Ciddi yumor ustası
Əliağa Ağayev - 100
Azərbaycanda
realist və romantik aktyor məktəbinin banisi Cahangir Zeynalov
aktyorlara həmişə tövsiyə edərdi ki, “komediya ilə
zarafat etmək olmaz, o, çox ciddi bir janrdır”. Mahir komediya
ustası, teatr və kinoda bənzərsiz obrazlar
yaratmış Əliağa Ağayev də
gülüşün ciddiliyini əsərin məzmununda,
obrazın səmimiyyətində, xarakterin ciddiliyində
görürdü. Onun üçün səhnə həyatın
özü, rolları isə müasirləri idi.
Əliağa İsmayıl oğlu
Ağayev 1913-cü il martın 22-də
Bakıda anadan olub. İki yaşı olanda
anası dünyasını dəyişib. Atası isə 1918-ci ildə ermənilərin azərbaycanlılara
qarşı törətdikləri qətliamda
öldürülüb. Kiçik Əliağa
qardaşlarının himayəsində qalıb. Bu azmış kimi 1937-ci ilin ağrı-acısı
da onlardan yan keçmir. Böyük
qardaşı Mirzağa repressiya olunur, bəraət alandan
sonra azad edilir. Çətinlik, ehtiyac
içində yaşayan Əliağanın köməyinə
teatrın sehrli aləmi, mənəvi gözəlliyi
çatır.
Ən böyük tərbiyəçi
çətinlikdir, deyirlər. O,
sığındığı səhnəni evi,
yaratdığı rolları isə həmsöhbəti
bilirdi. Musiqiyə, ədəbiyyata marağı
onun sənətə erkən yaşlarından gəlməsinə
səbəb olub. 1930-cu ildə yeddinci sinfi bitirdikdən
sonra Paris kommunası adına gəmi təmiri
zavodu nəzdindəki məktəbdə oxuyub. İki il sonra gəmidə çilingər işləməyə
başlayıb, eyni zamanda zavodun dram dərnəyinə
yazılıb. İlk rolu M.F.Axundzadənin
“Hacı Qara” komediyasında Hacı Qara olub. 1936-cı ildə Gənc Tamaşaçılar
Teatrına yeni istedadlar cəlb olunanda Əliağa Ağayev də
həmin kollektivə daxil olub. Burada ilk dəfə
Jül Vernin “Kapitan Qrantın uşaqları” əsərinin
tamaşasında Dik rolunda səhnəyə
çıxıb. Bundan sonra teatrda koloritli
obrazlar qalereyası yaradıb.
Aktyor peşəkarlığının
başlıca cəhəti obrazı real, canlı
çatdırmaqdır. Əliağa
Ağayev rolları, sadəcə, oynamır, sözün əsl
mənasında, yaşayıb-yaradırdı. Onun içində böyük bir sənət
yanğısı vardı. Bəlkə
zamanında içdən gələn bir gülüşə
ehtiyacı olduğundandır ki, o, məntiqli qəhqəhənin,
məzmunlu yumorun dəyərini anlayır,
tamaşaçılara ürək dolusu sevinc bəxş
edirdi. Güclü yumor hissi olan aktyor
gülüşün insan çöhrəsinin
yaraşığı, ruhunun təmizliyi, mənəviyyatının
sağlamlığı olduğunu yaxşı bilirdi.
Duzlu-məzəli, cəlbedici
rolları ilə tamaşaçıları ovsunlayan aktyor qismətinə
düşən rollarının komik cəhətlərini dəqiq
sezər, xarakterlərini, psixologiyasını fərdi
yaradıcılıq üslubu ilə cilalayardı. İstər teatr, istərsə də kinoda onun hər
bir ifası tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanardı.
Onu Gənc
Tamaşaçılar Teatrının sütunu
adlandırardılar. Peşəkar
yaradıcılığı tamaşa salonunun izdihamlı
olmasına və tamaşaların anşlaqla keçməsinə
səbəb olardı. Aktyorun sənətdə
göstərdiyi xidmətlər yüksək qiymətləndirilir,
o, 1943-cü ildə respublikanın Əməkdar artisti,
1954-cü ildə Xalq artisti fəxri adlarına layiq
görülür. 1961-ci ildən
yaradıcılıq taleyini Akademik Milli Dram Teatrı ilə
bağlayır. Burada ilk rolu Şıxəli
Qurbanovun “Əcəb işə düşdük”
komediyasında Abış Surxayeviç olur. Səhnədə rəngarəng rollar yaradan Əliağa
müəllim teatrla yanaşı, televiziya tamaşalarına
da geniş tamaşaçı auditoriyası
qazandırardı. Onun “Komediyalar aləminə səyahət”
verilişində böyük şövqlə
yaratdığı Molla Cəbi, “Evləri köndələn
yar”da dayı, “Mənziliniz mübarək”də Ağadayı
və başqa televiziya tamaşalarındakı maraqlı
rolları xarakterik və yaddaqalandır.
Sevimli aktyorun bənzərsiz
yaradıcılığı milli kinomuza da uğur gətirdi.
Əliağa Ağayev “Azərbaycanfilm”
kinostudiyasında istehsal edilən 17 bədii filmdə, 7
“Mozalan” satirik kinojurnalında çəkilib. Kinoda rejissor Tofiq Tağızadənin çəkdiyi
“Görüş” filmində Şixəli obrazı ilə
debüt edir. Bu rolun uğurundan sonra
kinorejissor Hüseyn Seyidzadə dahi bəstəkar Üzeyir
Hacıbəylinin eyniadlı əsəri əsasında
1956-cı ildə çəkdiyi “O olmasın, bu olsun” filmində
Əliağa Ağayevə Məşədi İbad rolunu həvalə
edir. Film tamaşaçılar tərəfindən
böyük rəğbətlə qarşılanır, 50-dən
artıq xarici ölkədə uğurla nümayiş
etdirilir. Mətbuatda isə film haqqında
tənqidi məqalələr dərc edilir. Filmdəki hamam səhnəsi, müğənni Mirzə
Babayevin səsinin Məşədi İbadın səsinə
uyğun olmaması filmin qüsuru kimi göstərilir. Lakin filmlərin uğurunu tənqidi məqalələr,
festivallar yox, təbii ki, illər və tamaşaçı rəğbəti
təsdiqləyir. “O olmasın, bu olsun” filmi də 57 il bundan əvvəl çəkilməsinə
baxmayaraq, cəhaləti, savadsızlığı tənqid,
müasirliyi, tərəqqipərvərliyi təbliğ etdiyinə
görə bu gün də maraqla baxılır, sevilir.
Məşədi
İbad rolu Əliağa Ağayevin kino
yaradıcılığının zirvəsi hesab edilir.
Obraz formaca sadə görünsə də,
xarakter baxımından mürəkkəb və qəlizdir.
Personajların qəliz cəhətlərini təbii
ki, aktyorların mimika cizgiləri bəyan edir. Əliağa Ağayevin xarakterik siması, maraqlı
jestləri Məşədi İbadı, onun müasirlərini,
hətta XX əsrin 40-50-ci illərinə qədər
mövhumata meylli insanların mənfi cəhətlərini
gülüş hədəfinə çevirdi. Aktyorun sayəsində həyatda
rastlaşdığımız, tanıdığımız, əməl
və danışığında həyat həqiqətlərinə
uyğunluq gördüyümüz mövhumata meylli insanlar qəhqəhəmizə
tuş olub, içdən gələn
gülüşümüzə səbəb oldular. Unudulmaz ifaçılıq məntiqli komediya yaratdı.
Mütərəqqi ideyalara əngəl olan
köhnə fikirlər aktyor yaradıcılığında
satirik boyalarla komediyaya çevrildi. Nəticədə
sadə görünən satirik münasibətlərin alt
qatında cəhalətin qaranlıq üzü
aydınlığa çıxır. Filmin
ekran taleyini uzadan, ssenarinin dramaturji qanunauyğunluğunu təmin
və təsdiq edən peşəkar aktyor ifası,
sözün əsl mənasında, əsərə və filmə
uğur qazandırır. Əliağa
Ağayev hadisələrin mahiyyətini kinoya
köçürən, filmlərdə həyatın
inikasını yaradan sənətkar idi.
İstedadı ilə filmlərə
uğur gətirən sənətkar “Koroğlu” filmində dəmirçi,
“Bizim Cəbiş müəllim”də Əbülfəz,
“Sehrli xalat”da Xan, “Əhməd haradadır”da kassir, “Qanun naminə”də
Məmmədxan və başqa maraqlı rolları ilə fərqli
mizanlı aktyor olduğunu sübut etdi.
Dərin
müşahidə qabiliyyətinə malik olan, qismətinə
çox vaxt komik rollar düşən aktyor
yaradıcılığında əsasən “komediya
çıxartmaq” məqsədi güdmür, personajların
gülüş doğuran cəhətlərini qabarıq
göstərirdi. Ustad sənətkar
heç bir oyununda əyləncə, bayağı
gülüşə yol verməmiş, şitliyi, ideyasızlığı
ifasından kənarda saxlamışdır. “Sehrli xalat” macəra filmində Xanın təhlükəli
xüsusiyyətlərini, anormal düşüncə tərzini
dəqiq göstərməsi, onu gülüş hədəfinə
çevirməsi əsərin məzmunundan (ssenari müəllifi
A.Tarasov) əlavə aktyorun fərdi istəyindən irəli
gəlir. Əliağa müəllimin rəngarəng
ifası həm də filmin dramaturji yükünü
yumşaldır, orta əsrlərdəki cəhalət kabusunu,
taxt-tacını min cür fitnə-fəsadla qoruyan xanın qəddarlığını
uşaqlara müasir nağıl dili ilə
çatdırır. Bu da rejissor və
müəllif ideyasının aktyor ifasında təsdiqlənməsi
deməkdir. Bu mənada onun iştirak etdiyi
bütün filmlər ekran təhkiyəsini qoruyan əsl həyat
inikasıdır.
Görkəmli
rejissor Muxtar Dadaşovun 1968-ci ildə çəkdiyi “Qanun
naminə” filmində Əliağa müəllimə həvalə
etdiyi Məmmədxan rolunu xatırlayaq. Məmmədxan
mənəviyyatını şəxsi istəklərinə
qurban verən bir insandır. Eyni zamanda o,
yaltaq və qorxaqdır. Aktyorun məzmunlu
ifası məhz qorxaqlığın cinayətin banisi
olduğunu təsdiqləyir.
Əliağa
Ağayev “Mozalan” satirik kinojurnalında da dövrün mənfi
xarakterli antipodlarını, tipajlarını
canlandırıb, 10-a yaxın filmi ifadəli səs tembri ilə
obrazlı səsləndirib. “Arşın
mal alan”da Soltan bəy, “Dərviş Parisi partladır”da Hatəmxan
ağa, “Şərikli çörək”də fokusçu və
başqa personajların yumor hissini, hadisələrə ironik
baxışını Əliağa Ağayevin obrazlı səsi
ilə hiss edirik.
Sənətkarın
həyat yoldaşı Cəvahir İsgəndərova da Gənc
Tamaşaçılar Teatrında uzun illər onunla bir səhnəni
bölüşüb. Qızı Gülçin
xanım atasını belə xatırlayır: “Atam mehriban
insan idi. Baxmayaraq ki, o, çox işləyirdi,
bununla belə mənim və qardaşımın tərbiyəsi
ilə də məşğul olmağa vaxt tapar, bizi
özü ilə tamaşalara aparardı. Tamaşadan
sonra hamının atam haqqında söylədiyi xoş
sözləri bu gün də xatırlayıram. İnsanlar onu çox sevərdilər. Atam bacardığı qədər ona müraciət
edən insanlara kömək edərdi. Milli
Dram Teatrında atamın 70 illik yubileyini keçirməyə
hazırlaşırdılar. Həmkarları
ilə birlikdə bir restoranda bu tədbiri müzakirə etməyə
yığışmışdılar. Atam
yaxşı lətifələr danışardı. Bu dəfə də dostları ondan lətifə
danışmağı xahiş ediblər. İkinci lətifəni danışandan sonra da onu
alqışlayıb, gülüşüblər. Atama baxdıqda isə dünyasını dəyişdiyini
görüblər. O, son dəqiqəsində də həyatla
gülərək vidalaşıb”.
Əliağa Ağayev 1983-cü il noyabrın 3-də dünyadan
köçdü. Neqativ hadisələrə
olan dəqiq münasibətini ironik başıxında, ciddi
yumorunda göstərdi. Mübaliğəli,
məzmunlu komediyanı məsləyinin qayəsinə, minlərlə
tamaşaçı sevgisini isə həyatının mənasına
çevirdi. Buna görə də yoxluğunda
belə sevilir, xatırlanır.
Şəhla
Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.-
2013.- 29 mart.- S. 7.