Beynəlxalq muğam müsabiqəsi başa çatdı

 

   Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyiMuğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 15-dən 18-dək beynəlxalq muğam müsabiqəsi keçirildi. Əvvəlki müsabiqələrdən fərqli olaraq builki yarışma iki nominasiya - solo muğaminstrumental muğam ifaçılığı üzrə təşkil olunmuşdu.

  

   Müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, İran, Tacikistan, Belçika, Türkmənistan, Hindistan, Çin və Mərakeş musiqiçiləri iştirak edirdilər. Ölkəmizi musiqi yarışmasında Arzu Əliyeva, Aytən Məhərrəmova, Mirələm Mirələmov, Ariz Hüseynov, Səbinə Ərəbli, Abgül Mirzəliyev (xanəndələr), instrumental ifaçılardan Aysu Sadıqova (qanun), Şəhriyar İmanov (ud), Şəhriyar Musayev (kamança), Bəhruz Zeynalov (tar), Pərviz Quliyev (balaban), Təbriz Yusifov (kamança) təmsil edirdi.

   Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi idi. Solo muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətində xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidov, instrumental muğam ifaçılığı üzrə münsiflər heyətində isə Azərbaycandan Nazim Kazımov, Xalq artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbok yer almışdı.

   Birinci tur martın 15-də və 16-da, ikinci tur martın 17-də və 18-də keçirildi. İnstrumental muğam ifaçılığı üzrə ilk turun seçimlərinə əsasən, Azərbaycandan Pərviz Quliyev, Təbriz Yusifov, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Şəhriyar MusayevAysu Sadıqova, Türkmənistandan Orazmurat Annanepesov, Mərakeşdən “Əndəlus gəncləri” qrupu, İordaniyadan Yaqub Smairat, Tarik Əlcundi, Belçikadan Vinsent Vilkin, Hindistandan Surindeh Singh və Türkiyədən “Səda” qrupu iştirak edib. Şəhriyar İmanov, Bəhruz Zeynalov, Pərviz Quliyev, Şəhriyar Musayev, Surindeh Singh (“Raqa qrupu”, Hindistan), Tarik Əlcundi, (İordaniya) instrumental muğam ifaçılığı üzrə ikinci turda çıxış etmək hüququ qazanıb.

   Müsabiqənin solo muğam ifaçılığı üzrə birinci turunun seçimlərində Azərbaycan, İran, Çin, Mərakeş, Hindistan, Tacikistan, Türkiyə, Türkmənistandan olan qrup və ifaçılar iştirak edib. Azərbaycandan Mirələm Mirələmov, Ariz Hüseynli, “Butaqrupu, habelə Abdulla Qurbani (Türkiyə), “Əndəlus gəncləri” qrupu (Mərakeş), “Naghsh” ansamblı (İran) ikinci turda çıxış etmək hüququ qazanıb.

   Martın 18-də III Beynəlxalq Muğam Müsabiqəsi başa çatdı. Professor Siyavuş Kərimi müsabiqəyə güclü iştirakçıların qatıldığını, münsiflər heyətinin də seçimlərdə müəyyən qədər çətinlik çəkdiyini bildirdi. Sonra ikinci turdan keçmiş iştirakçıların adları açıqlandı.

   İnstrumental muğam ifaçılığı üzrə Azərbaycandan Şəhriyar Musayev, Pərviz Quliyev, Şəhriyar İmanov, Bəhruz Zeynalov, HindistandanRaqaqrupu, solo muğam ifaçılığı üzrə isə Azərbaycandan Mirələm Mirələmov, Ariz Hüseynov, Türkiyədən “Səda”, Mərakeşdən “Əndəlus gəncləri”, İrandanNasim e Tarab” qrupları qalib olublar. Bildirildi ki, hər iki nominasiya üzrə xüsusi mükafatların sahibləri də müəyyən edilib.

   Martın 19-da Azərbaycan Dövlət Filarmoniyasında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və onların iştirakı ilə qala-konsert keçirildi.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 20 mart.- S. 2.