Milli muğam sənətimizin
uğuru
Beynəlxalq müsabiqənin solo və instrumental
muğam ifaçılığı üzrə qalibləri
Azərbaycan təmsilçiləri oldu
Xəbər
verdiyimiz kimi, martın 9-dan 19-dək Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə ölkəmizdə “Muğam aləmi” III Beynəlxalq
Muğam Festivalı keçirilib.
Azərbaycanın artıq
üçüncü dəfə ev sahibliyi etdiyi festival
musiqimizin, muğam sənətimizin təntənəsi oldu.
Musiqi bayramı çərçivəsində gerçəkləşən
beynəlxalq müsabiqə də milli ifaçılıq sənətimizin
növbəti uğuru kimi yaddaşlara yazılıb. Azərbaycan
təmsilçiləri müsabiqənin hər iki - solo və
instrumental - muğam ifaçılığı üzrə
birinciliyi əldə ediblər.
Festivalın bağlanış mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev və Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə
musiqi bayramının əhəmiyyətini bir daha
vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
ideya müəllifi olduğu muğam layihələri Azərbaycan
musiqisinin inkişafına, dünyada təbliğinə,
muğam mədəniyyətimizə mütəxəssis
marağının artmasına səbəb olub.
Üçüncü festivala 24 ölkədən
iştirakçıların qatılması da bunun göstəricisidir.
Müsabiqənin münsiflər
heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının
rektoru, Xalq artisti Siyavuş Kərimi budəfəki muğam
yarışmasında 10 ölkənin təmsil olunduğunu
deyib. Diqqətə çatdırılıb ki, “Qran-pri”
mükafatına layiqli namizəd olmadığından birinci
yerə iki ifaçı təqdim edilib.
Solo muğam
ifaçılığı üzrə müsabiqədə
azərbaycanlı xanəndə Mirələm Mirələmov
və İranın “Nasim e tarab” qrupu birinci yeri, Ariz Hüseynov
ikinci yeri qazanıb, Türkiyənin “Səda” və Mərakeşin
“Əndəlus gəncləri” qrupları
üçüncü yeri bölüşüblər.
İnstrumental muğam
ifaçılığı üzrə birinci yerə Azərbaycandan
Bəhruz Zeynalov və Şəhriyar İmanov, ikinci yerə Pərviz
Quliyev, üçüncü yerlərə isə
Hindistanın “Raqa” qrupu və təmsilçimiz Şəhriyar
Musayev layiq görülüb.
Birinci yerin sahiblərinə 15 min,
ikinci yeri tutanlara 10 min, üçüncü yeri qazananlara isə
5 min avro pul mükafatı və bütün qaliblərə fəxri
fərman və festivalın emblemi təqdim edilib.
Müsabiqədə müxtəlif
nominasiyalar üzrə fərqlənmiş musiqiçilər
Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar
İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən
mükafatlandırılıblar.
Sonda qaliblərin iştirakı
ilə qala-konsert olub.
Mədəniyyət.-
2013.- 29 mart.- S. 8.