Ümumbəşəri bayram

 

   BMT və UNESCO-nun mənzil-qərargahında Novruz tədbirləri

  

   2010-cu ildə BMT Baş Məclisi tərəfindən beynəlxalq bayram statusu verilmiş Novruz bu il də təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında qeyd olunub.

  

   Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin İran, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndəlikləri ilə birgə təşkil etdiyi mərasimdə çıxış edən qurumun baş katibi Ban Ki Moon iştirakçılara təbriklərini çatdırıb, Novruz bayramının əhəmiyyətindən danışıb.

   Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxışında Novruzun mədəni irsin tərkib hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb. Səfir BMT tərəfindən 21 martın Beynəlxalq Novruz Günü kimi tanınmasının əhəmiyyətini nəzərə çatdıraraq bu gün bu bayramın dünyada 300 milyon insan tərəfindən təntənəli şəkildə qeyd edildiyini bildirib.

   Çıxışlardan sonra tədbir Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin xalq yaradıcılıq ustalarının iştirakı ilə davam edib. İştirakçılara Novruz şirniyyatları təqdim olunub.

  

   * * *

 

   “Novruz artıq ümumbəşəri bayrama çevrilib” - bu sözləri martın 20-də UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilmiş tədbirdə qurumun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandani deyib. Tədbir Azərbaycan, Əfqanıstan, İran, Türkiyə, Hindistan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəlikləri tərəfindən təşkil edilib.

   Qonaqları UNESCO-nun baş direktoru İrina Bokovanın adından salamlayan F.Bandani insanlar arasında ünsiyyət yaratmağa xidmət edən Novruzun beynəlxalq bayram olaraq bir sıra ölkələri birləşdirdiyini, 2009-cu ildə Novruzun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb.

   İranının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Məhəmməd Reza Məcidi tədbirdə təmsil olunan 11 ölkənin adından çıxış edərək Novruzun tarixi köklərindən, əsas mahiyyətindən bəhs edib, onun sülh və barışığa yönəldiyini, qarşılıqlı anlaşmanı təşviq etdiyini bildirib.

   Bayram şənliyinə toplaşan ölkələrin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın muğam üçlüyünün - gənc xanəndə Rövşən Məmmədov, Elçin Hacıyevin (tar) və Oqtay Şərifovun (kamança) çıxışları alqışlarla qarşılanıb.

   Tədbirdə hər bir ölkə öz mətbəxini nümayiş etdirib. Azərbaycan mətbəxinin zənginliyi, “Şah plov”, şəkərbura və paxlava qonaqlarda xüsusi maraq doğurub.

   Azərbaycan guşəsində “Mehriban Əliyevanın muğam layihəsi” kitabı, “Bakı” və “İrs” jurnalları, ölkəmizin turizm imkanlarından bəhs edən broşürlər təqdim olunub, ölkəmizdə Novruz şənlikləri ilə bağlı videoçarx da nümayiş etdirilib.

 

 

   Mədəniyyət.- 2013.- 29 mart.- S. 9.