Sevgi dolu bir
ömür ver könlümə
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şairə Fəridə Hacıyevanın 60 illik yubileyi qeyd edildi.
Tədbiri açan Xalq
şairi Fikrət Qoca yubilyara Azərbaycan Yazıçılar
Birliyinin təbrikini çatdırdı.
Daha sonra çıxış
edənlər şairənin
yaradıcılığından danışdılar. Bildirildi
ki, Fəridə Hacıyeva “Məni məndən alan dünya” (1998), ”Dünyama
qovuşacağam” (2000), “Göylər
pənahım mənim”
(2004), “Hu, mevlana, hu” kitablarının, “Gül açan xatirələr”, “Ümid çırağı”, “İtirilmiş
yurd yeri” pyeslərinin, görkəmli
rumın şairi Mixay Emineskudan etdiyi tərcümələrdən
ibarət “Ulduzlardan
pay istərəm” kitabının
müəllifidir.
Vurğulandı
ki, ədəbiyyata
1979-cu ildə dərc
olunmuş “Söylə
gülüm” şeiri
ilə gələn Fəridə Hacıyeva zərif duyğulu şair kimi həmişə oxucular tərəfindən rəğbətlə
qarşılanıb. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Unudulmuş yurd yeri”, “Ümid
çırağı”, “Gül
açan xatirələr”
pyesləri onun yaradıcılığında böyük uğur kimi dəyərləndirildi.
Milli Kitabxananın əməkdaşları adından
Fəridə xanımı
təbrik edən Mələk Hacıyeva onu gözəl şairə və sədaqətli rəfiqə,
yaxşı insan kimi xarakterizə etdi.
Digər çıxışçılar F.Hacıyevanın təkcə
ölkəmizdə deyil,
Avropa və qardaş Türkiyədə
də tanındığını
diqqətə çatdırdılar.
Qeyd edildi ki, şairənin şeirləri Rumıniyada
“Qara dəniz”, “Haqqın səsi”, “Gənc nəsil” qəzetlərində dərc
edilib. Eləcə də türk mətbuatında F.Hacıyevanın
əsərlərinə dəfələrlə
yer ayrılıb.
Sonda çıxış edən
yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirdi və yeni şeirlərini oxudu.
Qeyd edək ki, Fəridə
Hacıyeva 1971-ci ildə
Kitabxanaçılıq Texnikumunu,
1976-cı ildə isə
Azərbaycan Dövlət
İncəsənət Universitetini
bitirib. Hazırda M.F.Axundzadə adına Milli Kitabxananın dövri mətbuat bölməsinə rəhbərlik
edir.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 29 mart.-
S. 12.