O qara günləri unutmamalıyıq

 

   “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Prezident fərmanına uyğun olaraq respublikamızın mədəni-maarif müəssisələrində tədbirlər, mərasimlər keçirilir, zaman-zaman başımıza gətirilən fəlakətlər, faciələr, erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımlar barədə əhaliyə, xüsusilə də gənclərə ətraflı məlumat verilir.

   31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Tarixin qaranlıq səhifələri” adlı söhbət-mühazirə keçirildi. Rayonun idarə və müəssisələrindən, təhsil ocaqlarından dəvət olunmuş nümayəndələrin iştirak etdiyi tədbiri MKS-nin direktoru Gülnaz Məhərrəmova açaraq 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə ətraflı danışdı.

   MKS-nin əməkdaşları Nisə Əliyeva, Mehparə Əhmədova, Rəqibə Əmirəliyeva və Gülüstan Rəhimova mövzu ilə əlaqədar çıxış etdilər, qan yaddaşımızın silinməz səhifələrindən söz açdılar.

   MKS-nin direktoru tədbiri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “31 mart” məqaləsindəki dəyərli sözlərlə yekunlaşdırdı: “Vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmaqdır. Borcumuz bu Vətəni gələcəkdə də hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır...”

  

 

   Mübariz Səfiyaroğlu,

   Zərdab rayon MKS-nin əməkdaşı

 

  Mədəniyyət.- 2013.- 29 mart.- S. 11.