Daşkənddə
soydaşlarımızın Novruz şənliyi
Martın 22-də ölkəmizin Özbəkistandakı
səfirliyinin nəzdində fəaliyyət göstərən
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
Novruz şənliyi keçirilib.
Səfirlik və Mədəniyyət
Mərkəzinin birgə təşkilatçılığı
ilə gerçəkləşən tədbirdə Özbəkistanda
fəaliyyət göstərən xarici ölkə
diplomatları, ziyalılar, Azərbaycan diasporunun nümayəndələri,
yerli əhali iştirak edib. Mədəniyyət Mərkəzinin
həyətində təşkil edilən şənlikdə
süfrələr Novruz şirniyyatları ilə bəzədilib.
Tədbirdə
çıxış edən Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Samir Abbasov bütün
iştirakçıları Şərq xalqlarının
gözəl bayramı - Novruz münasibətilə təbrik
edib. Novruzla bağlı Mədəniyyət Mərkəzi tərəfindən
keçirilən silsilə tədbirlər barədə məlumat
verən S.Abbasov bayram şənliyinin keçirilməsində
göstərdiyi dəstəyə görə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə
minnətdarlığını bildirib.
Ölkəmizin Özbəkistandakı
səfiri Hüseyn Quliyev iştirakçılara təbriklərini
çatdıraraq yüzilliklər boyu xalqımızın ən
əziz bayramlarından olmuş Novruzun Azərbaycan dövləti
tərəfindən daim yüksək səviyyədə qeyd
olunduğunu bildirib.
Azərbaycan diasporunun rəhbəri
Mobil Məmmədov da təbrik çıxışı edib.
Sonra tədbirin bədii hissəsi
başlanıb. Novruz şənliyində Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Daşkəndə
getmiş incəsənət ustaları Elnarə Abdullayeva,
Aşıq Əli, Valid Abdullayev və digər sənətçilər
çıxış ediblər. İfaçılar
çoxsaylı tamaşaçı kütləsinin
alqışları ilə qarşılanıb.
Mədəniyyət Mərkəzinin
zalında Özbəkistanda fəaliyyət göstərən
xarici ölkə səfirləri və mədəniyyət
müşavirlərinin iştirakı ilə Novruz ziyafəti
də təşkil olunub.
Tədbir “Uzbekistan TV"
kanalında, yerli mətbuatda işıqlandırılıb.
Mədəniyyət.-
2013.- 29 mart.- S. 9.