Bu janrda özümü inqilabçı hesab edirəm”

 

   Dünya şöhrətli ispan rəqqası Xoakin Kortes Heydər Əliyev Sarayında çıxış edib

  

   Beynəlxalq festivalın qonaqları sırasında dünya şöhrətli ispan rəqqası, flamenqo rəqsinin mahir ifaçısı, aktyor, xoreoqraf Xoakin Kortes də vardı. Məşhur rəqqas martın 18-də Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış etdi.

  

   Konsertdən öncə, martın 17-də sənətçi jurnalistlər üçün mətbuat konfransı keçirdi.

   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva tədbiri açaraq artıq üçüncü dəfə ölkəmizdə keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının əhəmiyyətindən danışdı. Qeyd olundu ki, musiqimizin dünyada tanınmasına, təbliğinə töhfə olan festival çərçivəsində dünyanın məşhur sənət adamlarının konsert proqramları da artıq ənənə halını alıb. Builki festivalın tanınmış simalarından birispan rəqqası Xoakin Kortesdir.

   Jurnalistləri salamlayan qonaq Azərbaycana ilk dəfə gəldiyini, ölkəmizdə təşkil edilən möhtəşəm muğam festivalında iştirak etməkdən məmnunluğunu bildirdi. Bakı səhnəsində özünün yeniDisen De Mi” adlı rəqs proqramını təqdim edəcəyini söyləyən rəqqas səslənəcək musiqilərin fərqli alətlərdə ifa olunacağını, özünün də fərqli üslublu geyimlərdə olacağını dedi. 20-dən çox musiqiçinin müşayiəti ilə reallaşacaq konsertin möhtəşəm olacağına əminliyini ifadə etdi. O, mədəniyyət, incəsənət vasitəsilə insanları maarifləndirməyin, onlara yaxşı mənada təsir etməyin əhəmiyyətini diqqətə çatdırdı.

   Jurnalistlərin suallarını cavablandıran rəqqas həyat yolu, qazandığı təcrübə, flamenqo rəqsinin tarixi, təqdim etdiyi ifaların mahiyyəti haqqında məlumat verdi. Uşaqlıqdan rəqslə məşğul olan sənətçi flamenqoya olan sevgini qadına olan sevgi ilə eyniləşdirdi: “Xoşbəxtəm ki, mən öz rəqsimi, üslubumu tapdım, kimsəni yamsılamadım. Bu janrda özümü inqilabçı hesab edirəm”.

   Flamenqo ilə digər xalqların milli musiqilərinin, klassik əsərlərin birgə təqdim olunmasından söz açan rəqqas gələcəkdə flamenqo və muğamın da sintezinin mümkünlüyünü vurğuladı.

   Martın 18-də Xoakin Kortes Heydər Əliyev Sarayında “Disen De Mi” adlı möhtəşəm rəqs proqramı təqdim etdi. Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış rəqqas pərəstişkarlarını salamlayaraq bu konserti çoxdan gözlədiyini dedi. Dünyanın bir çox şəhərlərində çıxış etdiyini xatırladan məşhur rəqqas Bakıdakı konsertində iştirak edən tamaşaçılara sevgisini dilə gətirdi. Rəngarəng proqram sürəkli alqışlarla qarşılandı.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2013.- 20 mart.- S. 6.