Səs
xəzinəmizin nadir səsi
Martın 30-u şaqraq səsi, təkrarsız ifası,
yüksək səhnə mədəniyyəti ilə milli xanəndəlik
məktəbinin layiqli davamçılarından olmuş Xalq
artisti Səfa Qəhrəmanovun doğum günüdür. Yaşasaydı,
bu bahar 64 yaşı tamam olacaqdı. Nə yazıq ki, o, cəmi
59 bahar yaşadı...
Baharda dünyaya gəldiyindən
ömrü bahara bənzəyirdi: rəngli, işıqlı,
mənalı, qısa və unudulmaz. Eynən bahar kimi...
Çünki Allah sevimli bəndəsindən heç nəyi
əsirgəməmişdi, üstəlik, ürəkləri
yerindən oynadan qeyri-adi səs vermişdi. Vaxt gələcəkdi
ki, bu səs böyük səhnələrin sərhədlərini
aşıb musiqi xəzinəmizin nadir səslərindən
birinə çevriləcəkdi...
Səfa Qəhrəmanov 1949-cu il
martın 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində
dünyaya gəlmişdi. Uşaqlıqdan musiqiyə olan sonsuz
marağı illər sonra da ötüb-keçməmiş,
Tibb Texnikumunda təhsil alarkən respublika üzrə
keçirilən musiqi müsabiqələrində, festivallarda
iştirak etmişdi.
...1970-ci ilin payızı isə
onun həyatını dəyişir və gələcək sənət
yolunu müəyyən edir. Yaşıl Teatrda keçirilən
“Qızıl payız” muğam festivalı gənc xanəndəyə
uğur gətirir. Münsiflər heyətində əyləşmiş
Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib
Şükürov, İslam Rzayev, Adil Gəray gənc Səfanın
ifasında “Mənsuriyyə” ritmik muğamına heyranlıqla
qulaq asırlar. O, müsabiqə qalibi kimi Filarmoniyada
keçiriləcək yekun konsertə vəsiqə alır.
Televiziya ilə canlı
yayımlanan konsert gəncin həyatında dönüş
nöqtəsi olur. Əhməd Bakıxanov Səfa Qəhrəmanovu
öz ansamblına dəvət edir. Dövrün populyar
ansamblı olan bu kollektiv peşəkar musiqiçi tərkibinə,
ritm və ahənginə görə bir vəhdət təşkil
edirdi. Əhməd Bakıxanov gənc xanəndənin
ifasında “Çahargah” muğamına qulaq asandan sonra -
“Oğul, səndən feldşer olmaz. Allah səni bu sənət
üçün yaradıb, sənin səsin daha çox
operaya uyğundur”, - deyir.
Səfa hərbi xidmətdən
sonra 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə
daxil olur. Əməkdar müəllim, ustad xanəndə Nəriman
Əliyevin muğam sinfində oxuyur. 1975-ci ildə ilk dəfə
olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun
rəhbərlik etdiyi xalq çalğı alətləri
ansamblı ilə televiziyada “Mirzə Hüseyn segahı”nı
ifa edir. Filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli
gəncin çıxışını bəyənir və
onu filarmoniyanın səhnəsində Xalq artisti Hacı Məmmədovun
ansamblı ilə çıxış etməyə dəvət
edir.
Opera səhnəsinin yeni Məcnunu
Vaxt gəlir ki, Əhməd
Bakıxanovun sözləri yerini alır. Səfa Qəhrəmanov
1990-cı ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun mədəni-maarif fakültəsini bitirir.
1992-ci ildən Dövlət Akademik Opera və Balet
Teatrının muğam bölməsinin solisti kimi fəaliyyətə
başlayır. İlk dəfə Qəndab Quliyeva ilə
“Leyli və Məcnun” operasında çıxış edir.
Opera və Balet Teatrındakı on
altı illik fəaliyyəti ərzində Ü.Hacıbəylinin
“Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun
atası, M.Maqomayevin “Şah İsmayıl” operasında Şah
İsmayıl, V.Adıgözəlovun “Natəvan” operasında
xanəndə, Niyazinin “Rast” simfonik muğamı əsasında
hazırlanan baletdə xanəndə və neçə-neçə
obrazlar yaradır.
Xatirələrdən yarpaqlar
Xalq artisti Canəli Əkbərov Səfa
Qəhrəmanovla bağlı xatirələrini bizimlə
bölüşür:
- Mən Səfanı gənc
yaşlarından tanıyıram. Onun arzusu idi ki,
Opera və Balet Teatrında işləsin. Belə də
oldu. Direktor Akif Məlikov
onu teatra dəvət etdi. Səfa saf, düzgün, nikbin əhval-ruhiyyəli bir adam idi.
Mənə çox inanırdı.
Opera və Balet Teatrına gələndən
sonra dedi ki, mən istəyirəm,
sənin köməkliyinlə
burda çox işlər görüm. Səfanı
“Leyli və Məcnun”da İbn Səlam, Məcnun və Məcnunun atası rollarına hazırladıq. Elə olurdu
ki, Səfa ailəsi ilə bizə gəlirdi, mən tar çalırdım,
birlikdə məşq
edirdik. Səfa üç obrazın
üçünü də
özünəməxsusluqla oynadı. Sonra Səfa “Şah
İsmayıl”da Şah
İsmayılı oynadı
və yenə də özünəməxsusluğu
ilə yadda qaldı.
Zəhməti sevən, səmimi, iş üçün, sənət üçün
can yandıran adam idi. Onun ürəyi musiqi ilə döyünürdü.
Bu gün həyatda
olmasa da, onun səsi səs xəzinəmizdə,
yaddaşlarda yaşayır.
Allah rəhmət eləsin.
Əməkdar
artist Sahibə Abbasova
Səfa Qəhrəmanovu
mərd bir insan kimi xatırlayır:
- Səfa istedadlı xanəndə olmaqla yanaşı, mərd insan, səmimi dost idi. Oynadığı obrazları da
can-dildən oynayardı.
Məcnunun atası obrazını
elə oynayırdı
ki, tamaşaçılar
onu obraz kimi yox, həqiqətən
də Məcnunun atası kimi qəbul edirdilər.
Onunla Şəfiqə Axundovanın
“Gəlin qayası”nda
tərəf-müqabil olmuşuq.
Şaqraq səsə malik
bir xanəndə idi. Səfa həm də gözəl dost idi. Dəfələrlə Türkiyədə qastrol səfərlərində
olmuşuq, onu heç vaxt unutmaram. Allah qəni-qəni rəhmət
eləsin.
* * *
2000-ci ildə Əməkdar artist, 2006-cı ildə
Xalq artisti fəxri adlarına layiq görülən Səfa Qəhrəmanov baharda dünyaya gəldiyi kimi, elə baharda da - 2008-ci il
mayın 5-də dünyasını
dəyişdi. Dəyişməyən
isə Səfa Qəhrəmanovun sənət
aləmindəki yeri, səsi və izidir...
Təranə Vahid
Mədəniyyət.-
2013.- 29 mart.- S. 6.