Moskvada «MİTT-2013» beynəlxalq turizm sərgisi
Sərgidə Azərbaycanın
turizm imkanları nümayiş olunub
Xəbər
verdiyimiz kimi, martın 15-də Moskvada MDB ölkələri
Turizm üzrə Şurasının növbəti iclası,
ayın 16-dan 19-dək isə bu tədbir çərçivəsində
«İntourmarket» beynəlxalq turizm sərgisi keçirilib.
Bundan əlavə, martın 20-23-də Rusiya paytaxtında
«MİTT-2013» beynəlxalq turizm sərgisi və
iştirakçı ölkələrin turizm nazirlərinin
toplantısı baş tutub.
Tədbirlərdə mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi
ilə Azərbaycan nümayəndə heyəti də
iştirak edib. Heyətə Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf
Paşayev və Bakı Turizm İnformasiya Mərkəzinin
direktoru Zakir Əliyev daxil idi.
Turizm üzrə Şuranın
iclasında «2020-ci ilə qədər turizm sahəsində MDB
məkanında inteqrasiya proseslərinin inkişaf
strategiyası» layihəsi müzakirə olunub, habelə
2014-cü ilin MDB-də “Turizm ili” elan edilməsi ilə
bağlı layihə dəqiqləşdirilib.
Tədbir çərçivəsində nazir müavini Nazim Səmədovun müxtəlif görüşləri olub. Rusiya Federasiyası mədəniyyət nazirinin müavini Alla Manilova ilə görüşdə bu il iyunun əvvəlində Bakıda Azərbaycan-Rusiya Turizm Forumu, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın davamlı inkişafının təmin edilməsi məqsədilə hazırlanan sazişlə bağlı təfərrüatlar müzakirə edilib.
Martın 20-də işə başlayan «MİTT-2013» beynəlxalq turizm sərgisi çərçivəsində ilk dəfə olaraq turizm nazirlərinin toplantısı gerçəkləşib. Toplantıya bir çox xarici ölkələrin turizm nazirləri qatılıb. Qonaqlar əvvəlcə «MİTT-2013»ün yubiley, 20-ci sərgisinin açılışında iştirak ediblər.
Sonra öz işinə başlayan sammitdə beynəlxalq turizmin müxtəlif problemləri müzakirə mövzusu olub. Turist daşımaları həcminin genişlənməsi və infrastrukturun inkişafı üçün zəmin, mədəni və milli xüsusiyyətlərin təbliği ilə səyahətə marağın artırılması, macəra turizminin inkişafı və ayrı-ayrı ərazilərin marketinqi, informasiya texnologiyalarının turizm sektorunda tətbiqi, turistlərin təhlükəsizliyinin təmin edilməsi və s. məsələlər nəzərdən keçirilib.
Qeyd
edək ki, Azərbaycanın turizm imkanları, hər il
olduğu kimi, bu il də MİTT sərgisində
nümayiş olunub. Sərgidə
ölkəmizin 78 kvadratmetrlik stendi qurulub. Mədəniyyət və Turizm Nazirliyi Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi
Leyla Verdiyeva və Tədqiqat
işləri, statistika və
lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Seymur Həsənov ziyarətçilərə
Azərbaycan turizmi haqqında məlumat
veriblər. Ölkəmizin aparıcı turizm şirkətləri və hotellərindən
«SW travel», «Millennium Tourism and Congress», «Spektr
travel», «İmprotex travel», «Regea
travel», «Turizm.az», «Billur tour», «RX travel»,
«Geo travel», «Gilan turizm»,
«Volcano travel», «Paşa travel», «Divan Express
hotel», «Çinar Hotel & SPA Naftalan» və «Jumeirah Bilgah Beach hotel» də sərgidə təmsil olunub.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 29 mart.- S. 5.