O
günlər və bu günlər
Və ya o günlərki ustad bir “Sənətkarın taleyi”ni ustalıqla sərgiləyən bu günlərki sənətkarlar
Bu tamaşanın xronometrajına (115 dəq.) nisbətdə
uzunçuluq kimi
görünsə də, təkriri-təkraranə deyim ki, düz
yüz il öncələrin
teatr (“teatro”) aləmi,
artist-aktyor-mütrüblük ələmi
barədə, irfan-xurafat,
işıq-qaranlıq “izm”ləri haqda lirik, epik, energetik
nüanslar, minor-major
düşüncə-daşıncalar...
Deyim ki, o günlərkilərdən
birini yazıb-oynayan bu
günlərki sənətkar və sənətçilər
“bir çox məqamlarda
özlərini də yazıb-oynamışlar” qənaətindəyəm.
Əlbəttə, öncə bu gözəl səhnə əsərinin müəllifi - Xalq yazıçısı Elçin. Tamaşanın rejissoru - Əməkdar incəsənət xadimi İranə Tağızadə, quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov.
Bu tamaşada şanlı teatr-səhnə fədaisi Hüseyn Ərəblinskinin həyat və fəaliyyət anlarını ustalıqla canlandıran aktyor heyətinin təqdimatını da önə çəkmək gərək: Xalq artisti Şükufə Yusupova (Qrafinya), Əməkdar artistlər - Firdovsi Atakişiyev (Ərəblinski), Cəfər Namiq Kamal (Poloni), Elşən Cəbrayılov (Yaqo), Əjdər Həmidov (Məmur), İlham Hüseynov (Qraf), Əjdər Zeynalov (Qubernator), Əsgər Məmmədoğlu (Molla), Hicran Nəsirova (Bibi), Ayşad Məmmədov (Bığlı artist), Mirzə Ağabəyli (Baqqal), Telman Əliyev (Neftxuda) və... ifa məharət-məziyyətlərinə görə “və başqaları” isnadlı trafaretə sığışmayan “ad”sız iştirakçılar: Natəvan Hacıyeva (Maya), İnna İmranova (Freylina), Vüsal Mustafayev (Carçı), Aslan Şirin (Gənc teatr vurğunu), Hikmət Rəhimov (Əbdül), Vasif Həsənəliyev (Qoçu), Anar Heybətov (İntelligent), Cümşüd Zeynalov (Redaktor), Rəşad Bəxtiyarov (Jurnalist).
Deyim ki, bu giriş-öncəlikdə bir balaca kəsir də qalıb. Belə ki, əsər müəllifinin - Elçinin təqdimatında - bununla doqquzuncu pyesi səhnələşdirilən oğul Əfəndiyev əfəndimizin dramaturqluq titulunu vurğulamadım. Nədən? Ondan ki, bu sənətkar budəfəki mövzusuna “araqızışdırıcı”lıq dramatizmindən daha çox, “yarasarıyıcı”lıq şəfqətilə - cılxa yazıçılıq humanizmilə yanaşıb.
Və nəhayət, yazının “pərdə”sini açmaq məqamıdır: -
Əsər!
Niyə bu yarımbaşlıqda nidalandım? Bu, “bir kəlmə”lik məsələ deyil, - “çünki”si, “ona görə ki”si xeylidir. Birincisi, tamaşaçıya hədsiz əsər edən bu pyes həm də teatrımızın 140 illiyinə, müqtədir rejissor və aktyorumuz Hüseyn Ərəblinskinin xatirəsinə elitar, sosial-kompleksal bir sayğı dəyərindədir: yazıçı-dramaturq, teatr-aktyor heyəti, tamaşaçı-xalq sintetizmində! İkincisi, bu əsər sənədliliklə bədiiliyin “vəhdəti-vücud”u sayaq təzahür edir, “teatrda teatr”, “səhnədə səhnə” kimi - əsasən, qurama-drama neo-terminlərin real dualizmini yaradır. Üçüncüsü, milli məkanımızda elə yarandığı günlərdən püşkünə “inter”-calaqçılıq düşmüş teatrımızın bu son aktı müstəqilliyimizdə Akademik Milli Dram Teatrı və Dövlət Rus Dram Teatrı (əlbəttə, Azərbaycan və özü də Səməd Vurğun adına!) kollektivləri birgə həyata keçirdi. Bu tamaşa - fəlsəfi-psixoloji məna-məzmunlu mətni, aktyorları pauzaya, salondakıları darıxmağa qoymayan dialoqları və digər elementləri sarıdan - deməyə söz bolluğu yaratsa da, Rusiyadan dəvət olunmuş quruluşçu rəssam T.Melnikovanın yüksək zövqü sayəsində başa gəlmiş görüntülərin (iştirakçıların əynindəki rəngarəng, hədəfsərgiləyən geyimlərin), Vladimir Neverovun seçimilə səslənən, qeyri-adi duyğular oyadan musiqi parçalarının yalnız orada - “hadisələrin cərəyan etdiyi yerdə” fərqinə varmaq, heyran qalmaq olar.
Doğrudur, bu əsər bizimçün heç də “Amerika açmır”, - olmuşları göstərib, bir vaxtlar yaşanmış reallıqları güzgüləyir. Amma xeyli dərəcə (bəzən üst ştrixlərlə) cövhəri sıxılmış, nüvəsi güllənmiş şəkildə, o günlərlə bu günlərin dil-üslub, etno-psixoloji vəhdəti, sosial-mental davamiyyəti səpkisində. Burada tək elə Hüseyn Ərəblinskinin sənətə gəliş dövrcüyü deyil, ümumən o dövrün teatr-sənət ab-havası, ayrı-ayrı həvəskar qrupların, dərnəklərin timsalında Azərbaycanın teatral oyanışdan böyük mədəni-mənəvi pərvərişə canatma dinamikası da vurğulanır. Əlbəttə, cari fakturanın fundamental qoyuluş-quruluşunda yox, bir-birini tamamlayan fraqmental mizan-düzəndə.
Bunlar pyes müəllifinin tamaşaöncəsi müsahibəsində də vurğulandı: “Budəfəki səhnə əsərinin təqdimatını həyəcanla gözləyirdim. Ona görə ki, səhnələşdirilən pyes teatr haqqındadır. Tamaşada görkəmli teatr xadimimiz Hüseyn Ərəblinskinin həyat yolu əks olunmuşdur. Amma deməliyəm ki, bu, Hüseyn Ərəblinskinin bioqrafiyasını tam əks etdirmir. Bu pyes Ərəblinskinin timsalında mənim Azərbaycan teatr tarixinə olan ehtiramımın ifadəsi, teatr, aktyor sənətinə məhəbbətimin göstəricisidir”.
Bir-birindən istedadlı, son dərəcə təbii görəv-görsəntili aktyorlar bu səhnədə bütöv bir “xələf”-səhnə - “sələf”-səhnə yaradılmasına nail oldular. Baş obrazı yaradan Firdovsi Atakişiyevin əl-qol hərəkətlərindəki bir qədər “sportsmen”liyi nəzərə almasaq (H.Ərəblinski əfsanəliyindəki “obrazlar”dan ən başlıcası “ağırbatmanlıq” elementidir, zənnimizcə), istedadlı aktyor bu işin öhdəsindən supermenliklə gəldi. N.Hacıyeva öz rolunun - Mayanın bəlkə də təkrarsız yaradıcısı olaraq qalacaq. İ.İmranova Azərbaycan tamaşaçısının yaddaşına yeni bir yaddaqalan ad həkk etdi: Freylina! (Amma... gözqabağı “zakulis”də bu əsərin, müsəlman (təxəllüscə “yad” getmiş olsa da) Hüseynin və bu abır-əndazəli tamaşanın ağıryanalıqlarıyla antoqonizmlik yaradan “paltarfırqıtdı” yozumuna təəssüf...).
Və bütün bu gözəllik-özəlliklərin “bais”karı haqda -
Bir neçə
söz
“Bais”lik mənfi çalar daşıyır deyə, böyük sənət Hüseynimizi yubilyar adlandıraq: anadan olum-ölüm sarıdan yox, yüz ildən sonra yenidən səhnəyə “çıxması” baxımından. Olum-ölümündən danışsaq, minor notlar hər şeyi üstələyər. Eləcə, 1881-1919 yazaq, neçə il yaşadığını özünüz hesablayın. Bu tamaşanın premyerası günündən - 15 martdan iki gün sonra öz “qiryət”li əmoğlusu tərəfindən güllələnəcəyi tarixçəyə - 17 marta neçə gün qaldığını hesablamaqsa, həm “çətin”, həm əzablı. Niyə? Çünki o, sıradanbir aktyor deyildi. 1910-cu ildə Azərbaycan səhnəsinə ilk dəfə çıxan Otellonun bənzərsiz yaradıcısı idi. Bunu o dövrün məşhur rejissoru Levin daha maraqlı demişdi: "Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin mislini-bərabərini görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim".
Onun özünün də (bu tamaşa ilə səsləşən) bir deyimini xatırlayaq: "Səhnə müqəddəsdir. Ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır. Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məqsədinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və rast gələrkən sevinməlidir".
Necə ki həmin bu tamaşada sevindik və həmin aktyorları hər dəfə görərkən sevinəcəyik...
Tahir Abbaslı
Mədəniyyət.-
2013.- 20 mart.- S. 7.