Azərbaycan, mənim tacım, taxtım oy!
Martın 25-i Azərbaycanın
mühacir şairi, həsrət şairi Almas İldırımın
doğum günü idi.
Almas
İldırımın həyatı
qəmli bir nağıla, qürbət,
həsrət, dərd
dolu hekayəyə, tarixin çətin bir dönəmində bir millətin başına gətirilən
faciələrdən bəhs
edən romana bənzəyir. 45 illik ömründə sürgün,
mühacirət, qürbət
həyatı yaşayan
Almas İldırım
zamanın sərt döngələrində xalqını,
millətini, vətənini
hər kəsdən çox sevdiyi üçün “xalq düşməni” damğası
ilə günahlandırıldı.
Əvvəlcə Dərbəndə, sonra Aşqabada sürgün olundu. Ömrünün baharında
dəfələrlə ölümlə
göz-gözə, nəfəs-nəfəsə
dayandı...
Onun iradəsini, əqidəsini
heç nə qıra bilmədi: nə təqiblər, nə böhtanlar, nə haqsızlıqlar. O
oddan-alovdan keçib bütün varlığı
ilə bağlandığı
Türkiyəyə can atdı,
qardaş ölkəyə
pənah apardı. Türkiyə qollarını
açıb onu öz balası kimi qarşıladı...
Almas İldırım Türkiyənin
söz, sənət beşiyi olan Elazığda 19 il
yaşadı. Şəxsiyyəti, istedadı, şeriyyəti
ilə bu torpağın sevimli övladlarından biri oldu.
Zaman axdı, sular duruldu, SSRİ adlı imperiya süqut etdi. O günü görmək böyük şairimizə nəsib olmasa da, övladlarına
nəsib oldu. Almas İldırım
iki qardaş ölkənin vətən,
xalq şairi kimi tarixə düşdü...
Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində varlı ailədə dünyaya gəlib. Bir müddətdən sonra ailəsi Qaladan Çəmbərəkəndə
köçür. Burada
fars təmayüllü
yeddiillik “İttihad məktəbi”ndə təhsil
alır. Hələ məktəbdə oxuyarkən şeirlər yazır, farscanı mükəmməl öyrənir.
Sonra Pedaqoji Məktəbi bitirir. Məktəbdə rus dilini də dərindən öyrənir, Qafur Əfəndiyev, Qantəmir,
Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq
kimi məşhur şair və yazıçılardan dərs
alır. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə
daxil olsa da, bir neçə
ay sonra zəngin ailənin övladı olduğu üçün
universitetdən uzaqlaşdırılır.
Ancaq bu, yeganə səbəb olmur. 1927-ci ildə İstanbulda
“Həyat” jurnalında
çap olunan şeiri də əsas səbəblərdən
biri idi.
Almas İldırım ədəbi
aləmə erkən yaşlarından qədəm
qoymuş, 1919-cu ildə
Seyid Hüseynin “Yaşıl qələmlər”
dərnəyində fəal
iştirak etmiş, dərnək bağlandıqdan
sonra, 1922-ci ildə Əhməd Cavadın və Hüseyn Cavidin təşəbbüsü
ilə yaradılan “Yaşıl yarpaq” dərnəyində, bu dərnəyin “Yaşıl
yarpaq” qəzetində
Mikayıl Müşfiqlə
birgə çıxış
etmişdir.
Türk dünyasına bağlı
olan azad fikirli gənc zamanın sosial və siyasi məsələlərinə qarşı
çıxdığına görə 19 yaşında
NKVD-nin “qara siyahısı”na düşür. Milli-mənəvi məsələlərdə etdiyi vətənpərvər
çıxışları, İstanbulda çap olunan şeiri ona şan-şöhrətlə
yanaşı bəlalar
da gətirir.
Vətəninə, millətinə sonsuz
sevgi dolu gənc 1931-ci ildə Aşqabada sürgün olunur. Bu zaman o, “Əlvida, Bakı” şeirini yazır:
Səndə keçib getdi iyirmi dörd yaşım,
Bir zaman bəladan çıxmadı başım,
Sən oldun həmdəmim, dərdli yoldaşım,
Laylalar söylədin mənə,
əlvida!
O, Aşqabadda çeşidli türk ellərindən sürgün
edilən ailələrin
uşaqlarına elm öyrədib,
dərs deyir. 1932-ci ildə Şamaxıdan
sürgün edilən
və əslən Güney Azərbaycandan olan bir ailənin
qızı ilə evlənir. Aşqabadda
Almas İldırımın
azadlıq mövzulu şeirləri əldən-ələ
gəzir.
Sovet ideologiyasına xidmət
etmədiyi üçün
burda da təqib olunur.
1933-cü il iyunun 19-da Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb karvanla yola çıxır:
Bilmirəm ki, yurdunu sevən
bir şair,
Nə üçün bir cani kimi
izlənir.
İran sərhədinə yaxın bir yerdə istiqaməti itirirlər. Onları
tuturlar, “Bolşevik sovet casusu” damğası
ilə 25 gün Almas İldırıma
işgəncə verirlər,
24 saat sinəsinə kimi soyuq suda
saxlayırlar. Onlar 1934-cü ildə böyük müsibətlərdən keçib
Türkiyənin Van şəhərinə
gəlirlər. Bir neçə
aydan sonra Vandan Elazığa gedirlər. Almas
İldırım əvvəl
müəllim, sonra nahiyə müdiri işləyir. Elazığın bütün bölgələrində
təhsillə bağlı
böyük işlər
görür, məktəblər
açır.
Elazığda adsız bir
gölün sahilinə
gedib göl ilə dərdləşərmiş.
Bir gün Atatürkə məktub yazır ki, qürbətdə böyük bir Xəzərim var, adı olmayan bu gölə Xəzər adı verməyimə izn verin. Atatürk bu xahişi
qəbul edir. O zamandan bu gölcüyün
adı Xəzər olur.
Aç qoynunu, uzaqdan gəlmişəm, çox
yaslıyam;
Eli, yurdu
çalınmış bir
qərib Qafqazlıyam.
Zənn etmə ki, yoxsulam,
Kürlüyəm, Arazlıyam
Bakıdan ayrılalı yaxın
zamandır Gölcük.
Almas
İldırım vətənindən
ayrı heç bir şey düşünməz,
elinin-obasının həsrəti
ilə yaşayardı.
Könlümə
tək Kəbə seçdim səni mən,
Sənsiz neynəm, qürbət eldə günü mən,
Sənsiz neynəm Allahı mən, dini mən!
Azərbaycan, mənim tacım, taxtım oy!
Oyanmazmı kor olası
baxtım oy?!
Vətənindən
ayrı düşən
Almas İldırım
vətəni üçün,
Türkiyə üçün
o qədər gərəkli
bir insan oldu ki, Azərbaycan
və Türkiyə onu heç unutmadı. Onun şəxsiyyəti, ədəbi
fəaliyyəti, şeirləri
Elazığda bir nağıla döndü...
...Bu nağıl
bitməyəcək, Xəzərdən
Xəzərə könül
yolları salan Almas İldırım Azərbaycanın, Türkiyənin,
Elazığın şairi
kimi anılacaq, xatırlanacaq, onun vətən yanğısı
ilə od
tutub yanan şeirləri zaman-zaman insanların ruhunu oxşayacaq, yaddaşlardan-yaddaşlara,
nəsillərdən-nəsillərə keçib yaşayacaq...
Təranə Vahid
Mədəniyyət.-
2013.- 29 mart.- S. 12.