Ana dedim, qarşımda gözəl bir səhnə açıldı...

 

   Martın 15-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatında və digər xalqların poeziyasında ana haqqında yazılmış şeirlərin toplandığı dəyərli bir nəşrin - “Ana” kitabının təqdimat mərasimi keçirildi. Kitab Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi kimi ərsəyə gəlib.

  

   Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq nəşrin məziyyətlərinə diqqət çəkdi: “Bu kitabın mövzusu bəşəri və daim əzizdir. Təqdimatla əlaqədar təşkil etdiyimiz sərginin adı da təsadüfi seçilməyib - “Ana haqqı - Tanrı haqqı”. Analara həsr edilmiş bu kitab, inanıram ki, hər bir oxucu üçün əziz və çox dəyərli olacaq”.

   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev belə bir maraqlı nəşrin təqdimatının əlamətdar hadisə olduğunu vurğuladı: “Milli Kitabxanada müxtəlif kitabların təqdimatında iştirak etmişik. Bu gün isə xüsusi bir təqdimatdır. Analar haqqında bu qədər şeiri bir kitabda nəşr edib oxuculara çatdırmaq təqdirəlayiq haldır. Belə bir toplunun nəşrində əməyi keçən hər kəsi təbrik edirəm”.

   Xalq şairləri Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Xalq yazıçısı Çingiz Abdullayev, tanınmış şairlər Çingiz Əlioğlu, İlyas Tapdıq, Əməkdar jurnalist Flora Xəlilzadə və digərləri çıxışlarında “Anamövzusunda hazırlanmış toplunun əhəmiyyətini vurğuladılar. Bildirildi ki, topluAnamövzusunda yazılacaq digər kitablar üçün gözəl başlanğıcdır.

   Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev nəşrin hazırlanması barədə danışdı, topluda yer almış poetik nümunələrin mənəvi dəyəri ilə bağlı fikirlərini bölüşdü.

   Milli Dram Teatrının aktyorları Xalq artistləri Laləzar Mustafayeva, İlham Əsgərov, Əməkdar artisti Ağalar Bayramovun ifasında ana haqqında şeirlər, xanəndə Gülay Qədirova və muğam üçlüyünün ifasında ana mövzusunda qəzəllər böyük maraqla dinlənildi.

   Sonda kitabın tərtibçisi Taleh Həmid toplunun ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi. İştirakçılar “Ana haqqı - Tanrı haqqı” adlı kitab sərgisi ilə tanış oldular.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 20 mart.- S. 3.