Bölgələrdə “Muğam aləmi”

 

   Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə martın 9-dan 19-dək davam edən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində paytaxt Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlarda da konsert proqramları təqdim olunub. Ötən saylarımızda bu barədə geniş məlumat vermişdik. Festivalın yekun konsertləri də musiqisevərlərə xoş anlar bəxş edib.

   Sumqayıtın Nəriman Nərimanov adına Mədəniyyət evində keçirilən konsertdə istedadlı xanəndələr Şəfəq Kərimova, Orxan Səfərov, Gülzar Fərəcova, Şamo Qədirov çıxış ediblər.

   Gəncə Dövlət Dram Teatrında keçirilən yekun konsertdə Əməkdar artist Fikrət Verdiyevin rəhbərliyi ilə “Göygöl” dövlət mahnı və rəqs ansamblının üzvləri, eləcə də şəhərin müxtəlif musiqi məktəblərinin şagirdləri öz məharətlərini göstərib, tamaşaçıların alqış sədaları altında “Heyratı”, “Rast”, “Qatar”, “Şur” və sair muğamlardan parçalar, eləcə də təsniflər oxuyublar.

   Festivalın Qəbələ Mədəniyyət Sarayında keçirilən bağlanış mərasimində dahi bəstəkar Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası nümayiş etdirilib. Əsas rolları OperaBalet Teatrının gənc solistləri - respublika muğam müsabiqəsinin laureatları Vüsalə MusayevaElnur Zeynalov ifa ediblər.

   Martın 17-də Şirvan şəhərindəki Mədəniyyət evində də festivalın yekun tədbiri keçirilib. Xanəndələr Xanzalı Əliyev, Nadir Alxasoğlu, Təranə Əhmədova, Samit Abbasov, Mehman Hüseynov və Əlvan ŞirinovKürinstrumental ansamblının müşayiəti ilə muğam və bəstəkar mahnılarını ifa ediblər.

   Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində festivalın bağlanış konsertində Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagirdlərinin ifasında Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları səslənib.

   Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində rayonun musiqi kollektivlərinin və muğam ifaçılarının konserti olub.

   Şamaxı Mədəniyyət Mərkəzində keçirilən “Ustaddan şagirdə” muğam konserti də muğamsevərlərdə dərin təəssürat yaradıb.

   Bərdədəki Mədəniyyət evində keçirilən konsertdə Mədəniyyət və Turizm Şöbəsinin “Qarabağinstrumental ansamblının və musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında muğam, xalq mahnıları və təsniflər səsləndirilib.

   Şəki şəhərindəki “Büllur sarayda təşkil olunan muğam gecəsində Xalq artisti Canəli Əkbərov, II Beynəlxalq Muğam Festivalının qalibi Ehtiram Hüseynov, xanəndə Zakir Əliyev, respublika muğam müsabiqələrinin qalibləri Könül Tağıyeva və Günay İmamverdiyevanın ifaları alqışlarla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2013.- 20 mart.- S. 10.