Beynəlxalq musiqi bayramı davam edir

 

   Azərbaycanlı və özbək ifaçıların muğam axşamı

  

   Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində konsertlər davam edir.

   Martın 13-də Beynəlxalq Muğam Mərkəzində Özbəkistanın Xalq artisti, özbək makomlarının mahir ifaçısı Munojat Yolçiyevanın “Şaşmakom” adlı konserti təqdim edilib. Müğənnini Şuxrat Razzakovu (rübab), Axmatjon Dadayev (gijjak), Dilfuzaxon Xaydarova (dutar), Xocimurad Safarov (doira), İbrohimcon Qaniyev (ney) müşayiət ediblər.

   Konsertin ikinci hissəsində xanəndələrimiz - Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov “Şur” muğamını ifa ediblər.

  

   “Əsli və Kərəm” operası nümayiş etdirilib

  

   Martın 14-də festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş etdirilib. Səhnə əsərində əsas rolları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva və İlkin Əhmədov ifa ediblər.

  

   Ağdamda “Qarabağ şikəstəsi”

  

   Ağdam rayonu Quzanlı qəsəbəsində rayon musiqiçilərinin konserti də beynəlxalq festivala töhfə olub. Ağdam Dövlət Dram Teatrında gerçəkləşən konsertdə rayonun “Şur” ansamblının ifasında muğam, xalq mahnıları və təsniflər səsləndirilib. Konsert “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.

 

   Qax sənətsevərlərinə musiqi hədiyyəsi

  

   Festival çərçivəsində daha bir konsert martın 14-də Qax rayon Mədəniyyət evində gerçəkləşib. Konsertdə Elnur Mirzəyevin ifasında “Simayi-şəms” zərb muğamı, Nizami Babayev, Hümmət Əliyev, Adil Şirinovun ifalarında “Çahargah”, “Rast”, “Mirzəhüseyn segahı” muğamları, Səxavət Laçınlının oxuduğu “Qarabağ şikəstəsi”, Xuraman Camalovanın ifasında “Şahnaz” təsnifi alqışlarla qarşılanıb.

 

 

    Mədəniyyət.- 2013.- 15 mart.- S. 2.