Dənizkənarı Milli Parkda bayram şənliyi
Zəngin mənəvi dəyərlərimizi, adət-ənənələrimizi
yaşadan Novruz bu il də ölkəmizdə təntənəli şəkildə
qeyd olunur
Xalqımızın mədəni
irsinin, folklorunun, adət-ənənələrinin əsrlərin yaddaşından
süzülərək gəlib
günümüzə çıxmasında
Novruz bayramının
müstəsna yeri
var. Ölkəmiz müstəqillik
əldə etdikdən
sonra Novruz bayramı siyasi-ideoloji rənglərdən azad olaraq, sözün həqiqi mənasında, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf bir
mərasimə çevrildi.
Hər il
bu bayram el şənlikləri, mədəni-kütləvi
tədbirlərlə geniş
şəkildə olunur.
Novruz təkcə bir
neçə günü
əhatə edən bayram deyil, həm
də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən
irimiqyaslı mərasimlər
kompleksidir. Qış dönəminin
çətinliklərindən qurtulmaq üçün əski çağlardan üzübəri elimiz böyük və kiçik çillə, Xıdır Nəbi, Boz ay boyu Novruzun
mübarək gəlişini
gözləyib. Bu il də Novruz ölkəmizdə təntənəli şəkildə
qeyd edilir.
Martın 19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Dənizkənarı
Milli Parkda Novruz mərasimi təşkil olundu. Bayram tədbirində bölgələrimiz
də geniş təmsil olunurdu.
Gözoxşayan suvenirlər
Mərasimdə ayrılmış xüsusi guşələrdə
sənətkarlıq məhsulları
sərgilənirdi. Müxtəlif bölgələrdən gələn
sənətkarlar öz
əl işlərini nümayiş etdirir, onların hazırlanma prosesi barədə məlumat verirdilər.
Novruz personajları ilə bağlı suvenirlərə az
rast gəlsəm də, müxtəlif çeşidlərdə, ölçülərdə
böyük zövqlə
işlənmiş sənət
nümunələri göz
oxşayırdı.
İsmayıllı rayonunun Lahıc
qəsəbəsindən gələn
sənətkarların guşəsinə
yaxınlaşıram.
Babil Məmmədov sərrac olduğunu deyir: “Bu, çox qədim sənətdir. Atam da sərrac
olub. Azərbaycanda tarixən atçılıq
geniş yayıldığına
görə, yəhər
hazırlama sənəti
də inkişaf edib”.
Astaradan olan qocaman sənətkar Rüfət
Rzayev isə uzun illərdir həsir toxuma sənəti ilə məşğuldur. Novruzla
bağlı tədbirə
əl işlərini böyük sevinclə təqdim edib: “Hazırladığım işlərə
yerli sakinlərlə yanaşı, səfər
zamanı təbiət
qoynunda dincəlməyə
üstünlük verən
turistlər daha çox maraq göstərirlər. Həsiri yerə
atıb üstündə
dincəlmək olar, çünki həsir toxunmaları rütubəti
keçirmir. İki gənc
şagirdim var. Onların
əl işlərini də burada nümayiş etdiririk”.
Qubadan gələn Fatimə Ağamirzəyeva isə xalçaçıdır: “Biz Azərbaycanın bütün
bölgələrinə xas
olan xalçaları toxuyuruq, amma öz rayonumuzu təmsil etdiyimizə görə buraya Quba xalçaları gətirmişik. Məqsədimiz Azərbaycan xalçasının
reytinqini yenidən qaldırmaqdır. Bilirsiniz ki,
Bakıda keçirilən
tədbirlərə çoxsaylı
qonaqlar gəlir.
Amma istərdik ki, əcnəbi qonaqlar özləri ilə hədiyyə kimi əsl Azərbaycan xalçasını aparsınlar.
Çünki süni iplərdən,
robot texnologiyalar vasitəsilə
toxunan xalçalar milli xalçaçılıq
sənətimiz haqqında
mənfi rəy yarada bilər”.
Bölgələrin ləziz təamları
Novruz bayramı ilə
əlaqədar Milli Parkın ərazisində
“Şərq bazarı”
qurulmuşdu. Rayonlardan gəlmiş
xalq kollektivləri, mədəniyyət işçiləri,
musiqi qrupları, el sənətkarları bayrama
səylə hazırlaşmışdılar.
Hər bölgə ayrıca stenddə təmsil olunurdu. Burada hər regionun
mətbəxi, sənətkarlığı
barədə ətraflı
məlumat verilirdi.
Lənkəranın
sitrus meyvələri
- limon, portağal,
naringi, mətbəx nümunələri-ləvəngi, kükü və s. bu il də
dadanların diqqətini
çəkirdi.
Beyləqan Rayon
Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Nazim Mirzəyev deyir ki, rayonun müəssisələri
sərgi-yarmarkada ilk dəfə
iştirak edir: “Rayonumuz 10-dan çox çeşiddə meyvə
məhsulları təqdim
edir. Son illərdə
rayonumuzda bir sıra istehsal müəssisələri açılıb.
Onların məhsullarının da satışı təşkil olunub”.
Təqdim olunan stendlərin
hamısında səmənilər,
şəkərbura, paxlava
və digər şirniyyat növlərini
görmək olurdu.
Zaqatala rayonunun stendində
isə qoz, fındıq, şəkərbura,
paxlava, müxtəlif
içkilər üstünlük
təşkil edirdi.
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təqdim
etdiyi stenddə qaxac deyilən ət məhsulu diqqəti çəkirdi.
Məhsulu təqdim edən Rafiq Əliyev deyir ki, payız aylarında kəsilən qoçun əti duzlanır, sonra isə hündür yerdən asılaraq qurudulur: “Bəzən ətin uzun müddət qalması üçün unun içində də saxlayırlar. Qaxacın xüsusi hazırlanma
qaydası var. Ət qalın olmamalıdır.
Qaxda bir çox evlərdə qaxac hazırlanır. Bəzən məhsula
dağ otları da vurulur”.
Xalq kollektivlərinin çıxışları
maraqla qarşılandı
Bayram şənliyinə folklor və xalq kollektivləri böyük həvəslə
qatılmışdılar. Salyan rayonunun “Cəngi” xalq kollektivinin üzvü 80 yaşlı Musa Kərimov
deyir ki, bir vaxtlar Novruza
bayram kimi ögey münasibət olub: “Sovet hakimiyyəti
dövründə bu bayrama xüsusilə biganəlik göstərirdilər.
Bu, təbii idi.
Çünki Novruz birliyə
çağırışdır, Novruz qədim türk bayramıdır.
65 ildir qara
zurna ilə müxtəlif mədəni
tədbirlərdə çıxış
edirəm. Amma deyərdim
ki, heç bir vaxt Novruz
bayramı son illərdəki
kimi təmtəraqla qeyd olunmayıb”.
Şabranın
“Çıraqqala” xalq
kollektivinin rəhbəri
Rasim Ağasızadə:
“Bayram tədbirində
“Cəngi” ifa etdik. Repertuarımızda Novruzla bağlı
musiqilərə xüsusi
yer ayırırıq.
Bayramın ildən-ilə daha
təmtəraqlı keçirilməsi
bizi çox sevindirir”.
Əcnəbi qonaqların Novruz təəssüratı
Dənizkənarı Parkda bayram şənliyini əcnəbi
turistlər də maraqla izləyirdilər.
Onlardan ikisi ilə həmsöhbət olduq.
İlk dəfə Azərbaycanda olduğunu deyən Sim Kong malayziyalıdır.
Aviasiya sahəsində çalışır.
İşi ilə bağlı Azərbaycana gəlib: “Dəniz kənarında gəzərkən
buraya çoxlu insanların toplaşdığını
gördüm. Müxtəlif Şərq ölkələrində
olmuşam. Amma Novruzla
bağlı mərasimlərə
ilk dəfə sizin ölkənizdə rast gəldim. İnsanlar sevinclidirlər və
məndə o təəssürat
yaranır ki, bu bir sevinc
və bolluq bayramıdır. Bəlkə də
səfərim mart ayına
təsadüf etməsəydi,
bu bayramın varlığından xəbərim
olmayacaqdı. Bir həftə
burada olacağam.
Yəqin
ki, yerli insanların adət-ənənələri
ilə yaxından tanış olmağa imkan yaranacaq”.
Maksim Qorkun isə
Rusiyadandır, Moskvada
yaşayır. Neft biznesində
çalışır. Bir neçə dəfə Bakıda olduğunu deyən gənc Novruz mərasimlərinin insanda xoş əhval-ruhiyyə yaratdığını bildirir:
“Burada Azərbaycanın
bölgələrinin kulinariyası
nümayiş olunur. Mənə çox maraqlı gəldi. Bölgələrdə olmaq istərdim.
Paxlava xüsusilə dadlı idi. Onlardan alıb özümlə
aparacağam”.
* * *
Novruzun təravəti həyatımızın
ab-havasına paklıq
və saflıq bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca
insanları xoş əməllərə, nəcib,
xeyirxah işlərə
rövnəqləndirir. Novruz bayramı doğma torpağımıza qədəm
qoymaqla həyata yenilik, süfrələrə
bərəkət bəxş
edir, niyyətlər saflaşır, mənəviyyat
daha da kamilləşir.
Budur Novruzun əsl mahiyyəti, dərin anlamı. Bayramınız
mübarək!
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 20 mart.- S. 9.