Kinomuzun Hüseyn xanı
Azərbaycan
teatr və kino sənətində iz qoymuş sənətkarlardan
biri də tanınmış aktyor, respublikanın Əməkdar
artisti Əlisəttar Məlikovdur. 1892-ci il martın 15-də Bakıda dünyaya
göz açan Əlisəttar
Muradəli oğlu Məlikov əmək fəaliyyətinə
20-ci illərdə Türk İşçi
Teatrında başlayıb, bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Onun kinoya gəlişi isə 30-cu illərin əvvəlinə təsadüf edir. Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmalarında bununla bağlı maraqlı faktları diqqətə çatdırır. Həmin dövrdə “Azərfilm” kinostudiyasında 26 Bakı komissarı haqqında bədii film çəkmək qərara alınır. Bunun üçün Gürcüstandan tanınmış rejissor N.Şengelaya kinostudiyaya dəvət olunur. O, filmə aktyor seçərkən Türk İşçi Teatrında oynanılan tamaşalara da baxır. Gənc aktyor Əlisəttar Məlikovun çıxışları xoşuna gəlir, onu çəkiliş qrupuna daxil edir. Əlisəttar “26 komissar” filmində bolşevik rolunu canlandırır. Filmin çəkilişi zamanı kinostudiyada olan işgüzar ab-hava gənc aktyorun o qədər xoşuna gəlir ki, o, gələcək həyatını və yaradıcılığını bütünlüklə kinematoqrafiyaya bağlayır. 1933-cü ildə “Neft simfoniyası” sənədli filmində neftçilərdən birini, 1934-cü ildə isə rejissor M.Mikayılovun “İsmət” filmində bortmexanik Məmmədovu canlandırır.
Həmin vaxt böyük dramaturq Cəfər Cabbarlı eyniadlı əsəri əsasında yazdığı “Almaz” ssenarisini lentə almağa hazırlaşırdı. Barat roluna Əlisəttar Məlikovu təsdiq edir. Lakin Cəfər Cabbarlı qəfil vəfat etdiyindən filmin çəkilişi ləngiyir. Yeni təyin edilən rejissorlar A.Quliyev və Q.Bakinski onun aktyor seçimini o qədər də dəyişmir. Əlisəttar Məlikov Barat rolunda filmə çəkilir. Ekran əsərində Barat qurucu, yenilikçi obraz kimi tamaşaçı yaddaşına həkk olunur.
1938-ci ildə lentə alınan “Bakılılar” (Rejissor V.Turinin) tarixi-inqilabi filmində Əlisəttar Məlikov baş qəhrəman fəhlə Cəfərin dostu - bolşevik rolunda çəkilib. Digər tarixi-inqilabi ekran əsərində - “Kəndlilər” filmində (rejissor S.Mərdanov) aktyor baş qəhrəman aşıq Göydəmirin silahdaşı Rəhimin surətini yaradıb. Obraza xas olan nikbin əhval-ruhiyyəni, xarakterindəki insani keyfiyyətləri incə ştrixlərlə və peşəkarlıqla göstərə bilib.
O, ifa etdiyi bütün rollarda obrazın daxili aləmini, onun həyata baxışını açmağa çalışırdı.
“Bakılılar” və “Kəndlilər”dən fərqli olaraq “Yeni horizont” (1940) filmi müasir mövzuya (Bakı neftçilərinin həyatına) həsr olunmuşdu. Rejissorlar A.Quliyev və Q.Braginskinin çəkdikləri bu ekran əsərində aktyor Rüstəm Abbasov rolunu canlandırır. Böyük Vətən müharibəsi illərində aktyor üç filmə dəvət alır. “Vətən oğlu” filmində arxa cəbhədə gecə-gündüz çalışıb cəbhəyə daha çox neft verməyə çalışan neftçi, “Bəxtiyar” filmində (1942) poçtalyon və “Bir ailə” kinoalmanaxında dalğıc Məmməd rollarına çəkilir.
Müharibədən sonra, 1947-ci ildə rejissor Y.Dziqan lentə aldığı “Fətəli xan” tarixi-bioqrafik filmində Əlisəttara ən koloritli obrazlardan birini - Hüseyn xan rolunu tapşırır. O, bu obrazın öhdəsindən məharətlə gəlir. Filmə baxarkən adama elə gəlir ki, o, aktyor yox, həqiqətən Hüseyn xanın özüdür. Gözlərinə baxanda hiss edirsən ki, intiqam almağa tələsir. Fürsət gözləyir ki, Fətəli xandan intiqam alsın. Onun ifasında Hüseyn xan obrazı Azərbaycan kino tarixində yaşayacaq.
Əlisəttar Məlikov peşəkar bir aktyor kimi keçmiş Sovet respublikalarından da çəkilişlərə dəvət edilib. “Türkmənfilm” kinostudiyasının istehsal etdiyi “Mən qayıdacağam” bədii filmində Qurban, “Mosnauçfilm” (Moskva) kinostudiyasının çəkdiyi “Qazma rejimi” elmi-kütləvi filmində qazma ustası roluna çəkilib.
Onun aktyorluqla yanaşı, rejissorluq fəaliyyəti də maraq doğurur. 1948-ci ildən etibarən rejissor assistenti kimi tanınmağa başlayıb. Görkəmli kinorejissor Hüseyn Seyidzadə 1954-cü ildə Əlisəttar Məlikova verdiyi xasiyyətnamədə yazıb: “Əməkdar artist Əlisəttar Məlikov “Doğma xalqımıza” rəngli filmində rejissor assistenti vəzifəsində çalışıb. Onun istehsalat təcrübəsi böyükdür. Yeddi bədii və xeyli kino oçerklərin çəkilişində yaxından iştirak edib. Bədii kinematoqrafiya sahəsində professional səriştəyə, rejissor assistenti üçün vacib olan təşkilatçılıq bacarığına malikdir”.
Əlisəttar Məlikov “Doğma xalqımıza” bədii-sənədli filmindən başqa, “Almaz” (1936), “Kəndlilər” (1939), “Bəxtiyar” (1942), “Sualtı qayıq T-9” (1943), “Arşın mal alan” (1945), “O olmasın, bu olsun” (1956), “Mahnı belə yaranır” (1957), “Kölgələr sürünür” (1958), “Böyük dayaq” (1962) kimi bədii və bir neçə sənədli filmdə rejissor assistenti, “Bir qalanın sirri” film-nağılında (1959) ikinci rejissor işləyib.
Görkəmli sənətkar uzun və şərəfli bir ömür yaşayıb. Həm də gözəl ailə başçısı olub. 1971-ci il martın 26-da gəlimli-gedimli dünyanın yol ayrıcına çatıb. Ömrünün müdrik çağında vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 29 mart.- S. 15.