Qan yaddaşımızın silinməz səhifəsi
İstiqlal Muzeyində 1918-ci il
mart soyqırımı qurbanlarının
xatirəsi anıldı
Tariximizin acılarla dolu olan,
qan yaddaşımızda silinməz izlər
qoymuş səhifələrindən biri də 1918-ci ilin
martında Bakıda, digər bölgələrdə erməni
quldur dəstələrinin azərbaycanlılara
qarşı həyata keçirdiyi
amansız qırğınlardır.
1918-ci il martın 30-31-də Bakıda minlərlə soydaşımız qətlə yetirilmişdi. Kütləvi qırğınlar Şuşa, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə də davam etmişdi. Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Martın 28-də Azərbaycan İstiqlal Muzeyində keçirilən anım tədbiri də bu tarixə həsr olunmuşdu. Mərasimdə əvvəlcə 1918-ci ilin mart soyqırımından bəhs edən sənədli film nümayiş olundu.
Muzeyin elmi katibi Nigar Qazızadə çıxışında ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının tarixi əhəmiyyətindən danışdı. Qeyd olundu ki, bu sənəddə 1918-ci ilin martında, habelə ondan əvvəl və sonra ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı və qırğınlara tarixi-siyasi qiymət verilib.
Tədbirdə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi mövzu ilə bağlı iştirakçılara geniş məlumat verdi. 6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrin müəllifi olan alim azərbaycanlıların soyqırımına həsr olunmuş dəyərli tədqiqatlar ərsəyə gətirib. Böyük əhəmiyyət daşıyan bu kitablar erməni millətçiləri tərəfindən yürüdülən siyasətin ifşası, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbədir.
Professor Solmaz Rüstəmova-Tohidi soyqırımı tarixindən danışaraq bildirdi ki, 1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksütyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələrinin bolşeviklərin dəstəyi ilə Bakıda, Şamaxıda, Qubada, ölkəmizin digər şəhər və rayonlarında törətdikləri qanlı hadisələrdə minlərlə insan qətlə yetirilib. Ermənilərin hələ 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiklərini qeyd edərək, onların “Böyük Ermənistan” yaratmaq xülyası ilə bu işğalçılıq siyasəti zaman-zaman davam etdirdiklərini diqqətə çatdırdı.
Sonra soyqırımı hadisələrini əks etdirən fotoşəkillər və sənədlər nümayiş etdirildi.
Ceyhun
Mədəniyyət.-
2013.- 29 mart.- S. 3.