“Muğam aləmi” yaddaşlarda
iz qoydu
Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə martın 9-dan 19-dək davam edən “Muğam aləmi”
III Beynəlxalq Muğam Festivalı ölkəmizin mədəni
həyatında mühüm hadisə olmaqla yanaşı, milli
musiqi sənətimizin təbliğinə, mədəniyyətlərarası
dialoqa böyük töhfə oldu, sənətsevərlərin
yaddaşında dərin iz qoydu. Festival günlərində
Bakıda və ölkəmizin müxtəlif regionlarında rəngarəng
konsertlər, musiqi tədbirləri gerçəkləşdi.
Martın 18-də Beynəlxalq
Muğam Mərkəzində festivalın son konsertində eyni
səhnəni bölüşən Türkiyə və Azərbaycan
musiqiçiləri maraqlı proqramla çıxış
ediblər. Əvvəlcə Türkiyənin “Anadolunun səsləri”
qrupu “Bozlak ve Semah” musiqi nömrəsini təqdim edib.
Konsertin ikinci hissəsində Azərbaycan
xanəndələri - Xalq artisti Nəzakət Teymurova və gənc
muğam ifaçısı Vəfa Vəzirova “Hümayun”
muğamını təqdim ediblər.
Xanəndələri Əməkdar
artist Əliağa Sədiyev (tar), Elnur Mikayılov
(kamança), Əməkdar artist Kamran Kərimov (nağara),
Şirzad Fətəliyev (nəfəs alətləri),
Çinarə Mütəllibova (qanun), Eyvaz Həşimov
(qoşanağara), Hüsaməddin Əzizov (nağara), Şəhriyar
İmanov (ud), Nizami Allahverdiyev (balaban) və Qalib Həşimov
(ud) müşayiət ediblər. Konsert
çoxsaylı tamaşaçı alqışları ilə
qarşılanıb.
Mədəniyyət.-
2013.- 20 mart.- S. 2.