Müharibədən
sonrakı savaş
Gənc Tamaşaçılar
Teatrında yeni tamaşa
hazırlanır - “Müharibə”. Səhnə əsəri 16
yaşdan yuxarı olan
izləyicilər üçün nəzərdə
tutulub. İsveç dramaturqu Lars Noren “Müharibə” pyesi
ilə ailənin mətbəxinə nəzər salır. Tamaşada sənin, mənim, isveçlinin,
azərbaycanlının, hər bir kəsin
düşə biləcəyi durum və
ailəsi yer alır...
Dağılmış ailənin üzvləri danışacaqlar, hadisələri bütün çılpaqlığı ilə göstərəcəklər. Hər kəsin öz mənafeyi uğrunda mübarizə apardığı ailəni, onların talelərini görəcəyik. Vulqar sözlər eşidəcəksiniz. Söyüləcəksiniz, mənən döyüləcəksiniz, şillələnib oyadılacaqsınız. Özünüzü fikirləşib yuxuya dalacaqsınız. Mənəvi mübarizədən daha çox vəziyyətdən çıxış yolu axtaracaqsınız...
Hazırda məşqləri gedən tamaşa aprel ayında təhvil veriləcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Məşq prosesi...
Rejissor: Bu hissə təqdimatdır, Kəmalə (ana) göründü, Nigar (böyük qız) göründü, Roza (kiçik qız) göründü. İndi tamaşaçı gözləyir ki, o biri qəhrəmanlar kimdir. Buyur Roza...
Aktrisa Roza İbadova öz hissəsini oynamağa başlayır. Ana otağa daxil olub yatmış qızlarını oyadır. Su dalınca gedin deyir. Vurhavur düşür. Heç biri su gətirmək istəmir. İlk konflikt başlayır. Ananın qızlarına və qızların anaya münasibəti məlum olur. Qızların kimliyinin ilkin elementləri aydınlaşır. Tamaşaçı qəhrəmanları tanıyır.
Aktrisa (kiçik qız): Mən əminəm ki, o qayıdacaq. Necə getmişdisə, elə cavan!
Aktrisa (ana): Kim bilir...
Müharibə yenicə bitib... Ata müharibədən qayıtmayıb. Onun gəlməyini arzulayan varmı? Müharibə illərində nələr dəyişib?
Məşq davam
edir...
Rejissor: Sən böyüyəndə insanlıqdan intiqam alacaqsan, insanlardan yox. Anladın, Roza? Kəmalə, əvvəldən axıra kimi eyni hisslə oynamaq olmaz. Sən Qurban (ata) gəlməmişdən zahirən oynayırsan. Sənin həyatında Rasim var. Öz həyatını yaşamaqda sənə qızların mane ola bilməz. Əgər belə nifrət edirsənsə, qızlarını at, çıx get də. Nədir sənə mane olan? Bu yaşadığımız həyatdır. Hər bir ana bilir ki, balaları onun yanında olmalıdır. Sən Rasimlə yaşayırsan. Ancaq təhtəlşüur olaraq bilirsən ki, Rasim Qurbanın qardaşıdır və onlar ikisi də bir-birinin tayıdır. Bunu oynama! Öz həyatını yaşa! Niyə əziyyət çəkirsən? Çıxılmaz vəziyyətdən çıxış yolu axtar. Emosiyaya qapılıb oynayırsınız. Qurban, sən müharibədən qayıtmısan, özü də kor. Evdə baş verənlərdən xəbərsizsən, lakin nəyinsə düz getmədiyini hiss edirsən. Sən daim axtarırsan. Qadınını axtarırsan...
Ata: Sən sevinmirsən ki, mən sağ-salamat gəlmişəm?
Ana: Sən kor olmusan?
Rejissor: Bizim düşdüyümüz hadisə faciə deyil. Adi həyat hadisəsidir. Müharibə bitib, faciədən çıxmışıq. Ərin qayıtması faciə deyil, ekstremal vəziyyətdir. Siz müharibənin çətinliyindən çıxdınız. Haradansa musiqi səsləri eşidilir, yaxşı xəbərlər gəlir. Müəllif demir ki, müharibədən sonra siz nə işlə məşğul olun. O, vəziyyəti təsvir edir. Biz də vəziyyəti oynayırıq.
Ata
müharibədən kor qayıdır. Ana müharibə illərində ərinin cavan qardaşı ilə yaşayıb. Böyük qız fahişədir.
Qardaşların bir-birinə olan
münasibəti də ürəkaçan deyil.
Ata aldadılır ki,
qardaşı itkin düşüb.
Onsuz kordur. Heç nəyi görmür.
Amma o hiss edir.
Evdə başqa adamın olduğunu hiss edir. Əsərin qəhrəmanları bir-birini aldadırlar.
Özlərini də aldadırlar.
Hər kəs çıxılmaz
vəziyyətdədir. Bu çıxılmaz vəziyyət daxilidir, mənəvi deqradasiyanın
hökm sürdüyü
durumdur. Müharibə insanları murdarlayıb.
Ləkələyib. Hər kəsin həyatını
dəyişib. Doğmalar arasında
mənəvi bağlar
məhv olub. İnsanlıq ölüb.
Qardaş: İstəyirsən ki, mən çıxıb gedim?
Ana: Yox getmə.
Qardaş: Bəlkə belə daha yaxşı olar... hamı üçün.
Ana: Məni atıb getmə.
Qardaş: Mən Almaniyaya gedə bilərəm. Orda iş var. Qazana bilərəm... Yenidən gözəl bir həyata başlamaq... Bütün bu murdarçılıqları,
zir-zibilləri unutmaq.
Mən həyata yenidən başlamaqdan qorxmuram.
Onsuz da burada qəbirlərdən
savayı heç nə qalmayıb...
Hər kəs narazıdır.
Həyatından, düşdüyü durumdan. Bu hadisələrin
günahkarı kimdir?
İnsanların illərlə qurduğu
hər şeyi dağıdan müharibə?
Çətin vəziyyətdə ətrafını da, özünü də məhvə aparan insanlıqmı? Divara sıxılanda
bütün pisliklərini
ortaya qoyan insan təbiətimi?
Murdarlıqları edə-edə daha
da murdarlaşan insanmı?
Ata: Əgər
sənin zərrə qədər namusun olsaydı, özünü
öldürərdin. Mən gələnə
qədər. İndi
mən bu rüsvayçılığın əzabını çəkməzdim!
Bəs mənim qızlarım?
Ana: Biz onlara qarşı mübarizə
apara bilmədik. Onlar çox idilər...
Ata: Kim idi onlar?..
Zorlanan qadınlar, ac qalan
insanlar, itkin düşənlər, doğmasını
itirənlər toplumunda
daha sonra nələr baş verəcək? Məhvə məhkumlar
necə xilas olacaqlar?
Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə
Muradovadır. Rollarda
əməkdar artistlər
Qurban İsmayılov
(ata), Kəmalə Hüseynova (ana), aktyorlar Rasim Cəfər (qardaş), Nigar Məmmədova (böyük qız), Roza İbadova (kiçik qız) oynayırlar.
Reyhan İsayeva
Mədəniyyət.-
2013.- 29 mart.- S. 6.