçivəsində Gədəbəydə keçirilən maraqlı tədbirlərdən biri də burada «Siemens» muzeyinin yeni tərtibatda təqdimatı olub. Məlumdur ki, XIX əsrin ortalarında Siemens qardaşları burada misəritmə zavodu tikmişlər. Həmin vaxt bu, dünyanın ən böyük sənaye müəssisələrindən biri idi. Bununla bağlı rəsmi sənədlər, əşyalar, fotoşəkillər, həmin dövrdə baş verən mühüm hadisələrin çap olunduğu mətbu orqanlar eksponat kimi «Siemens» muzeyində toplanıb.
Ötən ilin aprelində «Gədəbəydə turizm perspektivləri» mövzusunda geniş elmi-praktik konfrans da təşkil olundu. Tədbirdə bölgənin turizm imkanları, rayona daha çox turist cəlb edilməsi yolları müzakirə edildi. May ayı da rayon üçün maraqlı tədbirlərlə yadda qaldı. Rayon Mərkəzi Kitabxana Sisteminin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş kitab sərgisi, Slavyanka kəndində rayonun musiqi məktəbi şagirdlərinin ifalarına baxış konserti, şagirdlər arasında «Gədəbəy əfsanələri yaddaşlarda» inşa müsabiqəsi bu tədbirlər sırasındadır.
İl ərzində Gədəbəydə turizm tədbirləri də keçirilib. Rayonun tanınmış tarixi-mədəni abidələrinə turlar təşkil edilib. Məlumat üçün qeyd edək ki, Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər - Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Namərdqala, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü, son tunc - ilk dəmir dövrünə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Qrex qalası, Parakənd qalası, Səbətkeçməz kəndində yerləşən XIX əsrə aid körpülər, Novosaratovka kəndində 1535-ci ildə inşa edilmiş məbəd və s. bu günümüzə qədər gəlib çıxıb. Bu abidələrin hər biri ayrılıqda maraqlı turizm obyektidir. Onların əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına daxil edilib.
«Əfsanələr paytaxtı» ilində Gədəbəydə keçirilən tədbirlər sırasına bu diyardan olan tanınmış elm adamlarının yubileyləri, yazıçı, şair və tarixçilərlə görüşlər də daxildir. Bu sırada yaddaqalan tədbirlərdən biri də «Miskin Abdal» ədəbi məclisinin yaradılması oldu. Dekabrın 11-də 2012-ci ilin «Əfsanələr paytaxtı»nda yekun tədbir keçirildi.
Gədəbəyə il ərzində 60 mindən artıq turist gəlib
2012-ci ildə
rayona 60 mindən artıq turist gəlib. Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Fazilə Məmmədovanın
bildirdiyinə görə,
bu rəqəm Gədəbəydə fəaliyyət
göstərən turizm
obyektlərində qeydiyyatdan
keçənlərin sayını
əks etdirir. Belə ki, Gədəbəydə
artıq kənd yaşıl turizmi də inkişaf edir. Rayona gələn qonaqlar
bir çox hallarda kirayələdikləri
şəxsi evlərdə
qalmağa üstünlük
verirlər və bunun dəqiq hesabatı aparılmır.
2011-ci illə müqayisədə ötən
il rayona
gələn turistlərin
sayı 10-15 faiz artıb. Şöbə müdirinin sözlərinə
görə, hazırda
Gədəbəydə 7 əsas
turist obyekti fəaliyyət göstərir.
Bunlardan
4-ü Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir.
Romantik səyahətləri
xoşlayanlar üçün
rayonda piyada marşrutları da var: Gədəbəy-Qızılqala
meşəsi-Namərdqala (13 km), Gədəbəy-Söyüdlü kəndi (5 km), Gədəbəy-Maarif
kəndi-Slavyanka kəndi
(10 km).
Gədəbəydə mövcud olan
turizm potensialının
tam şəkildə realizə
olunması üçün
bir sıra məsələlər həllini
tapmalıdır. Bu sırada başlıca şərtlərdən biri
nəqliyyat infrastrukturunun
yaradılması, tarixi
yer və abidələrə aparan yolların abadlaşdırılmasıdır.
Bundan əlavə, tarixi abidələrin bir çoxunun mütəxəssislər
tərəfindən təmir-bərpasına
ehtiyac var.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 15 mart.- S. 10.