Sel, yel və atəşin
oyatdığı “Torpaq xatun”
Xalqımızın qədim el mərasimlərindən biri
də Novruz bayramıdır. Bu günə qədər yaşadılan, qorunub bizlərə çatdırılan bu bayram nəsillərdə
gələcəyə və xoşbəxtliyə böyük inam oyadır.
Çünki Novruz yeni gün, yeni həyat deməkdir. Onun
gəlişi ilə torpaq canlanır,
günəş hərarətlənir, təbiət
qış yuxusundan oyanır...
Bu bayrama insanlar hələ mart ayının ilk günlərindən hazırlıq görürlər. Hazırlığın məhz təmizlikdən başlanması da təsadüfi deyil. İnanca görə, yeni ili necə qarşılasan, ilin gələcək günlərini eyni şəkildə yaşayacaqsan. Bu səbəbdən də insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni zamanda uşaqlara və özlərinə təzə libas alırlar. Bayram günü yaxınlaşdıqca digər hazırlıqlar da görülür, şirniyyatlar hazırlanır, səməni cücərdilir.…
Bir çox milli adət-ənənələrimizi özündə ehtiva edən ilaxır çərşənbələri məna gözəlliyi, fikir aydınlığı ilə də əsrarəngizdir. Etiqada görə, su, od, külək, torpaq çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Bütün bunlar Novruz bayramı ilə sıx bağlıdır. Əski dövrlərdən bu günə qədər ilaxır çərşənbələri xalqımız tərəfindən təmtəraqlı şəkildə qeyd edilməkdədir...
Külək çərşənbəsi. İlaxır çərşənbələrdən üçüncüsü xalq arasında “külək oyadan çərşənbə”, “külək çərşənbəsi”, “yelli çərşənbə”, “küləkli çərşənbə” adlanır. Əski etiqadlara görə, bu çərşənbədə oyanan Yel və ya Külək hər tərəfi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir və yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi isə Yelin özünü təmizləməsi kimi yozulur. Çünki əski etiqada görə “qara nəhrdə” yatmış külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir. Qədim türk mifologiyasında yel müxtəlif rəngli libaslarda - ağ libasda - Ağ yel, qara libasda - Qara yel, göy libasda - Xəzri, qırmızı libasda - Gilavar təsəvvür edilir.
Daha erkən təsəvvürlərdə isə dilimizdə işlənən küləklə eyni kökdən olan Yel kultu Tanrı səviyyəsinə yüksəldilir.
Bir çox xalqların erkən təsəvvürlərində, eləcə də müqəddəs kitablarında Yel dünyanı idarə edən qüdrətli Tanrılardan biri hesab olunub. Əski inamlarda Yel ya özü Tanrıdır, ya da vahid Allah tərəfindən göndərilən qüdrətli bir gücdür - insanları əzizləyir, onlara kömək edir, bəzən də qəzəblənir, yeri gələndə isə cəzalandırır.
Zərdüştilər də küləyi müqəddəs hesab edib, ona tanrılıq vermişlər. “Avesta”da deyilir ki, “...Yelin gücü qüdrətli Hörmüzün gücüdür. Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır...»
Yelin tanrılığı, müqəddəsliyi ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanclar da mövcuddur.
Yel haqqında atalar sözləri:
Yel aparan yerindi,
yerdə qalan mənimki.
Yel əsməyincə yarpaq tərpənməz.
Yel gətirib, gün
qurudub.
Yelnən dost olan yellənə-yellənə
qalar.
Yelə verdiyin düşmənə
qismət olar.
Yel bağlayanı el açar.
Yer çərşənbəsi.
Novruz bayramı ərəfəsindəki
çərşənbələrin sonuncusu axır çərşənbədir. Bu çərşənbə xalq
arasında “ilaxır çərşənbə”, “Yer
çərşənbəsi”, “Torpaq çərşənbəsi”
adları ilə də işlənir. Sonuncu çərşənbə torpağın
oyanması ilə əlaqələndirilir. Belə bir
əski inam var ki, dörd
ünsürün sonuncusunun
oyanması ilə yel, sel, atəş
fəallaşır. Ərz donunu
dəyişir, Adəm
övladlarını yoxluq
və qıtlıqdan,
çətinlik və
məhrumiyyətlərdən qurtarmaq üçün özündə daha böyük qüvvə tapır.
Qədim bir mifoloji təsəvvürə görə,
insanların məhrumiyyət
və qıtlıqdan
əziyyət çəkdikləri
bir gündə Sel, Yel və
Atəş Torpaq xatunun yeraltı məbədinə qonaq gedirlər. Yatmış Xatunu oyadıb
adamların qıtlıq
çəkdiyini söyləyirlər.
Torpaq xatun: “İnsanları fəlakətə salan fəlakətə düşər”
- deyə, yerindən ayağa qalxır. Yel, Sel, Atəş
və Torpaq əl-ələ verib:
Atəş gəldi, zəmzəm gəldi, yel gəldi,
Təzə ömür, təzə məhsul, il
gəldi...
- deyib
oxuya-oxuya işıqlı
dünyaya çıxırlar.
Üç qardaş, bir
bacının işıqlı
dünyaya çıxdığı
həmin gün axır çərşənbə
sayılır.
Axır çərşənbə mərasim, ayin, etiqad, oyun və
şənliklərlə xüsusilə
zəngindir. Şənliklər sübh tezdən suya tapınma ilə başlanır.
Beləliklə, su çərşənbəsində
icra olunan ayinlər təkrar olunur.
Axır çərşənbədə
yeni əkiləcək
torpaq sahələrində,
əkin yerlərində
kütləvi şənliklər
keçirilir. Bir çox
hallarda isə sayaçıların, cütçülərin
nəğmələri və
mərasimləri icra edilir. Torpaq çərşənbəsində
torpaq əzizlənir,
təmizlənir, bostan
və dirriklərdə
müxtəlif ayinlər
keçirilir. Odla bağlı
mərasimlər isə
əsasən axşam
tərəfi, qaş qaralanda başlar və gecə yarıya qədər davam edər.
Atalar deyib ki, torpaqdan pay olmaz. Torpağına göz dikənin
gözü tökülsün.
Torpağa əyilən namərdə
əyilməz. Torpağa xor
baxarsan, o sənə kor baxar. Torpaq ovuclayan - qızıl ovuclar. Torpağın sirrini əli
torpaqda olan bilər. Torpağı sanı yaşayasan.
Torpağın həmişə gül bitirsin.
Biz də
bu bayram münasibətilə xalqımıza
xoş günlər, bolluq, bərəkət arzulayırıq.
Savalan Fərəcov
Məədəniyyət.-
2013.- 20 mart.- S. 15.