Dövlət qayğısı regionlarda mədəniyyət və turizmin inkişafına təkan verir

 

   Vaqif Əliyev,

   Azərbaycan Respublikası

   mədəniyyət və turizm nazirinin birinci müavini

  

   Müstəqil Azərbaycan bu gün inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Respublikamız iqtisadi gücünü ildən-ilə artıraraq geniş bir regionun aparıcı dövlətinə çevrilir, dünyanın inkişaf edən dövlətləri sırasına daxil olur. Əldə edilən uğurlar bütün sahələrə, o cümlədən mədəniyyət və turizmin inkişafına öz əhəmiyyətli təsirini göstərir. Ulu öndər Heydər Əliyevin zəngin mədəniyyətimizin qorunmasına yönəlmiş siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək bacarıqla davam etdirilir.

  

   Ölkə başçısının təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində tarixi abidələr bərpa edilir, muzeylər, kitabxanalar əsaslı təmir olunur, ən müasir standartlara cavab verən mədəniyyət ocaqları inşa edilərək insanların istifadəsinə verilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın milli mədəniyyətimizin dünyada tanıdılması naminə həyata keçirdiyi nəcib missiya mədəni incilərimizin yaşadılması və nəsildən-nəslə ötürülməsinə xidmət edir.

   Respublikamızda həyata keçirilən dövlət mədəniyyət və turizm siyasəti regionlarda da bu mühüm sahələrin inkişafına yeni təkan vermişdir. Bu gün bölgələrdə təşkil edilən mədəni tədbirlər həm keyfiyyət və kəmiyyət göstəriciləri, həm də əhatə dairəsi ilə əvvəlki illərdən əhəmiyyətli dərəcədə fərqlənir. Regionların ümumi inkişaf mənzərəsinə nəzər salsaq görərik ki, bölgələrdə təkcə iqtisadi göstəricilərin əldə olunması ilə kifayətlənilmir, həm də mədəni həyatın zənginliyinə böyük önəm verilir. Yerlərdə mədəniyyətin inkişafına diqqətin artması yeni-yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, bir-birindən maraqlı, rəngarəng tədbirlərin həyata keçirilməsi ilə nəticələnir.

   Regionlarda təkcə yerlirespublika səviyyəli deyil, beynəlxalq səviyyəli tədbirlərin təşkili xoş ənənəyə çevrilmişdir. Şəhər və rayonlar öz mədəniyyət brendlərinin yaradılmasına səy göstərir, mədəni xüsusiyyətlərini təbliğ etməyə çalışırlar. Öz rəngarəngliyi və zəngin proqramı ilə seçilərək bütün iştirakçılarda, xüsusilə də xarici qonaqlarda zəngin təəssürat yaradan regional tədbirlər sırasında Göyçayda ənənəvi təşkil olunanNar bayramı” və Qubada ötən il keçirilmişAlma bayramı”nı xüsusi qeyd etmək olar.

    Son illər ərzində respublikamızın hər bir şəhər və rayonunda icra olunan irimiqyaslı infrastruktur layihələri, bölgələrdə ən müasir turizm obyektlərinin, istirahət komplekslərinin yaradılması regionların turizm potensialının gücləndirilməsinə imkan vermişdir. Ölkəmizə gələn xarici qonaqların sayının ildən-ilə artması, daxili turizmin yüksələn dinamika ilə inkişafı zəngin mədəni irsə, gözəl təbiətə malik Azərbaycana olan böyük marağın əyani göstəricisidir. Bu baxımdan 2012-ci il regionlarda mədəniyyət və turizmin inkişafı sahəsində bir çox uğurlarla əlamətdar olmuşdur.

   Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçən il ərzində bölgələrə səfərləri regionların mədəni həyatında bir çox yeniliklərlə yadda qalmışdır. Ölkəmizin 20-dən çox şəhər və rayonuna səfərləri çərçivəsində dövlət başçısı yeni mədəniyyət ocaqları və turizm müəssisələrinin açılışında iştirak etmişdir. Bunlardan Qusar rayonu ərazisindəki “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işlərini, Gəncə Dövlət Filarmoniyasının təməlqoyma mərasimini, Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının, Culfada uşaq musiqi məktəbinin, Lənkəran, Tərtər, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonlarında Heydər Əliyev Mərkəzlərinin açılışını misal göstərmək olar.

   Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçünXalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində ötən il Gədəbəy Azərbaycanın “Əfsanələr paytaxtı”, Masallı “Folklor paytaxtı”, Quba “Sənətkarlıq paytaxtı” elan olunmuşdur. “Paytaxtseçilmiş bölgələrdə il ərzində nominasiyaya uyğun təntənəli mərasimlər, konfranslar, dəyirmi masalar, konsertlər, festivallar, sərgilər və digər çoxsaylı tədbirlər təşkil edilmişdir.

   Bu gün paytaxt Bakı ilə yanaşı Azərbaycanın bölgələrinin də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmək iqtidarında olması dövlətimizin hazırkı inkişaf səviyyəsini səciyyələndirən göstəricilərdəndir. Bu tədbirlərin arasında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalını xüsusi qeyd etmək lazımdır. Bu təşəbbüsün davamı olaraq Şəki şəhərində ənənəvi təşkil edilən “İpək yolu” beynəlxalq musiqi festivalı da son illərin əlamətdar mədəni hadisələrindən birinə çevrilmişdir.

   Regionlarda xarici ölkələrin nümayəndə heyətlərinin, kollektivlərin və ekspertlərin iştirakı ilə təşkil edilmiş tədbirlər sırasında Şəki Xan Sarayının 250 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri, Ağsuda 4-cü Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı, Masallıda Beynəlxalq Folklor Festivalı, Qəbələdə “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində” mövzusunda beynəlxalq konfrans, Gəncədə dahi şair Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri önəmli yer tutur. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və iştirakı ilə ötən il ərzində ölkəmizin 45 şəhər və rayonunu əhatə edən respublika səviyyəli 100-ə qədər müxtəlif tədbir təşkil edilmişdir.

   Regionlarda mədəniyyət və turizm sahələrində qazanılmış uğur və nailiyyətlərlə yanaşı, müxtəlif aktual problemləri qeyd etmək lazımdır. Bu xüsusda mühüm problemlərdən biri ixtisaslı kadrların, xüsusilə də ali təhsilli mütəxəssislərin çatışmazlığıdır. Bəzi regionlarda ali təhsilli mütəxəssislərə - kitabxanaçılara, klub işçilərinə, musiqi məktəbi müəllimlərinə böyük ehtiyac yaranmışdır. Regionlarda mədəniyyət müəssisələri binalarının texniki vəziyyəti, mədəniyyət ocaqlarının maddi-texniki bazası da həlli vacib olan problemlər sırasına aiddir.

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlarda yeni mədəniyyət ocaqlarının inşası, müəssisələrin əsaslı təmiri və yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” pilot layihəsi Lənkəran şəhəri və İsmayıllı rayonlarında uğurla gerçəkləşmiş, bu bölgələrin klub sisteminin fəaliyyətində əsaslı dönüş yaranmışdır. Bu islahatların mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun sayıldığından, yeni layihə hazırlanaraq Şəki şəhərində və Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarında fəaliyyət göstərən klub sisteminə tətbiq olunmasına başlanılmışdır.

   Regionlarda fəaliyyət göstərən muzeylərin inkişafı istiqamətində işlər davam etdirilmiş, onların maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyaların genişləndirilməsi və yeni muzeylərin yaradılmasına diqqət artırılmışdır. Son illər ərzində respublikanın 19 muzeyində əsaslı təmir və bədii tərtibat işləri aparılmışdır. Mədəniyyət ocaqlarının əhali üçün cəlbedici olması, xüsusilə də uşaq, yeniyetmə və gənclərin kitabxanalara, muzeyqalereyalara, musiqi və incəsənət məktəblərinə, teatrlara üz tutması yerli orqanların prioritet vəzifələrinə çevrilməlidir.

   Vətənimizin hər bir bölgəsi özünəməxsus mədəni ənənələri ilə zəngindir. Xalqımızın ümumi mədəni sərvətini təşkil edən bu dəyərləri təkcə beynəlxalq səviyyədə deyil, ölkə daxilində də təbliğ etmək və tanıtmaq baxımından regionlararası mədəniyyət mübadiləsinin genişləndirilməsinə diqqətin artırılması vacibdir. Sürətlə qloballaşan bugünkü dünyada xalqımızın qədim adət və ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi qarşımızda duran ən ümdə vəzifələrdəndir. “Mədəniyyət haqqında” yeni qanunun qəbul edilməsi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəniyyət siyasətinin strategiyasına dair mühüm maddələrin əks olunması bu vəzifələrin respublikamız üçün xüsusi əhəmiyyətini bir daha nümayiş etdirir. Əminik ki, dövlət qayğısı ilə əhatə olunan mədəniyyət işçilərimizin gərgin zəhməti sayəsində xalqımızın mədəni irsi daim yaşayacaqinkişaf edəcəkdir.

 

 

   Mədəniyyət.- 2013.- 15 mart.- S. 4.