Regionlarda mədəniyyət və turizm

 

   Nailiyyətlər də var, problemlər də

  

   Respublika müşavirəsində ötən ilin yekunları, uğurlar və həlli vacib məsələlər geniş müzakirə olundu

  

   Martın 15-də Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuşRegionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları” mövzusunda respublika müşavirəsi keçirildi. Tədbir iştirakçıları əvvəlcə son illərdə regionların mədəniyyət və turizm sahəsində uğurlarını əks etdirən fotostendlə və nəşrlərdən ibarət sərgi ilə tanış oldular.

  

   Bölgələrdə uğurlu islahatlar həyata keçirilib

  

   Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq bildirdi ki, müşavirənin məqsədi mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində 2012-ci ildə görülən işlərin təhlil edilməsi, regionlarda bu sahələrdə mövcud olan problemlərin və onların həlli yollarının müzakirəsi, nazirliyin yerli orqanlarının işinin təkmilləşdirilməsindən ibarətdir.

   Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ildə öz fəaliyyətini Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara, Nazirlər Kabinetinin qərarlarına uyğun quraraq, bir sıra əhəmiyyətli layihələr həyata keçirib. Milli mədəniyyətimizin və Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına uğurla inteqrasiya olunması, mədəni irsimizin, milli dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olunub.

   Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara, həyata keçirilən dövlət proqramlarına əsasən regionlarımız sürətlə inkişaf edir, sosial-iqtisadi, mədəniyyət, turizms. sahələrdə uğurlu islahatlar həyata keçirilir. 2012-ci il dövlət başçısının bölgələrə səfərləri yeni müəssisələrin, mədəniyyət ocaqlarının, turizm-istirahət məkanlarının açılışı, yeni obyektlərin təməlinin qoyulması ilə yadda qalıb. Milli mədəniyyətimizin təbliği işində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusilə vurğulanmalıdır.

  

   Mədəni xidmətin müasir təqdimatı vacib məsələdir

  

   Nazir bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına dair konfransı xatırladaraq bildirdi ki, ölkəmizin ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən asılıdır: “Ölkə başçısı qarşısında təqdim olunan hesabatların əksəriyyətində Azərbaycanın regionlarında mədəni irsin qorunması, bütövlükdə mədəniyyətin və turizmin inkişafına xüsusi yer ayrıldı. Bu o deməkdir ki, mədəni xidmətlərin müasir səviyyədə təqdim edilməsi artıq zərurətə çevrilib və hər rayonun rəhbəri çalışır ki, bu işlərə dəstək olsun. Bölgələrdə böyük mədəni layihələrin həyata keçirilməsinə imkan var.

   Çünki artıq, illər öncəsində olduğu kimi, şəhər və rayonların işıq, istilik, qaz problemi yoxdur. Əgər bir neçə il öncə regionlarda normal vəziyyətdə olan mehmanxana tapmaq çətin idisə, bu gün istənilən səviyyədə hotellər fəaliyyət göstərir. İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün böyük parklar, yaşıllıqlar salınıb, yeni mədəniyyət, turizm müəssisələri inşa edilib. Bütün bunlar ondan xəbər verir ki, bölgələrdə inkişaf var. Amma müasir dövr, zaman daha ciddi işlərin aparılmasını bizdən tələb edir. Ona görə də biz bu işin yeni səviyyədə qurulması üçün indiyədək həllini tapmayan məsələləri birgə həll etməliyik”.

  

   Problemləri aradan qaldırmaq üçün təhlillər aparılmalıdır

  

   Əbülfəs Qarayev çıxışında rayon-şəhər mədəniyyət və turizm şöbələrinin ötənilki fəaliyyətinin nazirliyin Regionlarla sektoru tərəfindən diqqətdə saxlanıldığını, təhlillərin nəticələri ilə tanış olduğunu vurğuladı: “Ortaya çıxan nəticələr həm öyünməyə, həm də müəyyən məqamlarda narahat olmağa əsas verir. Biz regionların mədəniyyət müəssisələrinin vəziyyəti, kadr potensialı, mədəni və turizm həyatı haqqında geniş məlumat əldə etmişik. Əfsuslar olsun ki, bütün şöbələrin istənilən səviyyədə çalışdığını deyə bilmirəm. Burada həm obyektiv, həm də subyektiv səbəblər var. O səbəblər arasında lazımi maddi-texniki bazanın, şəraitinin olmaması, mədəniyyət işçiləri arasında aliorta ixtisas təhsilli mütəxəssislərin azalması bizi narahat edir. Bütün bunlara baxmayaraq, regionlarda yerləşən müəssisələr böyük məsuliyyətlə çalışır, insanların tələbatlarına uyğun yeniliklər tətbiq edirlər. Amma bir çox hallarda mədəniyyət müəssisələri imkanlarından maksimum yararlanmır.

   Ötən dövr ərzində nazirlik tərəfindən regionlarda müşavirələr keçirilib, yerlərdə vəziyyət geniş müzakirə edilib. Quba, Şəmkir, Goranboy, Şamaxı, Şəki, Lənkəran, Gəncə, Abşeronda toplantılar olub. Bu, bölgələrdə gedən proseslərə müsbət mənada təsir göstərib. İstismar müddəti bitmiş binalarda mədəniyyət müəssisələrinin fəaliyyəti, regionlarda ştatların çatışmaması, uğurlu kitabxana islahatlarına baxmayaraq bəzi kəndlərdə, kiçik yaşayış məntəqələrində vəziyyətin o qədər də ürəkaçan olmaması faktdır. Bu problemləri aradan qaldırmaq üçün təhlillər aparmalı, yeni strateji məsələlər barədə düşünməliyik. Kimsə düşünməməlidir ki, bir anda bütün problemlərimiz həll olunacaqkompyuter arxasından mədəniyyət sahəsi idarə olunacaq. Mədəniyyəti idarə etmək üçün müəssisələrə getmək, insanlara düzgün istiqamət vermək, onların fəaliyyətini müasirləşdirmək, təkmilləşdirmək, yeni kadrları cəlb etmək olduqca vacibdir. Kadrların cəlb olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məktəblərdən başlanmalıdır. Məktəblərdə mədəniyyətə, incəsənətə maraq göstərən, təşkilatçılıq qabiliyyəti ilə seçilənləri öz fəallarınız qismində əməkdaşlığa cəlb etməlisiniz. Hər rayonda çoxlu sayda mədəniyyət işçisi fəaliyyət göstərir. Bu, böyük qüvvədir. Bu əməkdaşları proqram və layihələrə cəlb etmək lazımdır”.

  

   Mədəniyyət və turizm şöbələrinin rəhbərləri böyük məsuliyyət daşıyır

  

   Nazir çıxışında vahid idarəçilik məsələsinə xüsusilə diqqət çəkdi: “Ola bilsin ki, rayon və şəhər mədəniyyət və turizm şöbələrinə tabe müəssisələr nazirliyin hansısa bölmələri ilə birbaşa çalışırlar. Biz onları istiqamətləndiririk, təşkilatlandırırıq, birgə tədbirlər keçiririk. Ancaq bildirmək istəyirəm ki, bütün regionlarda olan müəssisələrin işinə cavabdehliyi birbaşa onlara rəhbərlik edən şöbə rəhbərləri daşıyır. Siz nazirliyin yerlərdə nümayəndələrisiniz. Müəssisələrin nizam-intizam məsələlərinə isə xüsusi diqqət olunmalıdır. Şöbələr çalışmalıdırlar ki, mədəniyyət kollektivləri yüksək səviyyədə fəaliyyətlərini təmin etsinlər.

   Xaricdə hər ay onlarla mədəni tədbir keçirilir. Biz çalışırıq ki, mədəniyyətimiz dünyada layiqincə təmsil olunsun. Bu yaxınlarda nazirlikdə bir məsələni müzakirə etdik. İşlər çoxdur və qərara gəldik ki, səfirliklərin tədbirləri ilə bağlı Gəncədən, Naxçıvandan, Lənkərandan, Masallıdan - bir sözlə, harada yaxşı kollektivlər varsa, onları bu tədbirlərə göndərək. Bölgələrdə yüksək səviyyəli musiqi kollektivləri var. Nəyə görə onlar dünyada mədəniyyətimizi təbliğ etməsinlər?

   Şöbə rəhbərləri turizmin inkişafına nail olmaq üçün mədəniyyət müəssisələrinin öz fəaliyyətinə yenidən baxmasına, təkmilləşdirilməsinə nail olmalıdırlar. Bunun üçün regionlara turist axınını əsas götürmək lazımdır. Bu gün Bakıya gələn insanların bir çoxu rayonlara səfər edir. Ona görə də bölgənin tarixi, mədəniyyəti yüksək səviyyədə təqdim olunmalıdır”.

  

   Ötən il respublika səviyyəli 100-dək tədbir təşkil olunub

  

   Regionlarda mədəniyyət və turizm: nailiyyətlər, problemlər, vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev respublikamızda həyata keçirilən dövlət mədəniyyət və turizm siyasətinin regionlarda bu sahələrin inkişafına yeni təkan verdiyini vurğuladı. Qeyd olundu ki, bu gün bölgələrdə təşkil edilən mədəni tədbirlər həm keyfiyyət və kəmiyyət göstəriciləri, həm də əhatə dairəsi ilə əvvəlki illərdən əhəmiyyətli dərəcədə fərqlənir.

   Regionlarda təkcə yerlirespublika səviyyəli deyil, beynəlxalq səviyyəli tədbirlərin təşkili xoş ənənəyə çevrilib: “Ölkə başçısı İlham Əliyevin keçən il ərzində bölgələrə etdiyi səfərlər regionların mədəni həyatında bir çox yeniliklərlə yadda qalıb. Ölkəmizin 20-dən çox şəhər və rayonuna səfərləri çərçivəsində dövlət başçısı bir sıra yeni mədəniyyət ocaqları və turizm müəssisələrinin açılışında iştirak edib. Ümumiyyətlə, yerli əhəmiyyətli tədbirləri nəzərə almasaq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və iştirakı ilə ötən il ərzində ölkənin 45 şəhər və rayonunu əhatə edən respublika səviyyəli 100-ə qədər müxtəlif tədbir təşkil edilib. Ölkə miqyaslı ən çox tədbir keçirilən regionlar arasında liderliyi Şəki şəhəri tutur. Bu cəhətdən hesabat ilində yüksək aktivlik nümayiş etdirmiş bölgələr sırasında “Xalq Yaradıcılığı Paytaxtları” seçilmiş Quba, Masallı və Gədəbəy rayonları ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərini, Qəbələ və Xaçmaz rayonlarını göstərmək olar”.

 

   Yerlərdə mütəxəssislər üçün güzəştlərin tətbiqi səmərəli ola bilər

  

   Vaqif Əliyev regionlarda ən mühüm problemlərdən birinin ixtisaslı kadrların, xüsusilə ali təhsilli mütəxəssislərin çatışmazlığı olduğunu diqqətə çatdırdı: “Şəhər və rayonlarda çalışan 33 min 143 nəfər mədəniyyət işçisinin yalnız 12%-i ali təhsillidir. Orta təhsilli işçilərin göstəricisi isə regionlarda 39% təşkil edir. Bu vəziyyət paytaxtdan uzaq, dağlıq rayonlarda daha mürəkkəbdir. Digər mühüm məsələ regionlarda mədəniyyət işçilərinin ümumi sayında gənclərin payının o qədər də yüksək olmamasıdır. Belə ki, 30 yaşa qədər gənclər mədəniyyət işçilərinin cəmi 24%-ni təşkil edir. Bu problemlərin müxtəlif səbəbləri var. Etiraf etmək lazımdır ki, ali təhsilli gənclər regionlarda, xüsusilə ucqar bölgələrdə çalışmağa həvəs göstərmirlər. Burada ən müxtəlif amillər - və yaşayış şəraiti, maddi təminat faktoru öz rolunu oynayır.

   Bütün bunların nəticəsidir ki, hazırda bəzi regionlarda ali təhsilli mütəxəssisələrə - kitabxanaçılara, klub işçilərinə, musiqi məktəbi müəllimlərinə böyük ehtiyac yaranmışdır. Ayrı-ayrı rayonların mədəniyyət və turizm şöbələri (Göygöl, Salyan, Xızı, Goranboys.) qonşu rayon və şəhərlərdən mütəxəssisləri cəlb etməklə problemi aradan qaldırmağa çalışmışlar. Ancaq, düşünürük ki, bu mühüm məsələnin həlli üçün respublika üzrə kompleks tədbirlərin görülməsi olduqca vacib əhəmiyyət kəsb edir. Bu tədbirlərə regionlarda çalışan mütəxəssislər üçün müxtəlif güzəştlərin nəzərdə tutulması, paytaxtdan uzaq bölgələrin mədəniyyət müəssisələrinə dövlət aliorta ixtisas müəssisələri tərəfindən təyinat mexanizminin qismən bərpa edilməsi, rayonlarda ən çox ehtiyac duyulan mütəxəssislər barədə vahid məlumat bankının yaradılmasını aid etmək olar”.

  

   Bölgələrdə təmirə ehtiyacı olan 1935 mədəniyyət ocağı var

  

   Regionlarda mədəniyyət müəssisələri binalarının texniki vəziyyəti, mədəniyyət ocaqlarının maddi-texniki bazası da həlli vacib olan problemlər sırasına aiddir. Hazırda bölgələrdə əsaslı və cari təmirə ehtiyacı olan 1935 mədəniyyət ocağı var, 1226 müəssisə isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Son illər ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlarda yeni mədəniyyət ocaqlarının inşası, müəssisələrin əsaslı təmiri və yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

   Lakin bu məsələyə nazirliyin yerli orqanlarının rəhbərləri də diqqəti gücləndirməli, icra strukturları qarşısında əsaslandırılmış təkliflər irəli sürməlidirlər. Bu gün regionların abadlaşması, məscidlərin inşası, tədris ocaqlarının yenidən qurulması işində fəal iştirak edən ölkə sahibkarları və bələdiyyələrin Azərbaycanın qədim mədəni irsinin qorunması işlərinə cəlb edilməsi vacib əhəmiyyət daşıyır.

   Mədəniyyət və turizm nazirinin birinci müavini bu gün regionlarda kinoteatrların vəziyyətinin narahatlıq doğurduğunu vurğuladı: “Region kinoteatrlarının böyük əksəriyyətinin əsaslı təmirə, onların müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchizatına ehtiyac var. Lakin bir çox hallarda mədəniyyət və turizm şöbələrinin rəhbərləri bölgələrdə dövlət şəbəkəsində saxlanılan kinoteatrların effektiv işləmə mexanizminin qurulması, yerli adamları tərəfindən özəlləşdirilmiş kinoteatr binalarının bərpa olunaraq təyinatı üzrə istifadəyə verilməsinə səy göstərmirlər”.

   Məruzədə o da qeyd olundu ki, rayon-şəhər şöbələri fəaliyyətində əsasən mədəniyyət sahəsinə üstünlük verərək dövlət turizm siyasətinin icrasına lazımi diqqət göstərmirlər. Şöbələrin turist şirkətləri ilə əlaqələri zəifdir, bölgələrə gələn turistlərin mədəniyyət müəssisələrinə cəlb edilməsi, turist marşrutlarının müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü aparılmır, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı əlaqələri hələ də aşağı səviyyədədir. Bu problemlərin ardıcıl və mərhələli həlli üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən zəruri islahatlara başlanılıb və bu istiqamətdə atılan addımlar gözlənilən müsbət nəticələri verməkdədir.

  

   Pullu xidmətlərin tətbiqi üçün təşəbbüslər göstərilmir

  

   Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət BabayevRegionlarda mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəni layihələrin icrası vəziyyəti: mövcud durum, gözlənilən nəticələr” mövzusunda məruzə etdi. Qeyd olundu ki, nazirlik tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınmaqla, mədəniyyətimizin, mədəni irsimizin qorunması, bərpası və istifadəsində müasir texnologiyaların tətbiqi vasitəsilə əsaslı və hərtərəfli islahatlar davam etdirilir.

   İslahatların davamı olaraq hazırda milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irsin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” tərtib edilir. Bu üç mərhələdə aparılır. Bundan başqa, qeyri-maddi mədəni irsin sistemli şəkildə inkişafı və təbliğini təşkil etmək məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin portfolio bankı” hazırlanır”.

   Fikrət Babayev regionlarda muzeyklub müəssisələrinin rəhbərlərinin bazar iqtisadiyyatı şəraitində menecmentin imkanlarından səmərəli istifadə etmədiyinə diqqət çəkdi: “Mədəniyyət müəssisələri daha rəngarəng və maraqlı pullu xidmətlərin göstərilməsi üçün konkret təşəbbüslər göstərmirlər. Bölgə muzeylərinin turizm şirkətləri ilə bağladıqları əməkdaşlıq müqavilələri isə formal xarakter daşıyır”.

  

   Turizmdə dövlət və özəl sektorun əməkdaşlığı mühüm amildir

  

   Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyevRegionlarda turizmin inkişafı və mövcud problemlər” mövzusunda məruzəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm nümayiş obyektlərinin yaradılması, peşə hazırlığının artırılması və ümumilikdə regionlarda turizmin təşviqi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdı. Bildirdi ki, bu layihələr çərçivəsində ötən il Quba rayonundaKulinariya turu”, İsmayıllı rayonunda “Qırx otaq əfsanələri” və “Fit dağı əfsanələri” adlı mədəni turizm marşrutları və Qaradağ rayonu ərazilərində Lökbatan, DaşgilQoturdağda “Palçıq vulkanı” adlı ekoturizm marşrutu üzrə infoturlar keçirilib, marşrutlar pasportlaşdırılıb.

   Bu layihələr çərçivəsində regionlarda tarix-mədəniyyət abidələrimizin və milli dəyərlərimizin turizm şirkətləri vasitəsilə qonaqlara çatdırılmasında geniş imkanlar yaranıb. Hazırda paytaxtregionlar üzrə 48 mehmanxanamehmanxana tipli yerləşdirmə obyektinin tikintisi gedir. İnşası davam etdirilən hotellər arasında “Fairmont”, “Rixos” və “Sheratonkimi tanınmış beynəlxalq brendlər var.

   Aydın İsmiyev bildirdi ki, bölgələrdə istirahət mərkəzlərinə və turizm nümayiş obyektlərinə (tarixi, mədəni və arxeoloji abidələrə, mədəniyyət qoruqlarına, muzeylərə) gedən yolların təmiri və müvafiq göstərici nişanların qoyulması işi çox zəif gedir. Rayonların turizm məkanı kimi tanıdılması məqsədilə təşviqat işləri də zəif aparılır, şəhər və rayonları təbliğ edən əcnəbi dillərdə reklam-çap məhsulları və saytlar yox dərəcəsindədir: Turizmin sistemli şəkildə inkişafına nail olmaq, ölkəmizdə zəngin olan tarixi, maddi və mənəvi dəyərlərdən turizm məqsədləri üçün daha səmərəli istifadə etmək, turizmin inkişafının yeni mərhələsində mövcud olan problemləri aradan qaldırmaq məqsədilə regionlarda dövlət və özəl sektorun əməkdaşlığı, rayon şöbələrinin fəallığı vacibdir”.

  

   Qaldırılan məsələləri uğurla həll edə bilən rayonlar var

  

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında müşavirənin mövzusunun aktuallığını diqqətə çatdırdı: “Çıxışları, təşəbbüsləri, təklifləri diqqətlə dinlədim. Mədəniyyət və turizm şöbələrinin qaldırdıqları məsələlər - istər nəqliyyat, istər kadr siyasəti, istərsə də maddi-texniki baza ilə bağlı digər məsələlər sovet hakimiyyəti dövründə də olub, bu günvar. Amma unutmayaq ki, yerlərdə bu problemləri uğurla həll edən nümunəvi rayonlar var. O zaman sual oluna bilər, nəyə görə bəzi rayonlarda bu problemlər həll olunur? Şöbə rəhbərləri bütün bunlar haqqında düşünməli, kadr çatışmazlığı ilə bağlı tabeliyində olan mədəniyyət müəssisələrinin imkanlarından maksimum istifadə etməlidirlər”.

  

   * * *

 

   Tədbirdə Qəbələ Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Nargilə Qafarova, Gəncə Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Sənan Hacıyev, Şuşa Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Zahid Abbasov, Abşeron Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri İlham Manafov, Kürdəmir Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Vaqif Alıyev ötən il görülən işlərlə bağlı məlumat verdilər, təşəbbüs təkliflərlə çıxış etdilər.

   Sonda 2012-ci ildə səmərəli fəaliyyətinə görə fərqlənmiş mədəniyyət turizm şöbələrinin əməkdaşlarına fəxri fərman mükafatlar təqdim edildi. Nazirliyin Təhsil sektorunun müdiri Vaqif Babayev yubileyi münasibətilə fəxri fərmanla təltif olundu.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2013.- 20 mart.- S. 4-5.