“Qəlbin
monoloqu”
Martın 15-də Bakı Caz Mərkəzində görkəmli
musiqiçi, Azərbaycanın və SSRİ-nin Xalq artisti,
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə
həsr olunmuş “Qəlbin monoloqu” adlı sənədli
filmin təqdimatı keçirildi. Film Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə
alınıb.
Tədbirdə
çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin
Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi
Almaz Sultanzadə professor Fərhad Bədəlbəylinin
ötən il 65 illik yubileyinin qeyd olunduğunu və ona həsr
olunmuş sənədli filmdə sənətkar haqqında
maraqlı faktların yer aldığını bildirdi. Daha
sonra filmə baxış keçirildi.
“Mən dəniz adamıyam. Mənə
bəzən elə gəlir ki, dəniz ikinci mənəm. O bəzən
sakit, bəzən coşqun, bəzən də uşaq
kimidir...” Fərhad Bədəlbəylinin bu sözləri ilə
başlayan filmdə sənətkarın həyat tarixçəsi
- görkəmli ziyalı kimi fəaliyyəti, gördükləri,
yaşadıqları, Bakının sənət ab-havası,
onun böyüdüyü ailə, uşaqlığı, gəncliyi
və sonrakı ömür yolu təsvir edilir. Bu sənət
yoluna paralel olaraq Azərbaycan musiqisinin inkişafı da filmdə
əksini tapıb.
Ekran əsərində dahi
musiqiçilərimiz Üzeyir Hacıbəylinin, Qara Qarayevin
yolunu davam etdirən professor, pedaqoq Fərhad Bədəlbəylinin
yeni nəsil haqqında fikir və düşüncələri
də yer alıb.
Nümayişdən sonra
çıxış edən Fərhad Bədəlbəyli
filmin ərsəyə gəlməsində əməyi
keçən hər kəsə minnətdarlığını
bildirdi və çəkiliş qrupunu səhnəyə dəvət
etdi. Rejissor Gülnarə Lütfəli qızı bildirdi ki,
belə sənətkarla işləmək, onun haqqında film
çəkmək bir zövqdür. Filmin ssenari müəllifi
Cavid İmamverdiyev ekran əsərinə daxil edilməyən
bir çox maraqlı məqamlardan bəhs etdi.
Filmin operatoru Rüfət Kərimov,
montajçısı Fuad Təhməsli, səs rejissoru Tima
Abdullayev, icraçı prodüseri Əbdül Nəsirdir.
Reyhan İsayeva
Mədəniyyət.-
2013.- 20 mart.- S. 6.