“Yeni səyyar sərgiçilik”
Mədəniyyətlərin dialoquna xidmət edən layihədə ölkəmiz
fəal iştirak edir
İnsan cəmiyyəti bütün zamanlarda onu gözəllik,
fantaziyalar, yüksək ideyalar
dünyasına aparmaq kimi
heyrətamiz gücü olan
incəsənətin əhəmiyyətini dərk edib. İncəsənətin başqa
dəyərli keyfiyyəti də var -
sabahkı günün sakitliyi
üçün narahat
olan hər kəsi bir
amal altında birləşdirməyi bacaran sülhməramlı, sülhpərvər
rolunda çıxış etmək.
Təəccüblü deyil ki, müasir dünyada zəifləmiş dövlətlərarası əlaqələrin (XX əsrin sonu - XXI əsrin əvvəlində baş vermiş məlum ictimai-siyasi kataklizmlər nəticəsində) bərpası kimi aktual problemi yalnız siyasi səviyyədə deyil, mədəni-ədəbi münasibətlərin qurulması müstəvisində də həll etməyə çalışırlar. Bu istiqamətdə işlənmiş çoxsaylı layihələr belə təşəbbüsün özünü doğrultduğunu və aktiv inkişafını göstərir.
Bu baxımdan bizim ölkəmizin təcrübəsi də diqqətəlayiqdir. Buna sübut olaraq müasir dünyanın multikulturalizm və mədəni özünüdərk, cəmiyyətin həyatında multikulturalizm, postmodern mədəniyyətdə ənənəvi dəyərlər sistemi və s. vacib problemlərin nəzərdən keçirildiyi II Bakı Beynəlxalq Humanitar Forumunu misal göstərmək kifayətdir.
Məlum olduğu kimi, multikulturalizmin əsas prinsipi xalqların və konfesisyaların, mədəniyyət və dövlətlərin, cəmiyyət və şəxsiyyətin dinc yanaşı yaşamaq imkanı ilə sıx bağlıdır. Məhz ümumdünya və ümumbəşəri dəyərlərə sadiqlikdə özünü göstərən belə düşüncə tərzi Azərbaycan mədəniyyətini onun bütün inkişaf mərhələlərində müşayiət edir. Belə mövqe bizim ölkəmizə canlı maraq və dərin hörmət oyadır ki, bu da dövlətlərarası qarşılıqlı əlaqələrin bir çox aspektlərində özünü büruzə verir. Buna çoxsaylı misallar var.
Bədii-maarifçi proqram
Tarix sübut edir ki, epoxaların kəsişməsi adətən ciddi sosial dəyişikliklərlə yadda qalır. Bir əsrdən o biri əsrə adlamaq imkanı olanlar ciddi ictimai dəyişikliklərin şahidi oldular - köhnə ənənələr dağılır və onların yerində milli özünüdərkin yaranması və inkişafı baş verirdi. Belə ağır dövrlər aktiv hərəkətə, yeni qərarlar axtarışına stimul verir. Məhz bu dalğada 1991-ci ildə Rusiyada bədii səyyar sərgiləri diriltmək fikri meydana gəldi. Bu ideya hələ XIX əsrdə fəal maarifçi fəaliyyət göstərmək, o cümlədən səyyar bədii sərgilər təşkil etmək məqsədilə “Səyyar sərgi yoldaşlığı” adlı cəmiyyətdə birləşən rəngkar və qrafika ustalarının mühitində yaranmışdı. Müasir mərhələdə “Yeni səyyar sərgiçilik” adını alan cərəyan xeyirxah məqsəd və vəzifələri həyata keçirmək ideyasıdır ki, öz çoxşaxəli fəaliyyətinin coğrafiyasını tədricən genişləndirir. Geniş miqyasda tanınan və tələbat olan “Yeni səyyar sərgiçilik” bədii-maarifçi proqramının ən dəyərli keyfiyyəti ayrı-ayrı ölkələrin şəhər və regionlarının spesifikasına uyğun keçirilən çoxsaylı layihələrin çevikliyindədir. Belə diqqətlilik və həssaslıq formatların müxtəlifliyinə gətirib çıxarır. «İncəsənət akademiyaları», “İncəsənət festivalları”, «Musiqi və teatr festivalları», «Yaradıcı emalatxanalar», “Yeddi musiqi məktəbi dərsi» və digər nisbətən az miqyaslı xüsusi tədbirlər (yerli mədəniyyət və incəsənət tədris müəssisələrinin nəzdində ustad dərsləri, mühazirə və seminarlar) artıq MDB-nin ayrı-ayrı ölkələrinin mədəniyyətinin nəzərəçarpan, ayrılmaz hissəsinə çevriliblər. Dəyərli olan odur ki, «Yeni səyyar sərgiçilik»lə bağlı ilk addımlarda yüksək bədii yaradıcılığa, ifaçılığa söykənən akademik incəsənəti əsas götürürlər. Bu bədii-maarifçi layihənin proqramlarında dünya incəsənətinin şedevrləri, dünya şöhrətli ifaçıların adları, ölkənin ən yaxşı yaradıcı qüvvələri və istedadlı gəncləri ilə əməkdaşlıq öz yerini tapıb. Belə yanaşma incəsənət dünyası ilə qovuşmaqda istisnasız olaraq müsbət nəticələr və peşəkar təkmilləşmək üçün ciddi stimul verir.
İdeyadan
reallığa
Bu, Rusiya, Azərbaycan, Ukrayna və Moldovanın akademik mədəniyyətinin təmsilçilərini özündə birləşdirən bədii səyyar sərgi ideyalarını beynəlxalq səviyyədə gerçəkləşdirən unikal layihədir. Məqsəd MDB ölkələri arasında mədəni əlaqələri möhkəmləndirmək, dost xalqların milli-mədəni ənənələrinin qovuşmasında iştirak etməkdir. Yaradıcı səviyyədə belə fəal ünsiyyət müstəqil dövlətlərə (keçmiş postsovet məkanının respublikaları) özünəməxsusluğu qorumaqla yanaşı, başqa ölkələrin milli mədəniyyətlərinə aktiv qarşılıqlı təmasda olan yeni və vahid mədəniyyət məkanı yaratmaq imkanı verir.
Bu tədbirlər ilkin olaraq səyyar “Musiqi Akademiyası” kimi düşünülsə də, sonradan geniş spektrli “İncəsənət Akademiyası” adlandı: konsertlərin keçirilməsi, tamaşaların qoyulması, bədii sərgilərin təşkil olunması və s. Bu gün əminliklə səyyar “İncəsənət Akademiyası”nın populyarlığından və müasir mədəniyyətin vacib bir hissəsi olan bəşəriyyətin yaradıcı irsinin qorunmasına və inkişafına yönələn fəaliyyətindən danışmaq olar.
«Yeni səyyar sərgiçilik” İncəsənət Akademiyası”nın əsasnaməsində deyilir ki, onun əsas vəzifələrindən biri Rusiyanın mədəniyyət mərkəzindən ucqar regionlara xüsusi diqqət göstərməkdir. Bu fikir bizim ölkəmiz üçün yeni deyil və o, Azərbaycan dövlətinin regionların mədəni inkişafı siyasəti çərçivəsində geniş işlənir. Prezident İlham Əliyevin regionların hərtərəfli inkişafına yönələn sərəncamlarına müvafiq olaraq ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi, Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının «İpək yolu» beynəlxalq festivalının təşkili buna parlaq misaldır. Bu sırada yalnız özünəməxsusluğu ilə deyil, rayonların inkişaf etmiş infrastrukturu, gözəlliyi, layihənin təşkilatçılıq səviyyəsi ilə də xarici ifaçılarda və qonaqlarda böyük maraq doğuran məşhur “Muğam dünyası” beynəlxalq festivalını da xüsusi qeyd etmək vacibdir.
Ona görə də «Yeni səyyar sərgiçilik» ideyası, daha doğrusu, onun əsas istiqaməti - akademik incəsənətin Azərbaycan regionlarında yayılması və təbliği - artıq kök atmış və yaxşı bəhrələr verən ənənələrə malikdir. Yuxarıda sadalanan festivallarda yerli ifaçılar fəal iştirak edir, ildən-ilə öz peşəkarlıqlarını təkmilləşdirirlər.
“Yeni səyyar
sərgiçilik” İncəsənət Akademiyası” Azərbaycanda
«Yeni səyyar sərgiçilik» İncəsənət Akademiyası” layihəsinə gəlincə, vurğulamaq lazımdır ki, onun keçirilməsində milli təmsilçilərlə yanaşı, MDB-nin müxtəlif ölkələrinin mədəniyyət və təhsil xadimləri iştirak edir. Beynəlxalq mədəni mübadilə ideyasını simvolizə edən bu cür əməkdaşlıq MDB ölkələrinin mədəni münasibətlərinə müəyyən töhfə verir və xüsusi məna kəsb edir. Belə dəyərli ideyanın həyata keçirilməsi «Yeni səyyar sərgiçilik» proqramının MDB ölkələri Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu (BHƏF) və xüsusi olaraq Azərbaycan üçün işlənmiş layihələrin uğurla həyata keçirilməsinə hər cür şərait yaradan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı sayəsində mümkün olmuşdur.
Yeri gəlmişkən, qeyd edək ki, BHƏF-in missiyası MDB-də mədəniyyətlərarası dialoqun və humanitar məkanın ümumi inkişafını (təhsil, elm, mədəniyyət, incəsənət, idman, İKT, turizm və gənclərlə iş üzrə), iri çoxməqsədli və uzunmüddətli layihələrin müntəzəm əsasla işlənməsi və gerçəkləşməsini (bütün MDB ölkələrində) əhatə edir. Bu baxımdan “Yeni səyyar sərgiçilik” Azərbaycanda” İncəsənət Akademiyası”nın ötən il Bakıda keçirdiyi tədbirlər - ustad dərsləri (fortepiano və xoreoqrafiya ixtisasları üzrə), mədəni əməkdaşlıq məsələləri üzrə mühazirələr, konsert proqramları, musiqili teatr tamaşaları diqqətəlayiqdir. Sadalanan bütün tədbirlərdə Azərbaycan, Rusiya, Ukrayna, Moldovanın solistləri və kollektivləri iştirak ediblər.
«Yeni səyyar sərgiçilik» Azərbaycanda» İncəsənət Akademiyası”nın Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutan açılışında musiqişünas X.Həsənzadə və professor Vsevolod Zaderatski çıxış edərək uzunmüddətli yaradıcı prosesin başlanmasının əhəmiyyətini vurğuladılar və “Akademiya” tərəfindən keçirilən tədbirlərin əhəmiyyətli mədəniyyət hadisəsi olacağına əminliklərini bildirdilər.
«Yeni səyyar sərgiçilik» proqramının bədii rəhbəri, Moskva Dövlət Konservatoriyasının professoru, Rusiya Federasiyası Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, Rusiyanın Əməkdar incəsənət xadimi V.Zaderatski MDB ölkələrinin dost xalqlarının mədəni bağlarının möhkəmlənməsi və mədəniyyət mübadiləsinin böyük əhəmiyyətini vurğuladı.
Professor V.Zaderatskinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında «Mədəniyyətin yeni sərhədləri istiqaməti» mövzusunda mühazirəsi də nəzərdən keçirilən problemlərin aktuallığı və dərin fikirləri ilə böyük maraq doğurdu.
“Yeni səyyar sərgiçilik” İncəsənət Akademiyası”nın konsert proqramında Azərbaycan, Rusiya, Ukrayna, Moldovanın ifaçıları çıxış etdilər.
Beynəlxalq festivallar laureatı, Moskva Dövlət Akademik Filarmoniyasının solisti Vadim Rudenko (fortepiano) artıq Bakı musiqisevərlərinə tanışdır. İfaçının yüksək peşəkarlığı nüfuzlu beynəlxalq festivallarda qiymətləndirilib. Bu dəfə Vadim Rudenko böyük bəstəkarlar Bax, Motsart, Brams, Çaykovski, Raxmaninovun əsərlərini ifa etdi və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Onun Q.Qarayev adına uşaq musiqi məktəbində apardığı ustad dərsləri isə çoxsaylı dinləyici topladı. Məktəbin pedaqoqlarının işini müsbət qiymətləndirən dünya şöhrətli pianoçu iştirakçılara müəllif fikrini daha yaxşı anlamağa kömək edən peşəkar məsləhətlər verdi.
Rusiyanın Dövlət Akademik “Böyük teatrı”nın solistləri - RF-nin Xalq artisti Mariya Allaş, Rusiyanın və Şimali Osetiyanın Əməkdar artisti Aleksandr Volçkovun xoreoqrafiya üzrə ustad dərsləri də az maraq doğurmadı.
Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin «Qu gölü» baletinin tamaşası oldu. Əsas rolları M.Allaş və V.Volçkovun ifa etdiyi tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri və orkestri (Xalq artisti C.Cəfərovun rəhbərliyi altında) çıxış etdi. Rusiya və Azərbaycanın yaradıcı qüvvələrinin bir tamaşada yer alması böyük uğurla gerçəkləşdi.
İştirakçıların beynəlxalq tərkibli olması ilə fərqlənən daha bir tamaşa isə C.Verdinin «Riqoletto» operası idi ki, o da sözügedən layihə çərçivəsində baş tutmuşdu. Əsas rollarda Moldovanın Əməkdar artisti Liliya Şolomey (koloratur soprano) və Ukraynadan Xmelnitsk kamera musiqisi milli müsabiqəsinin laureatı, vokalçıların Karlovı Varı beynəlxalq yarışmasının laureatı, Odessa Akademik Opera və Balet Teatrının solisti Vladislav Qoray (tenor) ifa edirdi. Tamaşada həmçinin Azərbaycanın Xalq artisti Əvəz Abdullayev (vokalçıların Bülbül adına III beynəlxalq müsabiqəsinin laureatı, bariton), Əli Əsgərov (vokalçıların Bülbül adına I beynəlxalq müsabiqəsinin laureatı, bas), Azərbaycanın Əməkdar artisti, vokalçıların İtaliyada keçirilən beynəlxalq müsabiqəsinin laureatı Əkrəm Poladov (bariton) və başqa azərbaycanlı artistlər, xor və simfonik orkestr çıxış etdi.
“Yeni səyyar sərgiçilik» Azərbaycanda» İncəsənət Akademiyası”nın geniş bədii əhatə dairəsindən danışarkən onun müasir cazın müxtəlif istiqamətlərinə (ənənəvi caz, caz-rok, caz-tanqo və cazla flamenkonu birləşdirən özünəməxsus üslub) diqqətini də qeyd etməliyik. Bakı Caz Mərkəzində keçirilən caz musiqisi axşamı “Akademiya”nın fəaliyyətində maraqlı bir səhifədir. Rusiyanın Xalq artisti, Qustav Maler adına Avropa mükafatının sahibi Daniil Kramerin (fortepiano), beynəlxalq caz festivallarının iştirakçısı Sergey Vasilyevin (kontrabas, Rusiya), “İndependent Music Award” beynəlxalq mükafatının ikiqat laureatı, ukraynalı gitaraçı Roman Miroşniçenkonun və Pavel Timofeyevin (zərb, Rusiya) çıxışı “Yeni səyyar sərgiçilik” İncəsənət Akademiyası”nın əsas və aparıcı prinsipi olan yaradıcılıq birliyinin əhəmiyyətini, uğurunu və bəhrəsini növbəti dəfə sübut etdi.
Raya Abbasova
Mədəniyyət.-
2013.- 29 mart.- S. 10.