“Leyli və Məcnun”
film-operasının premyerası
“Muğam
aləmi” III Beynəlxalq
Muğam Festivalı çərçivəsində təqdim olunan maraqlı layihələrdən
biri də Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan “Leyli
və Məcnun” film-operası oldu. Martın 17-də
Nizami Kino Mərkəzində
film-operanın təqdimatı
keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri,
elm və mədəniyyət
xadimləri ilə yanaşı, məşhur
fransız aktyoru Jerar Depardye və kinoprodüser Arno Frille də iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, dahi
bəstəkar Üzeyir
Hacıbəylinin eyniadlı
operası əsasında
çəkilən ekran
əsərinin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur. O, babası
- Azərbaycan mədəniyyət
tarixində onlarla tamaşaya quruluş verən görkəmli rejissor Mehdi Məmmədovun, nənəsi
- Xalq artisti Barat Şəkinskayanın, atası
- istedadlı rəssam
Elçin Məmmədovun
sənət yolunun davamçısıdır. Təsadüfi deyil ki, o, filmi
babası Mehdi Məmmədova ithaf edib.
Diqqətə çatdırılıb ki,
operatoru Oleq Topoyev olan filmin
işıq korreksiyası
Aleksandr Lebeşevə
məxsusdur. Şərq
miniatür nümunələri
əsasında hazırlanan
dekorasiyaların müəllifləri
Kərim Şəkinski,
Rəşad Ələkbərov,
Mehdi Məmmədov və Nəriman Məmmədzadədir.
Film-operada Məcnun rolunu Xalq artisti Mənsum
İbrahimov, Leyli obrazını Xalq artisti Aygün Bayramova canlandırıb. Onları əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor Xalq artisti
Teymur Göyçayev),
Dövlət Xor Kapellası, Dövlət Rəqs Ansamblı müşayiət ediblər.
50 dəqiqəlik film-operanın
çəkilişləri Opera və Balet Teatrında
və “Buta Palace”da aparılıb. Layihənin ərsəyə
gəlməsində xalq
artistləri Siyavuş
Kərimi, Gülbacı
İmanova və Afaq Məlikovanın böyük zəhməti
olub.
Film böyük
maraqla izlənilib. Sonda yaradıcı heyət səhnəyə
dəvət olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Mehdi Məmmədov tamaşaçılara minnətdarlığını
bildirib.
Filmi yüksək qiymətləndirən
Jerar Depardye Azərbaycanda keçirilən
beynəlxalq muğam festivalının böyük
əhəmiyyət daşıdığını,
ölkəmizdə musiqiyə
olan böyük marağı xüsusi qeyd edib.
Mədəniyyət.- 2013.-
20 mart.- S. 6.