Münəvvər Kələntərlinin xatirə gecəsi

 

   Martın 18-də Dövlət Film Fondunda Əməkdar artist, SSRİ Dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşən tədbir aktrisanın 100 illiyinə həsr edilmişdi.

  

   Tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev açaraq Münəvvər Kələntərlinin milli kino sənətimizə verdiyi töhfələrdən bəhs etdi.

   Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkarın həyat yoluna qısa nəzər saldı, yaradıcılığı ilə bağlı maraqlı faktları diqqətə çatdırdı.

   Görkəmli aktrisanın çəkildiyi filmlərdən fraqmentlər göstərildi. Fondun foyesində sənətkara həsr edilən fotosərgi nümayiş olundu.

   Sonda mərhum aktrisanın bacısı qızı Nanə xanım çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi, Münəvvər Kələntərli ilə bağlı bəzi xatirə hədiyyələrini Dövlət Film Fonduna təqdim etdi.

   Qeyd edək ki, Əməkdar artist Münəvvər Kələntərli “Arşın mal alan” kinokomediyasında Cahan xala, “Bəxtiyar”da Gülzar xala, “Əmək və qızılgül”də Sona, “Qızmar günəş altında” filmində Gülbahar nənə, “Görüş”də Münəvvər, “O olmasın, bu olsunda yengə, “Kazbek qutusunda Məmişovun arvadı, “Kölgələr sürünür”də Məsmə və s. rolları ilə tamaşaçı sevgisi qazanıb. Qısa ömür yaşayan aktrisa 1963-cü il fevralın 5-də 51 yaşında vəfat edib.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 20 mart.- S. 10.